RU

Tramp Tehranda rejim yıxır, Budapeştdə isə...

Macarıstanda qarşıdan gələn parlament seçkiləri fonunda Viktor Orbanın mövqeyi zəifləyir və ABŞ prezidenti Donald Trampın tərəfdarları onu dəstəkləmək üçün fəallaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın xəbərinə görə, Macarıstanın baş naziri Viktor Orban 16 illik hakimiyyəti dövründə ən çətin seçki kampaniyalarından biri ilə üz-üzə qalıb. Sorğular göstərir ki, o, hazırda keçmiş müttəfiqi, indi isə əsas rəqibi olan Peter Maqyardan geri qalır.

Maqyar seçicilərin yüksək inflyasiya, iqtisadi çətinliklər və son siyasi qalmaqallardan narazılığından istifadə edərək sürətlə populyarlıq qazanıb. Bu vəziyyət Orbanın uzun illər davam edən siyasi üstünlüyünü sual altına salıb.

Nəşr yazır ki, Trampın administrasiyası və MAGA (“Make America Great Again”) hərəkatının tanınmış simaları Orbanı Avropadakı ən etibarlı ideoloji müttəfiqlərindən biri hesab edir və onun mövqeyini gücləndirmək üçün müxtəlif addımlar atırlar.

ABŞ dövlət katibi Marko Rubionun Budapeştə səfəri də bu dəstəyin göstəricisi kimi qiymətləndirilir. O, ABŞ-Macarıstan münasibətlərinin “qızıl dövrə” qədəm qoyduğunu bildirib və lazım olarsa Vaşinqtonun Budapeştə maliyyə dəstəyi göstərə biləcəyini vurğulayıb.

Politico yazır ki, MAGA hərəkatı üçün Orban sadəcə tərəfdaş deyil, həm də ideoloji model sayılır. Onun miqrasiya siyasəti, Brüsselə qarşı sərt mövqeyi və Ukrayna məsələsinə skeptik yanaşması ABŞ-dakı bəzi mühafizəkar dairələr tərəfindən nümunə kimi təqdim olunur.

Bununla belə, sorğular Orbanın partiyası Fidesz-in əsas rəqibi olan Tisza Partiyasından geri qaldığını göstərir. Politico-nun “Poll of Polls” göstəricilərinə görə, Maqyarın rəhbərlik etdiyi partiya hazırda təxminən 9 faiz üstünlüyə malikdir.

Analitiklər qeyd edirlər ki, Trampın və MAGA hərəkatının açıq dəstəyi Orbanın tərəfdarlarını səfərbər edə bilər. Lakin bunun seçkilərin yekun nəticəsinə nə dərəcədə təsir edəcəyi hələlik açıq sual olaraq qalır.

Musavat.com

Избранный
70
musavat.com

1Источники