"İran müharibə ərzində əvvəldən bildirdiyi kimi, öz müdafiəsi üçün ABŞ-nin Yaxın Şərqdə olan hərbi bazalarına zərbələr endirib və həmin zərbələrdən müəyyən hissələr mülki əhalinin olduğu yerlərə düşüb. Bu da təbii ki, həmin ölkələrin narazılığına səbəb olub, onların bəziləri, o cümlədən də Birləşmiş Ərəb Əmirliyi özünün müdafiə olunması hüququndan istifadə edəcəklərini və İrana qarşı müharibə başlayacaqlarını bildirdilər, ancaq hələlik bunu etmirlər".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ-İsrail-İran müharibəsinin gedişatında hansı ölkələrin müharibəyə qoşula biləcəkləri ehtimalından danışarkən bildirdi.
.jpeg)
"İran-ABŞ-İsrail müharibəsinin qızğın dövründə İrana qarşı quru əməliyyatın başlaması üçün Amerika İraqdakı kürd yaraqlılarından istifadə etmək istəyir və müharibənin arealını genişləndirmək istəyir, İrandakı fars molla rejimini dəyişmək üçün quru əməliyyatların olmasının da vacibliyini vurğulayır. Ancaq hesab edirəm ki, hələlik İraq Kürdüstanında olan yaraqlıların İrana hücum etməsi real görünmür. İraqın rəhbərliyi ilə danışıqlar aparılıb və onlar ABŞ-İsrail-İran müharibəsinə qoşulmayacaqlarını və İranın suverenliyini dəstəklədiklərini bildiriblər", - deyə o qeyd etdi.
Siyasi şərhçinin sözlərinə görə, müharibə zamanı İran ən çox Qətər, İordaniya və Kiprdəki NATO-nun bazasına zərbələr endirib:
"Buna görə də NATO-nun baş katibi Mark Rütte də bildirib ki, biz bizim əraziyə olan hücuma qarşı kəskin cavab verəcəyik. Ancaq hələlik NATO İrana qarşı müharibəyə başlayırıq deyə belə bir xəbər yaymayıb. Müharibə davam etdikcə areal genişlənir. Hələlik İrana qarşı digər ölkələrin hücumu, müharibəyə başlaması konkret olmasa da, əgər vəziyyət bu cür davam etsə, yaxın zamanlarda hesab edirəm ki, Qətər, Birləşmiş Ərəb Əmirliyi, əgər olarsa İordaniya da İrana qarşı müharibəyə qoşula bilərlər".
Aytəkin TOFİQQIZI