Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.
Danışıq zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarına martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Nazir Ervin İbrahimoviç İranın ölkəmizə qarşı etdiyi dron hücumlarını qətiyyətlə pisləyib, narahatlıq doğurduğunu bildirərək, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını və ölkəmizlə həmrəy olduğunu qeyd edib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.