Bakı, 6 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin bank və maliyyə sektoru yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirməyə davam edir. Banklar, maliyyə institutları və sığorta şirkətləri ölkə üzrə normal fəaliyyət göstərir və müştərilərə xidmətlərini fasiləsiz şəkildə təqdim edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ Mərkəzi Bankının idarəçisi Xalid Məhəmməd Balama mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, 53 ildən artıq fəaliyyət göstərən BƏƏ Mərkəzi Bankı ölkənin maliyyə və bank sisteminin dayanıqlılığının qorunmasında mühüm rol oynayıb. Regionda müxtəlif geosiyasi proseslər baş verməsinə baxmayaraq, ölkənin maliyyə sektoru çevik uyğunlaşma qabiliyyəti və davamlı inkişaf sayəsində sabitliyini qoruyub saxlayıb.
Bildirilib ki, hazırda BƏƏ bank sektorunda kapital adekvatlığı göstəricisi 17 faiz, likvidlik əhatə əmsalı isə 146,6 faizdən çoxdur. Bu göstəricilər beynəlxalq maliyyə qurumlarının tövsiyə etdiyi minimum səviyyələrdən xeyli yüksəkdir.
Qeyd olunub ki, ölkənin bank və maliyyə sektorunun ümumi aktivləri 5,42 trilyon BƏƏ dirhəmindən artıqdır. Bu isə maliyyə institutlarının gücünü və müxtəlif iqtisadi şəraitdə öhdəliklərini yerinə yetirmək imkanlarını göstərir.
Mərkəzi Bankın rəhbəri vurğulayıb ki, BƏƏ-də bank və ödəniş sistemləri, eləcə də milli maliyyə infrastrukturu tam sabitlik və səmərəliliklə fəaliyyət göstərir. Maliyyə institutları risklərin idarə olunması və fəaliyyətin davamlılığı üzrə qabaqcıl beynəlxalq standartlara uyğun mexanizmlər tətbiq edirlər.
Xalid Məhəmməd Balama əlavə edib ki, Mərkəzi Bank maliyyə sabitliyi və likvidlik göstəricilərini daim izləyir, mütəmadi qiymətləndirmələr və stres-testlər keçirir. Qurum regionda baş verən prosesləri diqqətlə izləyərək maliyyə sisteminin sabitliyinin qorunması üçün zəruri tədbirlər görməyə hazırdır.