RU

İran Avropanı niyə xəbərdar edir? -Müharibə siqnalı, yoxsa siyasi mesaj

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran Avropa ölkələrinə sərt xəbərdarlıq edib. Tehran ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarına dəstək verilməməsini tələb edir və belə bir addımın ciddi nəticələr doğura biləcəyini bildirir. İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançinin sözlərinə görə, əgər hər hansı Avropa dövləti bu prosesdə iştirak etsə, həmin ölkə də İranın cavab tədbirləri üçün legitim hədəf sayılacaq.

İranın Avropa ölkələrinə ünvanladığı bu sərt xəbərdarlıq nəyi göstərir? Tehran doğrudan da mümkün genişmiqyaslı qarşıdurmaya hazırlaşır, yoxsa bu daha çox siyasi təzyiq və psixoloji mesajdır?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Məcid Taxt-Rəvançinin bu xəbərdarlıqları rutin bir xatırlatmadır:

“Avropa ölkələrindən hər hansı biri İran sərhədlərinə qədər gəlib, ona qarşı hücumlara qoşulsa, təbii ki, legitim hədəfə çevriləcək. İran diplomatiyasının bu həqiqəti uca səslə dilə gətirməsi ona qarşı cəbhənin genişlənməsindən xəbər verir. Fikrimcə, rəsmi Tehran bu aydın həqiqətləri dilə gətirməkdənsə, başı Ukraynada Rusiya ilə müharibəyə qarışmış Avropa ölkələrinin hər şeyi bir tərəfə buraxıb niyə ABŞ-İsrail cütlüyünün yanında İrana qarşı savaşa qoşulmasının səbəbləri üzərində düşünməlidir. Axı ABŞ və İsrail İranla savaşda ciddi problemlərlə qarşılaşmayıb ki, Avropa da onlara köməyə gəlsin. Əksinə, İranın bir çox müdafiə sistemləri sıradan çıxarılıb, dini-siyasi lideri, aparıcı sərkərdələri öldürülüb, ordunun içərisində hərc-mərclik yaranıb və bu da özünü qonşu dövlətlərə hücumda göstərir. İddialara görə, İranın raket mərmilərinin 80 faizdən çoxu artıq istifadə olunub, yerdə qalan 20 faizlə nə qədər dirənə biləcəyi belə mübahisə doğurur".

Heydər Oğuz qeyd edib ki, belə bir zamanda Avropa dövlətlərinin də savaşa qoşulması başqa bir həqiqətdən xəbər verir:

"Belə anlaşılır ki, Avropadan baxanda İran yırtıcıların caynağında canı çıxmış ova bənzəyir. Eynilə cəngəlliklərdə olan kimi, digər yırtıcılar da bu ovdan öz nəsiblərini almaq üçün leş üzərinə şığıyırlar. Yəqin ki, onlardan sonra qarğa-quzğunlar da gələcək və səsli-küylü ov festivalı başlayacaq. Hər kəs qlobal imperializmin qurdlar süfrəsindən gücü çatanı alıb sakitləşəcək. Belə bir vəziyyətdə İran mədəni çevrə baxımından özünə yaxın olan coğrafiyalarla dostluq əlaqəsini möhkəmləndirməkdənsə, onların üzərinə hücum edir. Görünür,  İran qan itirdikcə şüurunu itirir, öz hal və hərəkətlərini tənzimləyə bilmir”.

 

Xalidə Gəray
Musavat.com

Избранный
36
musavat.com

1Источники