RU

Azərbaycan qadını: milli dəyərlərin layiqli daşıyıcısı

Hər il martın 8-i bütün dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu əlamətdar tarix qadınların cəmiyyətin inkişafındakı mühüm rolunu vurğulamaq, onların hüquq və azadlıqlarına diqqəti artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadınları tarix boyunca yalnız ailə institutunun deyil, həm də xalqın və dövlətin möhkəm dayağı kimi çıxış etmiş, elm, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişlər. Onlar Vətənin müdafiəsində igidlik göstərmiş, dövlət idarəçiliyində fəal iştirak etmiş, elmi və bədii yaradıcılıqda özünəməxsus iz qoymuşlar.

Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları ölkənin ictimai-siyasi, hərbi və mədəni həyatında mühüm rol oynamış, cəmiyyətin tərəqqisinə dəyərli töhfələr vermişlər. Onların qəhrəmanlığı, maarifçilik fəaliyyəti və cəmiyyətdə tutduqları mövqe hər zaman diqqət mərkəzində olmuş, qadınların hüquqi statusunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Qadın hərəkatının tarixinə nəzər saldıqda onun 1850-ci illərdən etibarən ABŞ-da başladığını görərik. 1910-cu ildə alman siyasətçi xanım Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olmuşdur. 1977-ci ildə BMT – də bu gün qadınlar günü kimi rəsmiləşdirilmişdir. Ölkəmizdə Beyəlxalq Qadınlar Günü kimi qeyd edilən 8 Mart, həm də qeyri-iş günü olan bayramların sırasındadır.

Azərbaycan qadınları tarixən Vətən sevgisi, cəsarət və qətiyyət nümayiş etdirərək, döyüş meydanlarında igidlik göstərmiş və dövlət idarəçiliyində mühüm yer tutmuşlar. “Kitabi-Dədə Qorqud” dastanında qadın qəhrəmanların mübarizliyi xüsusi qeyd edilir. Eyni zamanda, Tomris, Nüşabə, Möminə Xatun, Sara Xatun, Nigar, Həcər və Tutu Bikə kimi şəxsiyyətlər Azərbaycan qadınının güc və iradəsinin bariz nümunələridir.

Şərqdə ilk dəfə seçib – seçilmək hüququnu 1918 – ci ildə Azərbaycan qadınları əldə ediblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hüququn verilməsi ölkəmizin demokratik inkişafında mühüm addımlardan biri olmuş və qadınların cəmiyyətin idarə olunmasında aktiv iştirakına imkan yaratmışdır.

Azərbaycan qadınları tarixən maariflənməyə, elmə və mədəniyyətə böyük önəm vermiş, milli dəyərlərə sadiq qalaraq onları gələcək nəsillərə ötürmüşlər. Elm, incəsənət və ədəbiyyat sahəsində qazandıqları uğurlar Azərbaycan qadınının yüksək intellektual potensiala sahib olduğunu bir daha sübut edir. Müasir dövrdə də qadınlarımız müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verməkdə davam edirlər.

Ümummilli Liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki roluna böyük önəm vermiş, onların hüquqlarının qorunması və ictimai-siyasi həyatda aktiv iştirakını təmin edən siyasət yürütmüşdür. Onun təşəbbüsü ilə ölkədə qadın siyasəti dövlət səviyyəsinə qaldırılmış, qadınların müxtəlif sahələrdə lider kimi yetişməsinə imkan yaradılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, qadın və kişi hüquqları bərabərdir. Qanunvericilikdə gender bərabərliyi təmin olunmuş, qadınların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilmişdir. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir ki, bu da qadınların siyasi, iqtisadi və sosial sahələrdə irəliləyişinə mühüm töhfə vermişdir.

Dövlət qadın siyasətinin tarixindəki ən mühüm hadisə 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayıdır. Bu əhəmiyyətli qurultay Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirmiş, burada mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir keçirilən Azərbaycan qadınlarının qurultayları dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Azərbaycan qadınları tarixən olduğu kimi, bu gün də cəmiyyətin aparıcı qüvvələrindən biridir. Onların vətənpərvərliyi, zəkası və fədakarlığı ölkəmizin inkişafında mühüm rol oynayır. Dövlətin qadın siyasəti, bu sahədə aparılan hüquqi islahatları və sosial təşəbbüsləri sayəsində Azərbaycan qadınları öz potensialını daha geniş şəkildə reallaşdıraraq ölkəmizin gələcəyinə töhfə verməkdə davam edirlər.

Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasəti sferasında da yeniliklərə imza atmışdır. Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biri də qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsidir. Bununla belə, 2006-cı ildə qadınlarla bağlı işlər daha mütəşəkkil və ardıcıl şəkildə aparılmış, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi baza təkmilləşdirilmişdir.2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Gender amilinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi nəzərə alınması qadınların kişilərlə bərabər şəkildə ictimai həyatın bütün sahələrində fəal iştirakına əlverişli şərait yaratmışdır. Ölkədə reallaşdırılan genişmiqyaslı sosial-iqtisadi islahatlar, məşğulluq proqramlarının icrası və sahibkarlığın təşviqi qadınların iqtisadi müstəqilliyinin güclənməsinə, onların əmək bazarında mövqelərinin möhkəmlənməsinə və işsizlik səviyyəsinin azalmasına müsbət təsir göstərmişdir.

Bu gün Azərbaycan qadınları ali dövlət institutlarında, parlament və bələdiyyə strukturlarında layiqli şəkildə təmsil olunur, ictimai-siyasi və sosial-iqtisadi proseslərin fəal iştirakçısına çevrilmişlər. Eyni zamanda elm, mədəniyyət və idman sahələrində qazandıqları nailiyyətlərlə ölkənin inkişafına əhəmiyyətli töhfələr verməkdə davam edirlər.

Müasir dövrümüzdə ləyaqətli Azərbaycan qadınının ən bariz nümunəsi hər zaman dövlət başçımızın yanında olan, onunla çiyin-çiyinə işləyən, dəstək göstərən, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan, tariximizi, mədəniyyətimizi, musiqimizi təbliğ edən, iştirak etdiyi tədbirlərdə, konfranslarda, dövlətimizi ən yüksək şəkildə təmsil edən Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Azərbaycanın dünyada mədəniyyət carçısı, multikulturalizm və tolerantlıq məkanı kimi tanınmasında, ölkəmizin beynəlxalq brendə çevrilməsində Mehriban xanımın əməyi inkar olunmazdır. Birinci vitse-prezident kimi Mehriban xanım özünün peşəkarlığı, biliyi, idarəetmə qabiliyyəti ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına dəstək olmuşdur.

Mehriban Əliyeva tərəfindən həyata keçirilən xeyriyyəçilik təşəbbüsləri coğrafi baxımdan geniş arealı əhatə edərək müxtəlif ölkə və qitələrdə humanitar dəyərlərin təşviqinə xidmət edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir Azərbaycanın humanitar və mədəni diplomatiyasının əsas platformalarından biri kimi çıxış edir və bu fəaliyyət, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə tanıdılması və müsbət imicinin möhkəmləndirilməsinə yönəlmişdir.

Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlara əsaslanan, tarixi-mədəni irsimizi yaşadan çoxsaylı layihələrin uğurla icrası Azərbaycan qadınının mərhəmət, xeyirxahlıq və yüksək mənəvi-intellektual keyfiyyətlərinin bariz təcəssümüdür.

Eyni zamanda, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya istiqamətlərində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın artırılması, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədilə 27 fevral 2026-cı il tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə olunmuşdur. Bu isə dövlət siyasətinin yeni texnoloji mərhələdə vahid və koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edən mühüm institusional addımdır.

Azərbaycan Respublikasında gender siyasətinin institusional və strateji əsaslarla inkişaf etdirilməsi dövlət idarəetməsinin prioritet istiqamətlərindəndir. Bu baxımdan “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” kompleks və çoxşaxəli yanaşmanı özündə ehtiva edən sistemli yol xəritəsi kimi qiymətləndirilməkdədir.

Sənəddə qadınların ictimai fəallığının artırılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, iqlim dəyişiklikləri ilə mübarizə və media sahəsində gender aspektlərinin inteqrasiyası, eləcə də normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilmişdir. Bu yanaşma gender bərabərliyini yalnız sosial məsələ kimi deyil, eyni zamanda dayanıqlı inkişafın və insan kapitalının gücləndirilməsinin mühüm elementi kimi təqdim edir.

Hədəf göstəriciləri sırasında beynəlxalq təcrübəyə əsaslanan hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları arasında əlaqələndirmə mexanizminin yaradılması, vətəndaş cəmiyyəti institutlarına dəstək, əmək bazarında gender fərqlərinin azaldılması və qadınların rəqabət qabiliyyətinin artırılması xüsusi yer tutur. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi, təhsil sistemində gender bərabərliyi mövzusunun təşviqi, qadınların rəqəmsal savadlılığının artırılması və sosial cəhətdən həssas qruplara daxil olan qadınların tibbi, psixoloji və hüquqi xidmətlərə çıxışının genişləndirilməsi kimi istiqamətlər dövlət siyasətinin inklüziv xarakterini nümayiş etdirir.

Bu strateji yanaşma praktik müstəvidə də öz əksini tapır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşəbbüsü ilə 2024-cü ildən həyata keçirilən “Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi regionlarda yaşayan qadın və gənc qızların liderlik və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş mühüm sosial platformadır. Layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin möhkəmləndirilməsi ilə yanaşı, sosial və texnoloji imkanlara bərabər çıxışın təmin olunmasına xidmət edir.

2024–2025-ci illərdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında təşkil edilən TEDx formatlı görüşlərə 3500 nəfərin cəlb edilməsi layihənin ictimai rezonansını və sosial təsir imkanlarını nümayiş etdirir. 2026-cı ildə təşəbbüsün Xankəndi şəhəri ilə yanaşı Qazax, İsmayıllı, Lənkəran və Oğuz rayonlarında davam etdirilməsi isə gender siyasətinin coğrafi baxımdan genişlənməsini və regionların sosial inkişaf strategiyasına inteqrasiyasını göstərir.

Beləliklə, Milli Fəaliyyət Planı və paralel icra olunan layihələr gender bərabərliyinin təmin edilməsini təkcə hüquqi və institusional çərçivədə deyil, həm də sosial transformasiya və ictimai şüurun formalaşdırılması kontekstində sistemli dövlət siyasəti kimi səciyyələndirməyə əsas verir. Bu yanaşma güclü cəmiyyətin formalaşmasında qadın potensialının strateji resurs kimi qəbul edildiyini aydın şəkildə göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qadın hüquqlarının qorunması və gender siyasətinin inkişafı istiqamətində mühüm addımlar atmışdır. Bu sahədə qəbul edilən qanunlar və görülən tədbirlər ölkədə gender bərabərliyinin təmin edilməsinə, qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə şərait yaratmışdır.

Azərbaycan qadını bu gün dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olaraq, cəmiyyətin bütün sahələrində fəallıq göstərir. Dövlətimizin gender bərabərliyinə, qadınların cəmiyyətə inteqrasiyasına verdiyi önəm, onların daha geniş imkanlara sahib olmasına şərait yaradır. Müstəqillik illərində qəbul edilən qanunlar, həyata keçirilən dövlət proqramları, qadınların siyasi, iqtisadi və sosial həyatdakı rolu Azərbaycanın inkişafında qadınların mühüm yer tutduğunu bir daha sübut edir.

Bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, onlara bütün işlərində uğurlar arzulayıram! İnanıram ki, qadınlarımız əsrlədən bəri qoruyub saxladığımız ailə dəyərlərimizi, milli-mənəvi irsimizi bundan sonra da layiqincə davam etdirəcək, adət-ənənələrimizə sadiq ruhda gənc nəslin yetişdirilməsində və ümumilikdə, ölkəmizin tərəqqisində öz töhfələrini verməyə davam edəcəklər.

Ziyafət Əsgərov,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Избранный
20
ikisahil.az

1Источники