Azərbaycan Dövlət YUĞ Teatrının "Birinci akt" tamaşasına martın 6-da daxili baxış keçirilib.
"Report"a teatrdan verilən məlumata əsasən, tamaşanı Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Teatrın Bədii Şurasının üzvləri izləyiblər.
A.P.Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış "Birinci akt" YUĞ Teatrının banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi sonuncu tamaşalardandır. Teatrın kollektivi 2009-cu ildə hazırlanmış bu tamaşanı rejissorun xatirəsinə ehtiram əlaməti olaraq bərpa edib.
Janrı futuroloji aksiya kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttardır.
Tamaşadan sonra Bədii Şura üzvlərinin və kollektivin iştirakı ilə geniş müzakirə keçirilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul olunub.
"Birinci akt" tamaşasının premyerası martın 12-də baş tutacaq.