RU

Ramiz Mehdiyevin ailəsinin bankı ətrafında baş verənlər: zərərlə işləyən bankı niyə tamamilə bağlamadılar?

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda bankların sayı yenə azaldı. “Bank BTB” ASC bundan sonra artıq bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərəcək.

Bizimyol.info xəbər verir ki, “Bank BTB”nin bu barədə müraciətinə Azərbaycan Mərkəzi Bankı müsbət cavab verib. Mərkəzi Bankın martın 6-da yaydığı məlumatda bildirilir ki, “Bank BTB” ASC ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb: “Bu müqaviləyə uyğun olaraq, “Bank BTB”də depozitləri olan fiziki, hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq”.

Beynəlxalq Bank aktivlərinin həcminə görə ölkənin ən iri bankıdır.

Qeyd olunur ki, “Bank BTB”nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır: “Bank BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6 faiz, kredit portfelində 0.9 faiz, sektorun öhdəliklərində isə 0.6 faiz təşkil edir”.

Qeyd edək ki, 2010-cu ildə təsis edilmiş “Bank BTB” Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur. Bankın əsas səhmdarı isə Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Bankın səhmlərinin 74,99 faizi Mehdiyeva Nigar İsmayıl qızına, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

15 ildən çox fəaliyyət göstərən bankın adı zaman-zaman müxtəlif qalmaqallarda hallanıb. Son bir neçə ildə bu bank zərərlə işləyirdi.

Bundan başqa, bir müddət əvvəl “Bank BTB”dən səs-küylü oğurluq hadisəsi olmuşdu. Bankdakı seyflərdən (aylıq ödənişlə saxlanc yerləri) 850 min manatdan çox qızıl-zinət zinət əşyaları və pul oğurluğu baş vermişdi. Bu oğurluqda ittiham olunan Belarus vətəndaşı Sergey Qrinkeviç və Rusiya vətəndaşı Aleksey Babayevin hər biri 12 il azadlıqdan məhrum edildi və hazırda Bakıdakı cəzaçəkmə müəssisələrindən birində cəza çəkirlər. Zərərçəkənlər arasında vəzifəli şəxslərin qohumları da vardı.

Ekspertlər hesab edir ki, “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi əslində formal xarakter daşıyır.

İqtisadçı Vüsal Məmmədov hesab edir ki, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi üçün bankın indiyədək formalaşmış müştəri bazası özündə saxlanılmalıydı. Lakin Mərkəzi Bankın yaydığı açıqlamadan görünür ki, “Bank BTB”nin müştəri bazası “Azərbaycan Beynəlxalq Bankı”na ötürülür.

İqtisadçının fikrincə, bank sektorunun nüfuzunu qorumaq, insanlarda inamsızlıq yaratmamaq üçün “Bank BTB”ni tamamilə yox eləmək istəmirlər, onu formal da olsa, kredit təşkilatı kimi saxlamağa qərar verilib: “İllərdir zərərlə işlədiyinə, məcmu kapitalı tələblərə cavab vermədiyinə görə daha bir bankın lisenziyası ləğv olunsa, o zaman banklara olan inam bir qədər də azalacaq. Son 7-8 ildə xeyli bank bu əsasla bağlanıb, bu da insanlarda banklara olan inamı sarsıdıb. Güvən məsələsinə görə hələlik formal da olsa, kredit təşkilatı formasında saxlamaq qərarı veriblər”. Lakin Vüsal Məmmədov bunu uğurlu çıxış yolu hesab etmir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
118
bizimyol.info

1Источники