RU

SEPAH-ın Azərbaycandakı gizli planı ÜZƏ ÇIXDI – Bundan sonra NƏ BAŞ VERƏCƏK? 

Azərbaycanda genişmiqyaslı terror təxribatının qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanı hesab olunan SEPAH-ın ölkəmizdə planlaşdırdığı terror aktı ifşa edilib və zərərsizləşdirilib. Aparılan əməliyyat nəticəsində strateji obyektlərə qarşı hazırlanan partlayış planının qarşısı alınıb, həmçinin ölkə ərazisinə gətirilmiş partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, əməliyyat materiallarına əsasən, terror planının əsas məqsədi cəmiyyət arasında vahimə yaratmaq, Azərbaycanı beynəlxalq müstəvidə hədəfə çevirmək və ölkənin nüfuzuna zərbə vurmaq olub. Planlaşdırılan hücumların hədəfi isə strateji və həssas obyektlər idi.

Belə ki, Bakı–Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu terror planının əsas hədəfləri sırasında yer alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, İran vətəndaşları – Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yaser Rahim əvvəlcədən əlbir olaraq Azərbaycanda partlayıcı qurğuların yerləşdirilməsi üçün plan hazırlayıblar. Bu məqsədlə onlar ölkə daxilində əlaqə yaratmaq üçün Azərbaycan vətəndaşı Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əməkdaşlıq qurublar.

DTX tərəfindən aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonunun Şıxov qəsəbəsi yaxınlığında yerləşdirilmiş naməlum konteyner gizlədilib. Həmin konteynerə baxış keçirilərkən içərisində xüsusi dağıdıcı gücə malik partlayıcı maddə aşkarlanıb. Məlum olub ki, konteynerdə beton konstruksiyaların və müxtəlif obyektlərin partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram çəkidə C4 tipli partlayıcı maddə yerləşdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin digər şəxs – Ağayev Nicatla birlikdə avtomobillə gələrək həmin konteyneri gizlədildiyi yerdən götürdüyü, daha sonra isə partlayıcı qurğunu Bakı şəhərinin Nəsimi rayonu ərazisində gizlətdiyi müəyyən edilib. Aparılan tədbirlər nəticəsində partlayıcı qurğu zərərsizləşdirilib və onun başqa şəxslərə ötürülməsinin qarşısı alınıb. Bununla da ölkədə böyük terror təhlükəsinin qarşısı vaxtında alınaraq mümkün faciənin baş verməsinə imkan verilməyib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhlükəsizlik üzrə ekspert Qurban Manaflı bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi bu əməliyyat ölkənin milli təhlükəsizlik sisteminin yüksək səviyyədə işlədiyini göstərir.

Onun sözlərinə görə, belə əməliyyatlar yalnız peşəkar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticəsi ola bilər:

“Bu əməliyyat faktiki olaraq Azərbaycana qarşı planlaşdırılmış çox ciddi terror aktının qarşısını alıb. Hədəf seçilən obyektlərə diqqət yetirsək görərik ki, burada həm strateji enerji infrastrukturu, həm diplomatik nümayəndəlik, həm də dini icmalar yer alır. Bu isə göstərir ki, məqsəd yalnız fiziki dağıntı törətmək deyil, eyni zamanda ölkə daxilində qorxu və gərginlik yaratmaq, Azərbaycanın beynəlxalq münasibətlərinə zərbə vurmaq idi”.

Ekspertin sözlərinə görə, Bakı–Ceyhan neft kəməri kimi strateji enerji layihəsinin hədəfə alınması Azərbaycanın iqtisadi və geosiyasi mövqeyinə qarşı yönəlmiş addım kimi qiymətləndirilə bilər. O qeyd edib ki, bu kəmər yalnız Azərbaycan üçün deyil, bütövlükdə region və Avropa üçün mühüm enerji marşrutudur.

Qurban Manaflı hesab edir ki, İsrail səfirliyi və sinaqoqun hədəf seçilməsi də təsadüfi deyil:

“Bu cür hədəflər seçilməklə həm beynəlxalq rezonans yaratmaq, həm də Azərbaycan daxilində dini və siyasi gərginlik formalaşdırmaq planlaşdırılıb. Lakin DTX-nın vaxtında müdaxiləsi bu ssenarinin qarşısını aldı. İran xüsusi xidmət orqanlarının regionda müxtəlif ölkələrdə oxşar fəaliyyətlərə əl atması əvvəllər də müşahidə olunub və bu baxımdan belə təxribatların tamamilə istisna olunduğunu demək olmaz. İranın bəzi xüsusi xidmət strukturları regionda öz təsir imkanlarını qorumaq və ya genişləndirmək üçün gizli əməliyyatlara əl atmağa çalışır. Buna görə də bu cür təhlükələr hər zaman mövcud ola bilər. Amma Azərbaycanın təhlükəsizlik orqanları son illərdə bu istiqamətdə çox ciddi təcrübə qazanıb və belə təxribatların qarşısını almaq imkanına malikdir”.

Ekspertin sözlərinə görə, gələcəkdə təhlükə yalnız bir istiqamətdən deyil, müxtəlif mənbələrdən yarana bilər və buna görə də təhlükəsizlik sisteminin daim yüksək hazırlıq vəziyyətində olması vacibdir:

“Regionda mürəkkəb geosiyasi proseslər gedir və müxtəlif dövlətlər, təşkilatlar və qeyri-rəsmi strukturlar öz maraqlarını həyata keçirmək üçün gizli fəaliyyətə əl ata bilirlər. Ona görə də həm enerji infrastrukturu, həm diplomatik nümayəndəliklər, həm də dini və ictimai obyektlər daim təhlükəsizlik baxımından xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyatı bir daha göstərir ki, ölkənin təhlükəsizlik sistemi potensial təhdidləri vaxtında aşkarlamaq və zərərsizləşdirmək imkanına malikdir. Belə əməliyyatlar yalnız konkret təhlükənin qarşısını almaqla kifayətlənmir, eyni zamanda ölkəyə qarşı planlaşdırılan digər gizli fəaliyyətlər üçün də ciddi xəbərdarlıq mesajı rolunu oynayır”.

Tunar 

NOCOMMENT.az 

Избранный
123
nocomment.az

1Источники