RU

Tarixin izi ilə: 8 Mart Beynəlxalq Qadınlar Günü

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Sabah ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd ediləcək. Bu tarix qadınların iqtisadi, sosial və siyasi bərabərlik uğrunda mübarizəsini əks etdirən Beynəlxalq Həmrəylik Günüdür. Hər il mart ayının əvvəlindən etibarən, şəhərdə bayram ab-havası hiss olunur, küçələr gül qoxuyur, vitrinlərdəki hədiyyələr göz oxşayır, sosial şəbəkələr "əziz və zərif xanımlar" müraciətləri ilə dolur.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bu günün qeyd olunması 1910-cu ildə, alman sosialist fəal Klara Setkinin təşəbbüsü ilə Kopenhagen şəhərində keçirilən II Beynəlxalq Sosialist Qadınlar Konfransında qəbul edilib. Qadınlar Günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunub. Daha sonra 1913-cü ildə Rusiyada, 1917-ci ildə isə Azərbaycanda qeyd olunmağa başlanıb. 1914-cü ilə qədər Beynəlxalq Qadınlar Günü müxtəlif tarixlərdə keçirilirdi. Sonradan Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrdə qadınların məhz 8 mart tarixini həmrəylik günü kimi qeyd etməsi bu ənənənin formalaşmasına səbəb olub. Daha sonrakı dövrlərdə bu tarix bir çox ölkələrdə qadınların sülh və hüquq bərabərliyi uğrunda həmrəylik günü kimi qeyd olunmağa başladı. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart istirahət günü elan edilib.

Gül, konfet qutuları...

8 Martın qeyd edilmə forması zamanla sosial və iqtisadi dəyişikliklərə paralel olaraq dəyişib. Sovet dövründə daha çox kollektiv və simvolik xarakter daşıyırdı. Bu dövrdə iş yerlərində rəhbərlik tərəfindən kütləvi təbriklər edilir, əsasən gül və konfet qutuları kimi simvolik hədiyyələr təqdim edilirdi. Eyni zamanda rəsmi tədbirlər də geniş yayılmışdı.

2000-ci illərdə hədiyyə seçimlərində dəyişiklik müşahidə olunmağa başladı. Daha çox qiymətli metallardan hazırlanmış zinət əşyalarına üstünlük verildi, restoran rezervasiyalarında artım qeydə alındı, həmçinin brend və reklam kampaniyalarının sayı əhəmiyyətli dərəcədə çoxaldı. Bu dövr 8 Martın həm sosial, həm də kommersiya baxımından aktivləşdiyi mərhələ kimi qiymətləndirilir. Musiqili açıqcalar dövrü də məhz bu illərə təsadüf edir.

2026-cı il reallığında isə bayramı qeydetmə modelləri daha çox rəqəmsal iqtisadiyyatla əlaqələnib. Elektron ticarət platformaları xüsusi kampaniyalar həyata keçirir, sosial mediada "ideal hədiyyə" gözləntisi formalaşır. Sosial şəbəkələrdə, xüsusilə qadın qruplarındakı "Qızlar, hədiyyələrinizi paylaşın"la başlayan cümlələr rəqabəti daha da artırır. Eyni zamanda, inflyasiya və ümumi qiymət artımı hədiyyə seçimlərini və istehlak davranışını birbaşa təsir altında saxlayır. Restoranlarda növbələr və həmin günün tıxaclı yollarında isə əsl bayram ab-havası hiss olunur.

Hazırda 8 Martda ən çox satılan məhsullar gül, xüsusilə qızılgül, parfümeriya və kosmetika məhsulları, qızıl-zinət əşyaları və smart cihazlardır. Qiymətlərə gəldikdə isə, tələbat yüksək olduğu üçün həmin gün qiymətlər cib yandırır.

8 Martın cib yandıran qiymətləri...

Əvvəlcə güllərin qiymətinə baxaq. Bakının məşhur gül salonlarında buketlər 100-150 manatdan başlayır. VIP məhsulların qiymətləri isə 700 manatdan başlayaraq 1 500 manata qədər yüksələ bilir. Simvolik 101 qızılgül buketinin qiyməti 500 manatdan başlayaraq 800-900 manata qədər dəyişir.

Digər mağazalarda 50, 60, 100, 150, 200 manata da gül buketi hazırlatmaq mümkündür. Tək güllər altı manatdan başlayır. Qarışıq buketlər 80 manatdan, bir gül növündən ibarət olan buketləri isə 150 manatdan başlayaraq 700 manata qədər davam edir. Daha ucuz güllərdən 50-60 manata da buket yığdırmaq mümkündür.

Parfümeriya qiymətlərinə gəldikdə isə, 8 Mart ərəfəsində bu kateqoriyada da mövsümi qiymət dəyişiklikləri müşahidə olunur. Tələbatın artması ilə premium və brend ətirlər daha çox diqqət çəkir. Adətən, rəsmi distribütor şəbəkələrində qiymətlər sabit qalsa da, pərakəndə satış məntəqələrində və onlayn bazarlarda kampaniya və endirim siyasətləri fərqli olur. Azərbaycanda parfümeriya məhsullarının qiymətləri brend, həcm və məhsulun premium səviyyəsindən asılı olaraq dəyişir. Büdcə seqmentinə aid ətirlər adətən 20-60 manat aralığında, orta seqment ətirlər 50-150 manat aralığında satılır. Premium və lüks seqmentdə isə qiymətlər 200-600 manat və daha yuxarı ola bilir. Qramla satılan ətir növləri də günün ən çox satılan ətir növlərindəndir.

Qızıl-zinət əşyaları, smart cihazlar

Qızıl-zinət əşyaları qiymət baxımından daha bahalıdır. Sadə qızıl sırğa, bilərzik və üzüklər üçün qiymətlər 400-800 manat aralığında başlayır. Brilyant və digər qiymətli daşlarla bəzədilmiş zinət əşyalarının qiymətləri isə 1 500-2 000 manatdan yuxarıdır.

Azərbaycanda smart cihazlar 8 Mart hədiyyəsi kimi geniş seçim imkanları təqdim edir. Büdcə seqmentinə aid ağıllı saatlar, qulaqlıqlar və fitnes qolbaqları 100-300 manat aralığında satılır. Orta seqment smartfon və ağıllı saat modelləri 300-700 manat aralığında dəyişir. Premium smart cihazların qiyməti 700 manatdan yuxarı formalaşır. Təbii ki, son model telefon almaq istəsəniz, minimum 2 500-3 000 manat xərcləməli olacaqsınız.

Məlumat üçün bildirək ki, bu gün hədiyyə bazarında aktivlik müşahidə edilsə də, XX əsrin əvvəllərində "çörək və qızılgüllər" şüarı formalaşıb. Bu şüar qadın hərəkatının sosial mahiyyətini ifadə edirdi. "Çörək" minimum yaşayış standartlarını, "qızılgüllər" isə ləyaqətli və keyfiyyətli həyat hüququnu simvolizə edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
146
oxu.az

1Источники