RU

TƏCİLİ! İrandan Azərbaycana ŞOK TƏHDİD: “Sionistləri ölkədən çıxarın, YOXSA…”

İranın Silahlı Qüvvələrinə bağlı “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı Azərbaycanla bağlı sərt məzmunlu bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, bəyanatda İran tərəfi regionda ABŞ və İsrailə qarşı mübarizə apardıqlarını iddia edərək, bu proses zamanı qonşu dövlətlərin təhlükəsizliyinə zərər verməməyə çalışdıqlarını bildirib. Bununla yanaşı, müraciətdə Azərbaycan xüsusi olaraq qeyd olunub və Bakıya ünvanlanan mesajlar yer alıb.

İran hərbi strukturu hesab edir ki, regionda sabitliyin qorunması üçün Azərbaycan İsraillə əməkdaşlıq məsələsinə yenidən baxmalı və “sionist qüvvələri” ölkədən uzaqlaşdırmalıdır. Bəyanatda vurğulanır ki, belə addımın atılması regionda gərginliyin genişlənməsinin qarşısını ala bilər.

Sənəddə həmçinin qeyd edilir ki, Azərbaycan müsəlman ölkəsi və İranın qonşusu kimi regional sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyır. İran tərəfi bildirir ki, İsraillə əlaqələrin davam etməsi bölgədə təhlükəsizlik risklərini artıra bilər və bu vəziyyət gələcəkdə ciddi nəticələrə səbəb ola bilər.

Rəsmi Tehran hesab edir ki, Bakı regionda mövcud geosiyasi gərginliyi nəzərə almalı və öz təhlükəsizlik maraqları ilə yanaşı, qonşu dövlətlərin təhlükəsizliyini də risk altına qoymamalıdır.

Redaksiyanın şərhi: 

İranın bu açıqlaması regiondakı mövcud geosiyasi gərginlik fonunda səsləndirilən və diplomatik etikaya uyğun gəlməyən bəyanat kimi qiymətləndirilə bilər. Hər bir dövlət kimi Azərbaycan da öz xarici siyasətini və təhlükəsizlik strategiyasını müstəqil şəkildə müəyyən edir. Bu baxımdan başqa bir ölkənin Azərbaycana ultimatum xarakterli çağırışlar etməsi beynəlxalq münasibətlərin qəbul olunmuş prinsipləri ilə uzlaşmır.

Azərbaycan suveren və güclü dövlətdir. Ölkə öz milli maraqlarını qorumaq, təhlükəsizliyini təmin etmək və tərəfdaşlıq münasibətlərini qurmaq hüququna malikdir. Bakı uzun illərdir balanslı və çoxşaxəli xarici siyasət yürüdərək həm regionda sabitliyin qorunmasına töhfə verir, həm də müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur. Bu siyasət Azərbaycanın dövlət müstəqilliyinin əsas prinsiplərindən biridir və heç bir xarici təzyiq bu kursu dəyişdirə bilməz.

Eyni zamanda Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıq tərəfdarı kimi tanınır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə oluna bilməz. Lakin bu o demək deyil ki, Azərbaycan hansısa üçüncü tərəfin diktəsi ilə öz beynəlxalq tərəfdaşlarını seçməlidir.

Bu baxımdan İranın sərt ritorikası konstruktiv dialoqa xidmət etmir və regionda gərginliyi azaltmaq əvəzinə artırır. Azərbaycan isə öz gücünə, müstəqil qərarvermə qabiliyyətinə və beynəlxalq hüquqa əsaslanan siyasətinə arxalanaraq belə təzyiqlərə qarşı prinsipial mövqeyini qoruyacaq. Regionda sabitliyin təmin olunmasının yolu ultimatumlardan deyil, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən keçir.

Əli Səfərli,
NOCOMMENT.az

Избранный
120
nocomment.az

1Источники