RU

Ataların unutmamalı olduğu məsuliyyət...

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cəmiyyətin ən həssas mövzularından biri qız uşaqlarının böyüdülməsi və onların gələcək həyatına təsir edən ailə münasibətləridir. Çox vaxt deyilir ki, qız uşağının ilk qəhrəmanı, ilk dayağı və ilk güvəndiyi kişi atası olur. Elə buna görə də atanın qızına göstərdiyi sevgi, diqqət və qayğı onun gələcəkdə özünü necə dəyərli hiss etməsinə birbaşa təsir edir. Təəssüf ki, bəzən valideynlər gündəlik qayğıların içində ən vacib məqamı uşağa sevildiyini hiss etdirməyi unudurlar. Halbuki qız övladı üçün atanın bir xoş sözü, bir isti münasibəti, bəzən isə sadəcə “səni çox sevirəm” deməsi onun dünyasında böyük yer tutur.

Qız uşağı evdə sevgi, diqqət və dəyər gördükdə böyüyəndə də öz dəyərini bilir. O anlayır ki, hörmətə, qayğıya və səmimi münasibətə layiqdir. Əks halda isə vəziyyət fərqli ola bilər. Sevgi və diqqət çatışmazlığı ilə böyüyən bəzi qızlar gələcəkdə kənardan gələn kiçik bir diqqətə, xoş sözə və ya sadə bir hədiyyəyə belə aldanmaq riskini yaşayırlar. Çünki onlar bəzən həyatlarında eşitmədikləri sözləri kənarda eşitmək istəyirlər.

Məhz buna görə psixoloqlar tez-tez vurğulayırlar ki, qız uşağının emosional təhlükəsizliyində atanın rolu son dərəcə böyükdür. Ata qızına yalnız qayğı göstərən valideyn deyil, həm də ona münasibətin necə olmalı olduğunu göstərən ilk nümunədir. Qız uşağı atasında hörmət, mərhəmət və diqqət gördükdə, gələcəkdə də bu keyfiyyətləri münasibətlərində axtarmağı öyrənir. Bəzən isə bir ata üçün bu sevgi və diqqəti göstərmək çox sadə şeylərdən başlayır: qızını dinləmək, onunla vaxt keçirmək, uğurlarına sevinmək, çətin anlarında yanında olmaq. Ən əsası isə ona dəyərli olduğunu hiss etdirməkdir.

Unutmaq olmaz ki, bu gün qucağımızda böyüyən o balaca qızlar sabah cəmiyyətin bir parçası olacaq, ailə quracaq, yeni nəsillər yetişdirəcək. Onların özünə inamlı, güclü və dəyərini bilən qadın kimi yetişməsi isə böyük ölçüdə ailədə gördükləri sevgidən başlayır. Bəlkə də hər ata özünə sadə bir sual verməlidir: “Qızım mənim onu nə qədər sevdiyimi bilir?” Çünki bəzən bir uşağın gələcək taleyini dəyişən ən böyük sərvət məhz evində gördüyü sevgi və dəyərdir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
155
bizimyol.info

1Источники