RU

“Martın 8-də qadınlar bayram etsin, kişilər dincəlsin” təklifinə reaksiya: “Xanımlar onsuz da bəylərə əhəmiyyət vermirlər…”

8 Mart təqvimdə özəl gün kimi qeyd edilsə də, bu günlə bağlı irəli sürülən maraqlı təkliflər müzakirələrə səbəb olub. Belə ki, bir sıra şəxslər hesab edirlər ki, həmin gündə sadəcə qadınlara istirahət verilməli, kişilər üçün isə adi iş günü olmalıdır.

 

Kulturoloq Əbülfəz Babazadə Pravda.az-a açıqlamasında bildirib ki, 8 Martın kişilər üçün iş günü olması ilə bağlı səslənən fikirlər ilk baxışda məntiqli və hətta zarafatyana görünə bilər, lakin bu yanaşmanın arxasında bəzən daha dərin, qadınla kişini bir-birinə qarşı qoymaq cəhdi kimi təhlükəli tendensiya gizlənir:

 

“Halbuki insan cəmiyyətinin tarixi göstərir ki, qadın və kişi rəqib deyil, bir-birini tamamlayan iki əsas sütundur. Qadınsız kişi, kişisiz isə qadın xoşbəxt ola bilməz. İnsan həyatının harmoniyası məhz bu qarşılıqlı tamamlanmada yaranır. Ailə də, cəmiyyət də, mədəniyyət də bu iki başlanğıcın birliyindən doğur. Ona görə də qadınların bayramını kişiləri ondan kənarlaşdırmaqla qeyd etmək, əslində bayramın ruhunu zəiflətmək deməkdir. 8 Mart qadınların günü olmaqla yanaşı, həm də qadına hörmətin, sevginin və minnətdarlığın ifadə olunduğu bir gündür. Bu hissləri ifadə edənlər isə ilk növbədə kişilərdir – ata, qardaş, həyat yoldaşı, oğul. Əgər həmin gün kişilər işləsə və qadınlar bayramı onlarsız qeyd etsə, bu, sanki səhnədən musiqini götürüb yalnız dekorasiya ilə tamaşa göstərməyə bənzəyər, bayramın emosional məğzi itər”.

 

Ə.Babazadə qeyd edib ki, qadın və kişini qarşı-qarşıya qoyan hər cür ideya bəşəri harmoniyaya ziddir və bu cür yanaşmalar insan münasibətlərində süni qarşıdurma yaradır, birlik ideyasını zədələyir: “Halbuki bəşər tarixinin ən böyük nailiyyətləri qadın və kişinin birgə yaratdığı dəyərlərdir. 8 Martın mənası məhz birlikdə qeyd olunanda daha dolğun olur. Qadınların sevincini kişilərin təbriki, diqqəti və qayğısı tamamlayır. Bayramın gözəlliyi də buradadır: biri digərini sevindirir. Ona görə də məsələ kimin işləməsində deyil, kimin kimi dəyərləndirməsindədir. 8 Mart qadınların bayramıdır, amma onun sevincini paylaşan kişilər olduğu üçün bu gün həqiqi bayrama çevrilir. İnsan xoşbəxtliyi isə rəqabətdən daha çox, qarşılıqlı hörmət və sevgidə yaranır”.

 

İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, təyin olunan gündən bu yana 8 martla bağlı hər zaman müzakirələr gedib və dünyanın əksər ölkələrində qeyd edilir:

 

“Günün əhəmiyyəti budur ki, qadınların ailədə nə qədər vəzifələri, rol və missiyaları var. Xanımların bu missiyalarının vacibliyi, ailə dəyərlərinə sadaqətini, ümumiyyətlə, qadınların zəhmətkeş olması, ailəsi, uşaqları üçün can yandırmasını qabartmaq üçün bu bayram qeyd edilir. Düzdür, indi gender deyilən ifadə ortaya atılıb. Bu anlayış altında sadaladığımız bu müsbət vəzifələr arxa plana keçir və həm kariyera baxımından həm qazandığı uğurlar, pullar, çalışdıqları sahələr üzrə az qala kişiləri üstələyirlər. Ən azından Azərbaycanda bu belə görünür. Azərbaycanda ayrıca kişilər bayramının olmasının tərəfdarıyam. Yadıma gəlir bir neçə il bundan öncə BMT-nin o dövrdəki baş katibinin belə çıxışı, təklifi olmuşdu ki, heç olmasa qadınlar günündə evdə, mətbəxdə təmizlikdən, yemək hazırlamaqdan tutmuş uşağa baxmağa, qulluğa qədər bütün missiyanı kişilər yerinə yetirsin. Həmin gündən sonra bu bayrama kişilər tərəfdən maraqlı münasibət oldu. Son zamanlar qəribə ideyalarla çıxış edirlər, özlərini təsdiq etmək istəyirlər. Necə deyərlər, dəlinin biri quyuya daş atıb, 100 dəli də onu çıxarmaq üçün baş sındırır. Bu baxımdan kimsə ortaya atıb ki, kişilər üçün iş günü olsun, qadınlar üçün yox. Əgər bayramdırsa, qadınlar tək özləri gedib bayram edəsi deyillər ki… Xanımlar bayramıdırsa, öz sevgili, həyat yoldaşı, babası, əmisi və s. ilə birlikdə bu bayramı qeyd etməlidirlər ki, bayramın fəlsəfəsi həyatda reallaşsın. Xanımlara olan sevgi, hörmət görünsün. Kişilərsiz 8 mart bayramını qadınlar adi gün kimi qeyd edəcəklər. İndi qadınlar onsuz da kişilərə elə də əhəmiyyət vermirlər. Restoran, kafelərə gedəndə əsasən qadın qruplarından ibarət yeyib-içən xanımlarımızı görürük. Yəni qonşu ölkələrdə vardı, hazırda Azərbaycanda daha çox özünü göstərir. Qadınların iqtisadi həyatımızda böyük rolları var, onlar bizneslə məşğul olurlar, pul qazanırlar, imkanları böyükdür, genişlənib. Ona görə də necə istəyirlərsə, o cür həyat tərzi qura bilirlər. Düzdür, mübahisəli tərəfi də var, ancaq sevindirici haldır ki, qadınlar bərabərhüquqlu şəxsiyyət olaraq özünü cəmiyyətdə göstərə bilir. Digər tərəfdən qeyd edildiyi kimi bununla əks cinsin hüquqlarına girməməlidir. Gender bərabərliyi adı altında kişilərin hüquqları pozulmamalıdır. İndi də “8 martda kişilərsiz bayramı edirik” deyərək onsuzda hüquqları pozulan kişilərə daha da böyük zərbə vurmuş oluruq. Söhbət məişət səviyyəsindən gedir. Bununla mental dəyərlərimizdə olan ata, baba, qayınata, bəy, kürəkən, əmi, dayı, yeznə kimi obrazları bir daha məhv etmiş oluruq. 8 mart xanımların bayramıdır. Xanımlar bizi dünyaya gətirib, sevgimizin subyektidir. Bu günlərini toplu halda bayram ediriksə nə xoş bizə…”

 

Şəhanə Quliyeva

Tarix: 8 Mart 2026, 15:23   
Избранный
87
pravda.az

1Источники