RU

ABŞ-İran müharibəsinin Azərbaycan üçün bu riskləri var – ŞOK TƏFƏRRÜAT

Son illər qlobal güclər arasında rəqabət artdıqca regionlarda yeni siyasi və hərbi balans formalaşır. Bu dəyişikliklər Azərbaycan kimi ölkələrin xarici siyasətinə də təsir edir.

Cənubi Qafqazda yeni geosiyasi balans necə formalaşır?

Böyük güclərin region uğrunda rəqabəti Azərbaycana hansı imkan və riskləri yaradır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Elşən Manafov bildirib:

Elşən

“Qlobal güclər arasında qarşıdurmanın güclənməsi dünyanın müxtəlif regionları uğrunda geosiyasi mübarizənin reallıqlarından irəli gəlir”.

Politoloqun sözlərinə görə, soyuq müharibənin başa çatmasından sonra ABŞ-ın birqütblü dünya nizamınının təsbit olunmasına yönəli siyasəti artıq digər geosiyasi güc mərkəzləri tərəfindən qəbul olunmur. Buna səbəb isə keçən müddət ərzində məlum güc mərkəzlərinin iqtisadi inkişafında əldə olunan uğurlar, onların hərbi qüdrətlərinin artırılması istiqamətində həyata keçirdikləri siyasətdir.

“Rusiya prezidenti Putinin 2003-cü ildə Avropada Təhlükəsizlik məsələlərinə dair Münhen konfransında verdiyi bəyənatlar Rusiyanın mövcud dünya nizamı ilə bağlı fərqli baxışlara malik olmasının soyuq müharibədən sonra ilk nümayişi idi. Bu bəyənat göstərdi ki, Rusiya, ardınca isə Çin, habelə, İran, daha sonra isə BRİKS təşkilatına daxil olmuş dövlətlər ABŞ-ın yeni dünya nizamı ilə bağlı geosiyasi baxışlarını bölüşmürlər”, – deyə Elşən Manafov əlavə edib.

“Çinin Cənub-Şərqi Asiya regionunda öz nüfuz dairəsini genişləndirmək üçün həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, həmçinin Tayvan məsələsində ABŞ-la açıq qarşıdurma xəttinə yaxınlaşması qlobal güc balansında yeni mərhələnin formalaşdığını göstərir, – deyə politoloq qeyd edib.

“İranın proksi qüvvələr vasitəsilə ABŞ və İsrailə qarşı Yaxın Şərqdə aktiv mübarizə mərhələsinə keçməsi regionun geosiyasi mənzərəsini dəyişdirməyə yönəlmiş addım kimi qiymətləndirilir.
Rusiya isə postsovet məkanında nüfuz dairəsi uğrunda mübarizədə Qərbə güzəştə getməyəcəyini, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətləri fonunda açıq şəkildə nümayiş etdirir.

Moskva qlobalistlər və sionist dairələrlə Ukraynada hərbi qarşıdurmaya getməkdən çəkinməməsi, birqütblü dünya nizamının saxlanılması uğrunda mübarizədə ABŞ siyasətinin tədricən iflasa uğramasının göstəricisidir”, – deyə E. Manafov açıqlayıb.

“Regionlar ugrunda mübarizə əslində, bazarlar, nüfuz dairələri, xammal mənbələri uğrunda mübarizənin reallıqlarından, enerji bazarlarına nəzarət, silah satışını artırmaq və regionlardakı vəziyyətə nəzarəti həyata keçirməkdir. Yerli siyasi elitalarla korporativ maraqlar zəminində əməkdaşlığı gücləndirmək istəyindən irəli gəlir, – deyə o, vurğulayıb.

“Azərbaycan bölgə ətrafında geosiyasi mübarizənin reallıqlarından məharətlə istifadə edib. Özünün iqtisadi və hərbi gücünü artırmaq yolu ilə Ermənistanla savaşdan qalib çıxdıqdan sonra, region ətrafında geosiyasi duruma təsir imkanlarına malik dövlət kimi ona müxtəlif güc mərkəzləri tərəfindən maraq xeyli artıb. Bölgənin UDM-nin əhəmiyyətli hissəsini ərsəyə gətirən, regional təhlükəsizliyə öz töhfəsini verən, ciddi enerji resurslarına, dəhlizlərə çıxış imkanlarına malik olan dövlət kimi bu anlaşılandır.
Yerləşdiyi bölgənin ətrafında daim geosiyasi gərginliyin olmasından çıxış edərək rəsmi Bakı bir qayda olaraq region ətrafında avroatlantlar və avraziyaçılar arasında gedən mübarizədə yer almağa tələsməyib. Regional və milli təhlükəsizlik maraqlarından çıxış edərək siyasətini məlum tərəflərlə, münasibətlərdə qarşılıqlı maraqların gözlənilməsi müstəvisində aparmağa üstünlük verib. Və bunun nəticəsidir ki, bloklara qoşulmayan dövlətlərin cərgəsində yer alıb. BMT-dən sonra dünyada 2-ci nüfuzlu təşkilat olan blokun sədri vəzifəsinə qədər yüksəlib.
Bəlli dövlətlərlə münasibətlərdə gərginliyin yaşandığı dönəmlərdə belə, rəsmi Bakı münasibətlərə gərginlik gətirə biləcək addımlar atmağı dövlətçilik maraqları baxımından arzuolunmaz bilib. Gərginliyin səngiməsində diplomatiyanın xidmətlərindən yararlanmağı daha məqsədəmüvafiq bilib”, – deyə politoloq sonda deyib.

Dəniz Pənahova
KONKRET.az

Избранный
101
1
konkret.az

2Источники