RU

Dədə Ələsgər Ocağı İctimai Birliyinin icra etdiyi layihənin təqdimat tədbiri keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan mədəniyyətinin müasir rəqəmsal alətlər vasitəsilə təbliği üçün multifunksional veb-platformanın yaradılması” adlı layihənin 7 mart 2026-cı il tarixində Bakı şəhərində Şahənşah Sarayında ilkin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan mədəni irsinin qorunması, rəqəmsallaşdırılması və müasir texnologiyalar vasitəsilə geniş auditoriyaya çatdırılmasına yönəlmiş layihə haqqında geniş məlumat verilib.

Tədbiri açılış nitqi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri Xətai Ələsgərli açaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün elan edilmiş qrant müsabiqəsi çərçivəsində qalib seçilib. Qeyd edib ki, Azərbaycan mədəniyyəti zəngin və çoxşaxəli irsə malikdir və bu irsin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədi məhz bu zəngin mədəni irsi müasir rəqəmsal alətlər vasitəsilə toplayaraq sistemləşdirmək və onu daha geniş auditoriyaya əlçatan şəkildə təqdim etməkdir. Bu məqsədlə mədəni dəyərləri əhatə edən multifunksional və interaktiv veb-platformanın yaradılması nəzərdə tutulur.

Tədbir zamanı “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin idarə heyətinin üzvü Taleh Əliyev iştirakçıların suallarını cavablandıraraq layihənin praktiki tərəfləri və veb-platformanın funksional imkanları haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində Azərbaycan mədəni irs nümunələrinin toplanması və rəqəmsallaşdırılması həyata keçiriləcək. Eyni zamanda müxtəlif multimedia materiallarının – foto, video, audio və 3D modellərin hazırlanması planlaşdırılır. Bununla yanaşı, virtual sərgilərin təşkili və interaktiv mədəniyyət xəritələrinin yaradılması da layihənin əsas istiqamətlərindən biridir.

Bildirilib ki, yaradılacaq rəqəmsal platforma Azərbaycan gəncləri və tələbələri, mədəniyyət tədqiqatçıları, yaradıcı şəxslər, diaspor nümayəndələri və ölkəmizə maraq göstərən xarici turistlər üçün etibarlı və maraqlı informasiya mənbəyi olacaq. Platforma vasitəsilə Azərbaycan mədəniyyəti ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılması və bu sahədə rəqəmsal resursların formalaşdırılması nəzərdə tutulur.

Tədbir iştirakçıları layihəni maraq və rəğbətlə qarşılayaraq onun milli mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq miqyasda tanıdılması baxımından mühüm təşəbbüs olduğunu qeyd ediblər. Vurğulanıb ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə mədəni irsin rəqəmsallaşdırılması bu dəyərlərin qorunmasına və daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcək.

Layihənin həyata keçirilməsi Azərbaycan mədəniyyətinin rəqəmsal mühitdə daha geniş təbliğinə və milli irsimizin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.

Избранный
26
3
herbiand.az

4Источники