RU

“Ağlınızı başınıza yığın!” - Türk generaldan ÇAĞIRIŞ

Son günlər Türkiyə mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası yenidən aktivləşib. Azərbaycanın İsrailə guya dəstək verdiyi haqda əsassız iddialar tirajlanır, rəsmi Bakının mövqeyi təhrif olunur. Bu kampaniya əvvəlki Qəzza anklavında gedən hərbi əməliyyatlar və “Avroviziya” yarışmaası dövründə olduğu kimi, “deepfake” və uydurma məlumatlarla möhkəmləndirilir.

Musavat.com bildirir ki, artıq Türkiyə Rabitə və Kommunikasiya Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, bölgədə baş verənlərlə əlaqədar olaraq, xüsusilə sosial mediada, bəzi platformalarda Azərbaycana yönəlik, məqsədini aşan tənqid, dezinformasiya və provokasiya xarakterli paylaşımlar edildiyi müşahidə olunur.

Türkiyə

“Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan yalnız bu gün deyil, keçmişdə də bir çox sınaqlardan uğurla çıxmışdır. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderlər səviyyəsində öncülük etdiyi ikili münasibətlər hər səviyyədə “Bir millət, iki dövlət” şüarı ilə yürüdülür. İctimaiyyətin bu qardaşlığa zərər verə biləcək, məqsədini aşan fikirlərə, dezinformasiyalara və qarayaxma fəaliyyətlərinə qarşı daha diqqətli olması, kritik məsələlərdə Türkiyə və Azərbaycan rəsmilərinin açıqlamalarına diqqət yetirməsi xüsusilə xahiş olunur",_ deyə bəyanatda çağırış edilib.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz isə Musavat.com-a bildirib ki, biz eyni soy, eyni mədəniyyət və tarixdən bu qədər “bir millət, iki dövlət” şüuru ilə hərəkət edən iki müstəqil dövlətik. Onun sözlərinə görə, iki müttəfiq dövlətin regional və beynəlxalq məsələlərdə öz ölkələrinin maraqlarına uyğun baxışları ola bilər. “Qarabağ zəfərindən sonra Şuşa bəyannaməsi ilə tarixin ən yüksək səviyyəsinə çatan strateji əməkdaşlıq “bir millət, iki dövlət” anlayışını bu gün lazım gəldikdə “bir millət, iki dövlət, tək ordu”, yəni “bir millət, iki dövlət - 95 milyon” səviyyəsinə yüksəlib. Bu "dumanlı havalarda" yaranmış mühiti fürsət bilərək, Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq istəyənlər, başda sosial media olmaqla digər platformalarda bunu fürsətə çevirməyə çalışanlar öz dövlətlərinə zərər verməkdədirlər. Əlbəttə ki, sosial media çirkli bir mühitdir. Bu çirkli mühitdə xarici kəşfiyyat oyunçuları və pulla satın alınmış insanlar var. Bu insanlar hazırkı qaranlıq mühitdə öz şəxsiyyətlərini və kimliklərini gizlədərək “görəsən qalada bir deşik aça bilərikmi?” düşüncəsi ilə hərəkət edirlər”,_ deyə türkiyəli general deyib.

Azərbaycan-Türkiyə

Onun fikrincə, elə insanlar da var ki, məsuliyyətli davranmalı olduqları, ağızlarından çıxanı qulaqlarının eşitməsi lazım olduğu halda, pozucuların yaratdığı dağıntıdan daha böyük dağıntı yaradırlar: “Ona görə də üç-beş fərqli düşüncəli insanların sözlərinə deyil, Prezidentə, Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və rəsmi qurumlara diqqət yetirilməlidir. Belə bir dövrdə məsuliyyət hissi ilə davranaraq düşmənləri sevindirməmək barədə rəsmi xəbərdarlıq da edilib. Bununla da Türkiyə dövlətinin baxış bucağı ifadə olunub. Lakin Türkiyə-Azərbaycan sevgisini ürəklərə həkk etmiş 95 milyon insanın və dövlətlərimizin münasibətlərinə təsir göstərə bilməzlər. Hər kəs ağlını başına almalıdır!"

 

Xalidə Gəray
Musavat.com

Избранный
20
musavat.com

1Источники