BAKI, 10 mart. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondan ABŞ və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə neft ixracına icazə verilməyəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə korpusun rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam etdiyi müddətdə İran silahlı qüvvələri regiondan ABŞ və onun tərəfdaşlarına “bir litr belə” neft ixracına imkan verməyəcək.
“İran İslam Respublikasının silahlı qüvvələri mövcud ABŞ təcavüzü şəraitində regiondan düşmən tərəfə və onun tərəfdaşlarına bir litr belə neft ixracına icazə verməyəcək”, - deyə Naini bildirib.
General bildirib ki, İran regionun enerji resurslarını və təhlükəsizliyini qorumağa hazırdır.
O əlavə edib ki, İran ordusu müharibənin genişlənməsinə də hazırdır və münaqişənin nə vaxt başa çatacağını Tehran müəyyən edəcək.