RU

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirildi

BAKI, 10 mart. TELEQRAF

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib.

Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək son illər ölkəmizdə rəqəmsal transformasiya proseslərinin sürətlənməsi istiqamətində kibertəhlükəsizlik və kibersuverenlik məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib, bu baxımdan konfransın dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları, mövcud yanaşmalar və aparılan tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunduğunu vurğulayıb. O, qeyd edib ki, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul olunması, eləcə də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müəyyənləşdirilməsi bu sahədə elmi əsaslı yanaşmaların və institusional əməkdaşlığın aktuallığını daha da artırıb. “Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır” mövzusunda geniş məruzə ilə çıxış edən akademik, mövzunun Azərbaycanda yeni rəqəmsal arxitekturanın formalaşdırılması zəruriyyəti və qlobal texnoloji çağırışlar kontekstində onun elmi-texnoloji əsaslarının işlənməsi məsələsinə həsr olunduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında kibersuverenlik məsələsinə milli təhlükəsizlik və dövlət maraqları prizmasından yanaşaraq bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin suverenliyinə yeni çağırışlar, tələblər formalaşdırır. Onun sözlərinə görə, kiberməkan artıq yalnız texnoloji sahə deyil, həm də siyasi, iqtisadi, sosial və mədəni proseslərə təsir göstərən mühüm strateji mühitə çevrilib. Bu səbəbdən dövlətlərin kibersuverenliyinin qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal dövlət quruculuğu, süni intellekt texnologiyalarının tətbiqi və cəmiyyətin rəqəmsallaşdırılması istiqamətində mühüm addımların atıldığını söyləyən məruzəçi bu proseslər fonunda ölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyinin möhkəmləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, bu kimi elmi konfransların kibersuverenliyə dair aktual problemlərin müzakirəsi və yeni yanaşmaların formalaşdırılması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı Mərkəzin əsas fəaliyyət istiqamətləri, kritik informasiya infrastrukturu kimi müəyyənləşdirilmiş sahələr, bu sahədə formalaşdırılan normativ-hüquqi mexanizmlər barədə ətraflı məlumat verib, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli Fərmanının əhəmiyyətinə toxunaraq qeyd edib ki, məhz bu sənəddən irəli gələrək ölkədə vahid və sistemli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına başlanılıb. Kibertəhlükəsizliyin dövlət təhlükəsizliyinin əsas sütunlarından birinə çevrildiyini diqqətə çatdıran natiq konfransın mövzusunun müasir dövrdə olduqca aktual və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev XXI əsrdə dövlətlərin suverenliyinin ən mühüm elementlərindən birinin məhz kibersuverenlik olduğunu deyib. Kibersuverenliyin təmin olunması istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasının zəruriliyindən danışan rektor, bu sahədə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü, rəqəmsal transformasiya proseslərinə töhfə verə bilən yeni nəsil mütəxəssislərin hazırlanmasının ölkənin kibertəhlükəsizliyi və texnoloji inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov, eləcə də Azərbaycanda İnternetin İnkişafı Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Çıxışlarda dövlət informasiya sistemlərinin mühafizəsinin gücləndirilməsinin kibersuverenliyin əsas istiqamətlərindən biri olduğu, kiberməkanda yaranan risk və təhdidlərə qarşı mübarizənin dövlət qurumları, elmi mühit və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq tələb etdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal transformasiya və süni intellektin sürətli inkişafı fonunda kibersuverenliyin qorunması milli təhlükəsizliyin dayaqlarından biri kimi xüsusi aktuallıq kəsb edir və bu sahədə ölkədə ardıcıl tədbirlər həyata keçirilir.

Sonra akademik Rasim Əliquliyev tədbirdə çıxış edən alim və mütəxəssislərin, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin kibertəhlükəsizliyin təmin olunması ilə bağlı aktual çağırışları əks etdirən fikir və mülahizələrini yüksək qiymətləndirib və çıxışının sonunda tədbirin təşkilində göstərdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də vətəndaş cəmiyyəti sektorunun nümayəndələrinə dərin minnətdarlığını bildirib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Избранный
52
11
teleqraf.com

10Источники