RU

Pərvanə Vəliyeva: Pasiyent təhlükəsizliyi multidisiplinar əməkdaşlıq tələb edir

Millət vəkili Pərvanə Vəliyeva Pasiyentlərin təhlükəsizliyi və müasir müalicə yanaşmaları mövzusunda keçirilən elmi konfransda çıxış edərək bildirib ki, pasiyent təhlükəsizliyi səhiyyə sisteminin ən vacib istiqamətlərindən biridir.

 

O qeyd edib ki, pasiyentin müalicə aldığı tibb müəssisəsinin təhlükəsizlik qaydalarından tutmuş keyfiyyətli tibbi xidmət almasına qədər bütün proseslər pasiyent təhlükəsizliyinin tərkib hissəsidir. Millət vəkilinin sözlərinə görə, bu sahədə həm səhiyyə qanunvericiliyi, həm də tibb mütəxəssisləri arasında əməkdaşlıq mühüm rol oynayır.

 

Pasiyent Təşkilatları İttifaqı tərəfindən təşkil olunan tədbirin bu baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayan Pərvanə Vəliyeva bildirib ki, konfrans yeni təcrübələrin paylaşılması, həkimlər və mütəxəssislər arasında əməkdaşlığın genişlənməsi baxımından vacib platformadır.

 

Deputat əlavə edib ki, pasiyent təhlükəsizliyi multidisiplinar yanaşma tələb edir və bu prosesdə həkimlər, tibb bacıları, tədqiqatçılar, laboratoriya mütəxəssisləri, sosial işçilər və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməlidir.

 

O, həmçinin qeyd edib ki, son illər səhiyyə sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişlənir. Onun sözlərinə görə, süni intellekt həkimləri əvəz etməsə də, diaqnostika və ilkin mərhələdə xəstəliklərin aşkarlanmasında mühüm köməkçi rol oynaya bilər.

 

Pərvanə Vəliyeva bildirib ki, süni intellekt əsaslı alqoritmlər xüsusilə regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dəstək verə bilər. Deputat sonda konfrans iştirakçılarına və məruzəçilərə uğurlar arzulayıb.

Zəhra Ağayeva

Избранный
80
qht.az

1Источники