RU

Türkiyəyə raketi İran atır, yoxsa? – SENSASİON DETALLAR

Regionda baş verən son hadisələr və Türkiyə ərazisinə raket düşməsi ilə bağlı məlumatlar ciddi müzakirələrə səbəb olub. Proseslərin sonrakı aqibəti isə xüsusi narahatlıq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə bildirib ki, burada əsas məsələ texniki tərəfdən kifayət qədər müasir silah sayılan ballistik raket və qırıntılarıdır. Onun trayektoriyası və haradan atıldığı ilə bağlı məlumatlar Türkiyə tərəfindən İrana təqdim olunub və bu məsələ ətrafında müzakirələr aparılır:

Heydər

Ekspert qeyd edib ki, hazırda İranda dövlət idarəçiliyində müəyyən xaotik vəziyyət müşahidə olunur və qərarların kim tərəfindən verildiyi tam aydın deyil.

“Orduda komandanlığın kimdə olduğu, əmrlərin kim tərəfindən verildiyi və yeni seçilmiş rəhbərliyin proseslərə nə dərəcədə nəzarət etdiyi sual doğurur. İran 80 milyon əhalisi olan böyük ölkədir və hazırda orada müxtəlif siyasi və hərbi qüvvələr fəaliyyət göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, hadisələr İranın xeyrinə inkişaf etməzsə, uduzan tərəf kimi daha sərt addımlar ata bilər. Hazırkı mərhələdə vəziyyət birmənalı deyil”, – deyə o qeyd edib.

Hərbi ekspertin sözlərinə görə, mövcud qarşıdurmanın uzunmüddətli münaqişəyə çevrilməsi ehtimalı da istisna deyil.

“Bu, heç də xoşagələn olmayacaq. Lakin İranda bəzi hərbi dairələrin münaqişəyə mümkün qədər çox tərəfi cəlb etməyə çalışacağı ehtimalı var”, – deyə H.Mirzə əlavə edib.

“Bir neçə gün əvvəl Azərbaycanın ərazisində baş verən insidenti gördük. İndi isə Türkiyə ərazisinə yenidən raket atıldığı bildirilib. Münaqişənin ikinci günü də Türkiyəyə raket atılmışdı və həmin vaxt o, NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilmişdi. Mən NATO-nu təsadüfən qeyd etmirəm. Əgər İran tərəfindən belə insidentlər davam edərsə, Türkiyənin NATO ilə əməkdaşlığının daha da güclənməsi və qərbyönlü siyasətinin daha qabarıq şəkildə ortaya çıxması mümkündür. Bu təhlükə Ankaranı Avropa və NATO ilə daha sıx koordinasiyaya sövq edə bilər”, – deyən ekspert analiz edib.

Heydər Mirzə onu da vurğulayıb ki, Türkiyə ərazisində NATO-nun mühüm hərbi bazaları yerləşir.

“Bunlardan ən böyüklərindən biri “İncirlik” bazasıdır. Bu baza strateji əhəmiyyət daşıyır və burada hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, həmçinin nüvə silah sistemlərinə aid komponentlər mövcuddur. Bu isə onu İran üçün potensial hədəfə çevirə bilər. Əgər belə bir bazaya hücum olarsa, bu, faktiki olaraq həm Türkiyəyə, həm də NATO-ya qarşı hücum kimi qiymətləndiriləcək”.

“Türkiyənin həm daxili siyasəti, həm də ictimai rəy bu məsələlərə müxtəlif cür yanaşır. Üstəlik, ölkədə seçkilərin yaxınlaşması vəziyyəti daha da həssas edir. Hər bir halda belə insidentlər region üçün xoşagələn hadisə deyil”, – deyə ekspert vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Избранный
47
50
konkret.az

10Источники