RU

Qara küncütün faydaları nələrdir? - ARAŞDIRMA

Sosial şəbəkələrdə son vaxtlar qara küncütə maraq sürətlə artır. İstifadəçilər onu “yeni matça” adlandırır və qan şəkərinin azalmasından tutmuş ürək-damar xəstəliklərinin qarşısının alınmasına, hətta ağarmış saçların əvvəlki rənginə qayıtmasına qədər bir sıra faydalı xüsusiyyətlərə malik olduğunu iddia edirlər. Lakin mövcud elmi araşdırmalar bu iddiaların əksəriyyətini hələ təsdiqləmir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, küncüt toxumları ağ, sarı və qara növlərdə olur. Onlar əsrlərdir Asiya mətbəxində həm şirin, həm də duzlu yeməklərdə istifadə edilir. Küncüt toxumları yüksək miqdarda yağ (təxminən 50–64 faiz) ehtiva edir və eyni zamanda zülal mənbəyi sayılır. Bu səbəbdən küncüt yağı kulinariyada geniş istifadə olunur.

Tərkibinə görə qara küncüt ağ küncütdən müəyyən qədər fərqlənir. Onun tərkibində adətən yağ, zülal və karbohidratların miqdarı daha çox olur, həmçinin bəzi vitamin və mineralların səviyyəsi də yüksəkdir. Lakin bununla yanaşı, qara küncüt daha kalorili hesab edilir.

Küncüt toxumlarında həmçinin “antinutrientlər” adlanan maddələr də mövcuddur. Bunlara fitin və oksalat turşuları daxildir. Bu birləşmələr dəmir, kalsium və sink kimi minerallarla birləşərək onların orqanizm tərəfindən mənimsənilməsini azalda bilər. Bununla belə, küncütün adi miqdarda istifadəsi adətən sağlamlıq üçün problem yaratmır.

Küncütün əsas üstünlüklərindən biri onun tərkibində antioksidantların olmasıdır. Bu maddələr hüceyrələrə zərər verə bilən sərbəst radikalları zərərsizləşdirməyə kömək edir. Araşdırmalar göstərir ki, qara küncütdə antioksidant xüsusiyyətlərə malik fenollar və lignanlar ağ küncütdən daha çoxdur.

Laboratoriya şəraitində hüceyrələr və heyvanlar üzərində aparılan eksperimental tədqiqatlar göstərir ki, bu lignanlardan biri olan sezamin xolesterinin və arterial təzyiqin azalmasına kömək edə, həmçinin şiş əleyhinə xüsusiyyətlər göstərə bilər. Lakin alimlər qeyd edirlər ki, bu nəticələr hələlik insanlarda eyni təsirin mütləq baş verəcəyini göstərmir.

Klinik tədqiqatlar isə hələ çox azdır. Altı kiçik araşdırmanı və ümumilikdə 465 nəfəri əhatə edən sistematik icmal göstərib ki, küncüt istehlakı bədən kütləsi indeksinin, xolesterinin və arterial təzyiqin azalması ilə əlaqəli ola bilər. Bununla belə, tədqiqat müəllifləri sübutların keyfiyyətinin aşağı olduğunu və qəti nəticə çıxarmağın hələ mümkün olmadığını bildirirlər.

Qara küncütün ayrıca təsiri də araşdırılıb. Bir tədqiqatda iştirakçılar dörd həftə ərzində gündə təxminən 2,5 qram qara küncüt ekstraktı qəbul ediblər. Yüksək qan təzyiqi olan şəxslərdə sistolik təzyiqdə cüzi azalma müşahidə olunub. Lakin bu istiqamətdə yalnız bir araşdırma mövcud olduğundan təsirin təsdiqləndiyini demək hələ tezdir. Qara küncütün ağarmış saçların təbii rəngini bərpa etməsi ilə bağlı məşhur iddiaya gəlincə, bunun üçün də elmi sübut yoxdur. Hazırda heç bir qida məhsulunun saçların ağarma prosesini geri çevirdiyini təsdiqləyən etibarlı məlumat mövcud deyil.

Nuriyyə NATİQQIZI

Избранный
51
24
redaktor.az

10Источники