RU

Sahibsizlər



Söyüş, təhqir, böhtan acizlik əlamətidir. Deməyə başqa sözü olmayanların söyüş və təhqirdən istifadəsi əslində onların nə qədər gücsüz olduğunu sübut edir.
İslam tarixindən aydın olur ki, müsəlmanlar arasında söyüş və təhqir ənənəsini Əməvilər, əsasən Müaviyyə gətirib. O qoyduğu bu ənənə ilə 70 ildən artıq İmam Əlini hətta məscid minbərlərindən təhqir etdirdi. Amma sonda özü xar oldu. Təhqir edənlər günah qazanıb cəhənnəmə vasil oldu, söyülən Əhli Beytin isə daha da fəziləti artdı. Dinimiz baxımından təhqir və məsxərə çox böyük cəzası olan əməldir. Uca Yaradan bu işi görənlər barədə "vay" kəlməsin istifadə edir:
Huməzə surəsi, 1: "İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına".
Bu gün də eyni mənzərənin fərqli formada təkrarlandığını görürük. Bəzi şəxslər xaricdə oturaraq sosial şəbəkələr vasitəsilə söyüşü, təhqiri və böhtanı özlərinə “siyasi fəaliyyət” kimi təqdim etməyə çalışırlar. Halbuki bu, nə siyasətdir, nə də mübarizə. Bu, sadəcə olaraq mənəvi iflasın və düşüncə kasadlığının açıq göstəricisidir. Arqumenti olmayan, faktı olmayan, xalq qarşısında nüfuzu olmayan insanlar söyüşü özlərinə silah seçirlər.
Siyasi polemika mədəniyyət, arqument və ideya tələb edir. Kiminsə ailəsini, şəxsi həyatını hədəfə almaq isə artıq siyasət yox, tərbiyəsizlik və məsuliyyətsizlikdir. Tarix boyu bu yolu seçənlər heç vaxt hörmət qazanmayıblar. Çünki böhtan üzərində qurulan heç bir fəaliyyət uzunömürlü olmayıb və olmayacaq.
Xüsusilə dövlət rəhbərliyinə və onun ailə üzvlərinə qarşı aparılan bu cür çirkin kampaniyalar cəmiyyətə heç nə qazandırmır. Əksinə, bu davranışlar öz müəlliflərini daha da ifşa edir. Çünki xalq çox yaxşı anlayır ki, tənqid ayrı şeydir, söyüş və böhtan isə tam başqa şeydir. Tənqid edən insan arqument gətirir, söyüş söyən isə sadəcə öz səviyyəsini göstərir.
Tarix də, din də bizə açıq şəkildə göstərir ki, söyüş və böhtan üzərində qurulan heç bir yol insanı ucalda bilməz. Bu yol yalnız mənəvi iflasa aparır. Bu gün sosial şəbəkələrdə təhqiri “mübarizə”, böhtanı isə “söz azadlığı” kimi təqdim etməyə çalışanlar əslində öz acizliklərini bütün çılpaqlığı ilə nümayiş etdirirlər.
Unudurlar ki, böhtanın səsi bəzən gur çıxa bilər, amma həqiqətin səsi daha uzun yaşayır. Tarix dəfələrlə sübut edib ki, təhqir edənlər zamanın tozlu səhifələrində itib gedir, ləyaqətlə dayananlar isə yaddaşlarda qalır. Ona görə də bu gün söyüş və böhtan üzərində “siyasət” qurmağa çalışanlar bilməlidirlər ki, onların səsi nə qədər gur olsa da, sözlərinin arxasında nə həqiqət, nə də hörmət var. Həqiqətin qarşısında isə böhtanın aqibəti həmişə eyni olub – gec-tez ifşa və rüsvayçılıq. Söyüşü “mübarizə” kimi təqdim edənlər isə əslində sahibsiz sözlərin arxasında gizlənən sahibsiz düşüncələrin nümayəndələri olan sahibsizlərdir.

Yusif Bağırzadə, politoloq
Избранный
113
newscenter.az

1Источники