
Ömür yolu rəvan olmur.Bu yolların yoxuşu, enişi var.Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır.Onunla səngərdə-cəbhədə tanış olmağımdan 34 il ötür. Elə müsahibim olduğu andan söz-söhbətimiz alındı və bu, bugünədək davam edən dostluğa çevrildi.Ondan çox şey öyrəniləsidir.Vətənpərvərlikdən pedaqoqluğadək, döyüşkənlikdən siyasətədək. Bayram Heydər oğlu ingilis dili müəllimi olduğu üçün( ilk ali təhsilini Xarici Dillər İnstitunda alıb) bir hərbiçi kimi ölkəmizi ali kürsülərdə də layiqincə və ləyaqətlə təmsil etməyi bacardı.
O, əsl insan, böyük şəxsiyyətdir.Həqiqi mənada humanist, vicdanlı, təmiz qəlbli Azərbaycan övladıdır. Böyüklə böyük, cavanla cavan, uşaqla uşaq kimi danışmağı bacaran, hər kəslə eyni dildə ünsiyyət quran nadir şəxsiyyətlərdəndir Onun üçün insanın yaşı, vəzifəsi, statusu deyil, xarakteri, əxlaqı, ehtiyacı əsasdır.
Onu fərqləndirən ən əsas cəhətlərdən biri insanları dərindən hiss etmək və anlamaq qabiliyyətidir. Enerjisi bitməzdir. Saatlarla gözəl natiq kimi danışa bilər, insanı yormayan maraqlı nitqə malikdir.Bayram müəllim adamları “kitab kimi oxuya bilir". Kimin üzündə təbəssüm saxtadır, kimin içində bir dərd gizlənir — bunu dərhal sezir. Gözünə hər hansı şübhəli hal dəyərsə, o insanı rahat buraxmaz. Soruşar, maraqlanar, halını öyrənər. Ta ki, içindəki sıxıntını üzə çıxarana qədər. Amma məsələ təkcə bunu öyrənməklə bitməz. O, mütləq çözüm axtarar. Kömək etmədən, əlindən gələni etmədən geri çəkilməz.
Bunun saysız-hesabsız nümunələri var. Hər birinin arxasında bir ailənin, bir insanın taleyinə toxunan xeyirxah əməl dayanır.
Onun yüzlərlə əsgəri cərgə zamanı bir anda süzüb dərhal qayğılarıyla maraqlanmasının da şahidi olmuşam. Bayram Məmmədov zabit heyətinin əsgərlərlə davranışını da gözdən qaçırmırdı. Müdafiə Nazirliyində ,Texniki Təlim Mərkəzində kafedra müdiri işləyəndə də tez-tez müsahibim olurdu.
O, diplomatiyanı və dövlət siyasətini mükəmməl bilən əsl mütəxəssisdir.Belə insanlar həssas xarakterli olur.
Əziz dostum bu gün də ictimai-siyasi həyatımızda baş verən sahələrdə öncüllərdəndir. TAİB-in İdarə Heyətinin üzvü olaraq da bir yerdəyik.
Yüksək mədəniyyətə malik olan dostum həm də çox təmkinli, əsl Azərbaycan kişisinə xas olan ağsaqqal düşüncəlidir Bayram müəllim istedadlı qələm sahibi, gözəl yazıçıdır. Unudulan zəhmət adamlarına yeni həyat verməyi məharətlə bacarır.
O, dövri mətbuatda mütəmadi olaraq nəşr olunur. Zəngilanın unudulmaqda olan işıqlı insanları haqqında bir-birindən maraqlı məqalə və oçerklər, xatirələr yazır.
Bu günlərdə "525-ci qəzet" də mərhum anası Məstan xanımın və böyük dayısı Surxay kişinin, eləcə də doğmalarının -zəngilanlılarının Böyük Vətən Müharibəsi illərində yaşadıqları acı taleyi 80 ildən sonra həssaslıqla, sanki o günləri özü yaşadığı kimi qələmə alıb.Düzü məqaləni oxuyanda mən də çox kövrəldim.
“Anamın bir qəhərinin rəngini indi də unutmamışam: qapqara bir qəhəriydi. Özümü biləndən, sözü-sözdən ayırd etməyi bacarandan bəri hiss etmişəm ki, anamın göz yaşlarıyla islansa da, bu qəhərin rəngi həmin rəngdi, zərrəcə dəyişməyib "
Onun haqqında çox yazmaq olar.Bu gün dəyərl dostum ,Azərbaycan Respublikasının Əməkdar müəllimi, ehtiyatda olan polkovnik -leytenant Bayram Heydər oğlu Məmmədovun 70 yaşı tamam oldu.Sözsüz ki, onu təbrik edən onlara dost-tanışı,qonum-qonşusu və doğmaları olacaq. Mən də əzizimi -gənclik dostumu təbrik edir və həmişə ailəsinin başının üstündən əskik olmamağı,qalan ömrünü də sağlam canla yaşamağı arzulayıram.
Mübariz Süleymanlı
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi İdarə heyətinin, Azərbaycan Müharibə ,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və AYB-nin üzvü