Mövsümün əvvəlində “Qalatasaray”ın böyük ümidlərlə “Mançester Siti”dən heyətinə qatdığı İlkay Gündoğanın hələ ki Türkiyə karyerasının uğurlu alındığını söyləmək çətindi. Uyğunlaşma dönəmini tam başa vurmayan təcrübəli futbolçuya zədələr də mane olur. 35 yaşlı yarımmüdafiəçi bu mövsüm iştirak etdiyi 27 rəsmi oyunda hesabına 2 qol, 4 məhsuldar ötürmə yazıb.
"Football-plus.az"ın məlumatına görə, “Siti”də sərgilədiyi oyunla dünya ulduzu səviyyəsinə yüksələn və bütün mümkün titulları qazanan İlkay bugünlərdə Almaniyanın “Frankfurter Allgemein” nəşrinə müsahibə verib. Gündoğan həyatı və karyerası ilə bağlı ona yönəldilən maraqlı suallara geniş olmasa da, səmimi cavablar verib.
- Bir futbolçu kimi sizin üçün ən böyük xöşbəxtlik nədi?
- Futbola, sadəcə, bir hobbi kimi başlamışdım. Amm hobimi əsas peşəmə çevirməyi bacardım. Özü də ən yüksək səviyyədə. Həmişə də bunun sevincini yaşayıram.
- Bəs bir futbolçu kimi sizi ən çox məyus edən nədi?
- Bu işin, yəni futbolun amansız tərəfinin getdikcə artması. Sıfırdan başlayıb qəhrəmana çevrilirsən. Ancaq bir müddət sonra bunun tam əksini yaşayırsan. Özü də belə şeylər hər il daha da dözülməz hal alır. Haqqında bəhs etdiyim bu məqam psixoloji çətinlikləri artırır. Xüsusilə gənc futbolçular və onların ətrafındakı insanlar üçün.
- Ən yaxşı futbolçunu hansı sözlərlə xarakterizə etmək olar?
- Mənim üçün ən yaxşı futbolçu topu qəbul etmədən artıq nə edəcəyini bilən oyunçudu. Topla ilk təmas və meydanı görmək, başverənləri anlamaq qabiliyyəti də önəmlidi. Yaxşı futbolçu təkcə topla oynamır. Eyni zamanda vaxt və meydanın müəyyən qarışını qazanmaq baxımından da irəli düşür.
- Karyeranız ərzində qarşılaşdığınız ən güclü futbolçu kim olub?
- Lionel Messi. O, hər cür taktika və sistem anlayışından kənara çıxır. Məsələn, oyun ərzində ilk 80 dəqiqədə onun qarşısını kəsə bilərsən. Amma son 10 dəqiqədə elə şeylər edə bilər ki, sənin bütün taktikan alt-üst olacaq. Həm də şəxsi fikrim belədi ki, qarşıdakı onilliklər ərzində bir də çətin belə futbolçu ortaya çıxsın!
- Karyeranızın ən önəmli məşqçisi kimdi?
- Maykl Enninq! Çünki məni tapıb əvvəlcə “Bohum”dan “Nürnberq”ə gətirdi, sonra da peşəkar futbola yolumu açdı. Digər məşqçilər məni milli səviyyədən beynəlxalq səviyyəyə qədər daşıdı. Amma futbolçu üçün həvəskar səviyyədən peşəkar səviyyəyə keçid hər zaman önəmli addımdı. Mən bu addımı məhz Enninqin sayəsində atdım.
- Hansı keyfiyyətlərə malik olan insanlara münasibətdə heyranlıq hissi duyursuz?
- Qazandığı çox böyük uğurlara, çoxsaylı titullara rəğmən, təvazökarlığını, dürüstlüyünü, eləcə də əxlaqını qoruyub saxlayan insanlara.
- Bəs futbolda ən çox nəyi təqdir edirsiz?
- Mənim üçün ən təqdirəlayiq məqam sabitlikdi. Bir dəfə parlamaq, hər kəsin diqqətini cəlb etmək asan işdi. Amma on il ərzində hər kəs tərəfindən qəbul edilən dünya səviyyəli futbolçu kimi qalmaq həm fiziki, həm də psixoloji cəhətdən çox çətindi.
- Bir oyunun gedişində sizi ən çox nə qorxuda bilər?
- Nəzarətin, intizamın əldən verilməsi. Nəticədən çox məni məhz bu məqam qorxudur. Kollektiv şəkildə oyun intizamının pozulmasını və matçın tam bir xaosa çevrilməsini nəzərdə tuturam.
- Futbolda hansı qaydaları dəyişmək istərdiz?
- Futbola “təmiz vaxt” anlayışını gətirərdim. Bu, vaxtı uzatmaqla bağlı taktikaların, hərəkətlərin kökünü birdəfəlik kəsərdi. Eləcə də idman rəqabətinin bütünlüyünü dəstəkləyərdi. Ancaq bunu oyunların sayı az olanda həyata keçirmək mümkündü. Əks halda futbolçuların yükü daha da artacaq.
- Ən çox sevdiyiniz futbolçu kimdi?
- Xavi Ernandes və Andres İnyesta. “Barselona”nın ən yaxşı dönəmindəki matçlarını sevə-sevə izləyirdim. Bu iki futbolçunu da həmişə diqqətdə saxlayaraq onlardan çox şey öyrənməyə çalışırdım.
- Bəs ən çox sevdiyiniz baş məşqçisi kimdi?
- Dəqiq planı, fəlsəfəsi olan və bunu oyunçulara aşılamağı bacaran hər məşqçiyə böyük hörmətim var. Xosep Qvardiola bu baxımdan mənim üçün hər kəsdən öndə gəlir. Düzünü desəm, məşqçilik karyerama onun yanında start vermək mənim üçün yuxunun reallığa çevrilməsinə bərabər olar. Amma kim bilir, bəlkə də Qvardiola o vaxta qədər artıq fəal məşqçilik karyerasını başa vuracaq...
- Bir komanda yoldaşınızda ən çox hansı özəlliyin olmasını təqdir edərsiz?
- Oyun zəkasını. Eləcə də daha uyğun mövqedə olan komanda yoldaşı varsa, topu ona atmağı bacarmalı və çətin durumlarda məsuliyyəti üzərinə götürməkdən çəkinməməlidi. Mənim üçün futbolçunun dürüst və sadiq olması da vacibdi. Ən əsası isə mənim nüfuzumdan asılı olmayaraq, oyunumla bağlı tənqidi məqamları üzümə deməyi bacarmalıdı.
- Ən böyük səhviniz nə olub?
- Heç kimə sirr deyil ki, peşəkar karyeramın əvvəllərində tez-tez zədələnirdim. Hətta buna görə futbol dünyasında çox şanssız bir futbolçu kimi ad çıxarmışdım. Ancaq illər ötəndən sonra bu gün etiraf etməliyəm ki, həmin zədələrin heç də hamısı şanssızlıqdan irəli gəlmirdi! Peşəkar həyat sürmək çox önəmlidi. Oyunlara hazırlıq, düzgün qidalanmaq, vaxtında yatmaq kimi məqamlar da böyük önəm daşıyır. Bu siyahıya başqa şeylər də əlavə etmək olar.
- Peşəkar futbolçunun həyat tərzinə dair əsas yanlış fikir nədir?
- Bir çox insan düşünür ki, futbolçu karyerasında uğur və pul qazandıqda artıq onun heç bir problemi qalmır. Peşəkar futbolçu şübhələri, narahatlığı olan bir insan kimi yaşamırsa, o andan etibarən onun problemləri başlayır. Yəni o artıq hər şeyi bildiyini zənn etməyə başlayır. Və ya futbolçular, adətən, kənardan məhz belə təsir bağışlayır. Ona görə də ətrafında insanlar çox olsa da, kənardan gələn gözləntilər hədsiz dərəcədə olduğu üçün insan özünü tənha hiss etməyə başlayır. Əslində bu təzyiqdən heç cür qurtulmaq olmur. Harda olursan-ol, həmişə müəyyən dərəcədə sənə təsir göstərir. Ona görə də xarakterinin özəlliklərini qorumağı bacarmalısan. Belə olanda insanlar səni yalnız performansınla xatırlayır.
- Messi, yoxsa Kriştiano Ronaldo?
- Messi.
- Qvardiola, yoxsa Klopp?
- Bəlkə də bu sual indiyə qədər mənə “necəsən”, “nə var, nə yox” sualından daha çox ünvanlanıb. Sözsüz, hər ikisi dünya səviyyəli mütəxəssisdi. Amma “Siti”də Qvardiolanın rəhbərliyi altında uzun illər keçirdiyim üçün o, mənə daha doğmadı. Hərçənd Kloppun Almaniya və İngiltərədə qazandığı uğurları nəzərə alsaq, o da inanılmaz səviyyədədi. Elə bir səviyyədi ki, ondan yuxarısı yoxdu.
- Müasir futbolda ən çox nəyi bəyənirsiz?
- Taktiki səviyyənin və oyunların tempinin son dərəcə yüksək olmasını.
- Bəs müasir futbolda ən çox nəyi bəyənmirsiz?
- Oyunların çoxluğu və təqvimin sıxlığı üzündən futbolçularda yaşanan doymuşluq hissini. Futbolun gələcəyi baxımından bu məqam oyunun səviyyəsini və futbolçuların sağlamlığını ciddi təhlükə altına atır. Bu baxımdan bəzən indi 18 yaşımda olmadığıma görə sevinirəm. Çünki bütün karyeram boyunca hər mövsüm ən azı 60-70 rəsmi oyuna çıxmağın mümkünlüyünü heç ağlıma da gətirmirəm.
- Boş günlərinizdə ən çox sevdiyiniz şey nə olur?
- Ailəmlə uzun və sakit bir səhəri açmaq, yaxşı qəhvə içmək və futbolla bağlı olmayan mövzular haqda danışmaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта