RU

Ramazan gecələrinin sədası: Misirdə “musəhhərati” ənənəsi

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 10 mart, AZƏRTAC

Ramazan ayında Misirin paytaxtı Qahirəyə gecənin sakitliyi çökəndə şəhərin qədim məhəllələrinin səssizliyini qəflətən ritmik nağara sədası pozur. Ardınca tanış bir səs eşidilir: “İsha ya nayim, vahidi-d-dayim!” (“Oyan, ey yatan, əbədi olan Allaha şükür et!”).

Bu, Ramazan ayının Misirdəki ən qədim və sevilən ənənələrindən birinin yaşadıcısı olan “musəhhərati”nin səsidir. O, gecə yarısından sonra məhəllələri dolaşaraq insanları sahur – sübh yeməyi üçün oyadır və Ramazan gecələrinə özünəməxsus ruh qatır.

Bu peşəni ata-babalarından öyrənən Hadi Tayib deyir ki, bu işi heç bir məcburiyyət olmadan, sevə-sevə görür. “Bu, sadəcə bir peşə deyil. Ramazan gələndə sanki bu səs şəhərin ruhuna çevrilir. Artıq 45 ildir gecələr küçələri gəzərək insanları sahur üçün oyadıram. Bu peşəni öz övladlarıma da öyrədəcəyəm. Bu işdə savab var”, – deyə o bildirir.

Onun əlindəki kiçik nağara (qədimdə “baza” adlanıb) və ya dəf ilə məhəllə boyunca ritmik səslər çıxarır. Bəzən o, evlərin qarşısında dayanaraq sakinləri adları ilə səsləyir. Bu anlarda məhəllə bir ailə kimi oyanır.

Tarixçilərin fikrincə, Misirdə bu ənənənin tarixi orta əsrlərə gedib çıxır. Xüsusilə Fatimilər xilafəti dövründə (X–XII əsrlər) şəhərlərdə küçələri gecə dolaşaraq insanları sahur üçün oyadan şəxslər olub.

Rəvayətlərə görə, həmin dövrdə xəlifə əl-Hakim bi-Əmrillah insanların təravih namazından sonra tez yatmasını tövsiyə edib və əsgərlərə gecələr qapıları döyərək müsəlmanları sahur üçün oyatmağı tapşırıb. Zaman keçdikcə, bu vəzifə xüsusi şəxslərə həvalə olunub və beləliklə, “musəhhərati” ənənəsi yaranıb.

Daha sonra Məmlüklər dövründə bu adət yenidən yayılıb. Xüsusilə, sultan Zahir Bəybars dövründə məhəllələrdə insanları sahur üçün oyadan şəxslər təyin edilib.

Sultan Nasir Məhəmməd ibn Qalavunun hakimiyyəti dövründə isə İbn Nuqtənin rəhbərliyi ilə “musəhhərati”lərin ayrıca gildiyası formalaşıb və bu ənənə daha da inkişaf edib. Həmin dövrdə, həmçinin Ramazan ayında insanları sahura çağıranda oxunan “qouma” adlı şeir sənəti yaradılıb. İbn Nuqtə sultan Nasir Məhəmməd ibn Qalavunun şəxsi “musəhhərati”si olub.

Ramazan gecələrində “musəhhərati” yalnız böyükləri deyil, uşaqları da sevindirən bir simadır. Nağaranın səsini eşidən kimi uşaqlar küçələrə axışır, onun arxasınca qaçır, ritmə uyğun mahnılar oxuyurlar. Belə anlarda qədim şəhərin dar küçələri sanki bayram ab-havası ilə dolur.

Texnologiyanın inkişafına, telefonların və zəngli saatların yayılmasına baxmayaraq, bu ənənə Misirin bir çox məhəllələrində hələ də yaşayır.

Ramazan ayının sonunda isə məhəllə sakinləri “musəhhərati”ni zəhmətinə görə kiçik hədiyyələr və ya pul ilə mükafatlandırırlar. Bu, həm təşəkkür, həm də qədim ənənəyə göstərilən hörmətin ifadəsidir.

Bu gün “musəhhərati” Misirdə sadəcə insanları oyadan bir şəxs deyil, həm də əsrlərin yaddaşını daşıyan bir ənənənin canlı simvoludur. Onun nağara sədası Qahirə gecələrinin sakitliyində səslənərkən, şəhər sanki bir anlıq keçmişə qayıdır. Həmin səs insanlara xatırladır ki, Ramazan təkcə oruc və ibadət deyil, həm də birlik, xatirə və ənənələrin yaşadığı müqəddəs bir aydır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
azertag.az

1Источники