RU

BDU da neftlə çirklənmiş suların bio nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 Mart - Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Ekoloji kimya kafedrasının doktorantı Ülkər Nağıyeva “Aztullantılı və tullantısız texnologiyanın tətbiqi ilə neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, neft və neft məhsulları ilə çirklənmiş sular müasir dövrdə ciddi ekoloji problemlərdən biridir. Doktorant bu sahədə tətbiq olunan müxtəlif təmizləmə üsulları haqqında ədəbiyyat məlumatlarını təqdim edib və apardığı tədqiqatların neftin təmizlənməsi üçün fındıq qabığı və Fe₃O₄ nanohissəcikləri əsasında yeni bio-nanoadsorbentlərin alınması və tədqiqinə həsr olunduğunu vurğulayıb.

Bildirilib ki, fındıq qabığı təbii bitki mənşəli tullantıdır və Azərbaycanda onun böyük həcmdə mövcudluğu bu materialdan səmərəli istifadə imkanlarını artırır. Nanodoldurucu kimi istifadə olunan Fe₃O₄ nanohissəcikləri isə iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, toksik deyil, güclü superparamaqnit və yüksək sorbsiya xüsusiyyətlərinə malikdir.

Ülkər Nağıyeva sintez olunan bio-nanoadsorbentlərin hazırlanması, neftlə çirklənmiş suların təmizlənməsi üzrə aparılan tədqiqatlar, həmçinin sorbsiya kinetikasının öyrənilməsi barədə ətraflı məlumat verib.

Vurğulanıb ki, superparamaqnit Fe₃O₄ nanohissəcikləri maqnit sahəsinin kiçik intensivliklərində belə neftin su səthindən toplanmasına və sorbentdən neftin regenerasiya olunaraq təkrar istifadəsinə geniş imkan yaradır.

Məruzə zamanı aztullantılı və tullantısız texnologiyaların tətbiqinin müasir dövrdə aktual məsələlərdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Ülkər Nağıyevanın dissertasiya işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya elmləri doktoru, dosent Flora Hacıyeva elmi rəhbərlik edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
95
azertag.az

1Источники