Cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, qərb təmsilçisinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turuna təsadüf edib.
Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.
50-ci qələbə 131-ci matçda əldə olunub. Tovuzlular evdə 26, səfərdə 24 dəfə üç xala seviniblər. Qərb təmsilçisi turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.
Qeyd edək ki, 2022/2023-cü illər mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 23 oyuna topladığı 44 xalla 3-cü pillədə qərarlaşıb. Komanda 23 oyunda 13 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
