Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
“Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib.
Xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.
“Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.