RU

Arvadına sataşdılar Sən kişi deyilsən...

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Xaçmaz rayonunda 1986-cı il təvəllüdlü Bəhlul həmkəndlisi Xəyyama (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin mayın 11-də Xaçmaz şəhəri, İslam Səfərli küçəsində baş verib. Bəhlul həmin gün saat 19:30-da qonşusu Xəyyamın evinin qarşısında söyüş söyüb. Bu zaman Bəhlul Xəyyama söyüş söyməməsini deyib və irad bildirib. Bunu bəhanə edən Bəhlul yumruqla bir dəfə Xəyyamın alın nahiyəsindən vurub. Ona qəsdən müxtəlif dərəcəli xəsarətlər yetirib. Bəhlulun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Xəyyam ona böhtan atıb və mütəmadi olaraq ona qarşı münaqişəyə səbəb olacaq hərəkətlər edib:“Qarşı tərəf mənim həyat yoldaşıma dəfələrlə sataşıb və özümü məsxərəyə qoyaraq məhəllədə psixi pozuntusu olan şəxs kimi qələmə veriblər. Lakin mən Ruhi Əsəb Dispanserində qeydiyyatda olmamışam. Yalnız güclü avto qəza keçirmişəm. Hadisə günü məclisdən spirtli içki qəbul edərək gəldiyimdən küçədə uşaqlar mənə dəli deyərək gülüblər. Mən uşaqlara “gedin buradan atanızı çağırıb deyəcəm” sözlərini işlətdim. Uşaqlar uzaqlaşdıqdan sonra öz evimə getdim. 3-5 dəqiqə sonra evimdən haradasa 100 metr uzaq məsafədə yerləşən mağazaya siqaret almaq niyyətilə çıxmışdım. Həmin vaxt qonşumuz Xəyyam orada digər qonşumuz olan Mahmud ilə sonuncuya məxsus yük avtomobilində ot gətirməyə getdikləri vaxt mənə yaxınlaşdı, guya ki, dəfələrlə belə hərəkətlərə yol verdiyimi, uşaqları söydüyümü və qovduğumu bildirdi. Mən Xəyyama məclisdən gəldiyimi, sərxoş olduğumu, sabah söhbət edə biləcəyimizi dedim. Buna baxmayaraq Xəyyam getməyəcəyini, bu gün söhbət etməli olduğumuzu dedi”. Bəhlul qeyd edib ki, hadisə anı Xəyyam onun üzərinə gəlib: “Mən Xəyyamı itələyərək özündən uzaqlaşmasını dedim. Daha sonra Xəyyamla yaxalaşdıq. Bu zaman əsəbləşdim, yumruqla Xəyyamın sağ qaşına vurdum. O, isə məni kəlləsi ilə və yumruğu ilə vurdu. Mən yerə yıxıldıqdan sonra burnumun qanladığını gördüm. Həmçinin gözümün altında və başımda xəsarət izləri yarandı”. Zərərçəkmiş Xəyyamın ifadəsinə görə, Bəhlul spirtli içki qəbul edib və küçədə dəfələrlə söyüş söyüb: “Biz narazılığımızı bildirməyimizə baxmayaraq, Bəhlul öz hərəkətlərini davam edib. Mən səhər saatlarında işə gedərək axşam saatlarında evə qayıdıram. Heç kimlə düşmənçiliyim və ya ədavətim yoxdur, qonşularım ilə yaxşı münasibətdəyəm”. Xəyyam deyib ki, hadisə günü işdən evə gəlməzdən əvvəl uşaqlar küçədə öz aralarında gülərək oynadıqları vaxt Bəhlul uşaqların ona güldüklərini zənn edib, onları söyüb:“Daha sonra isə digər qonşunu söydüyü üçün həmin şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayət edib. Mən işdən gələndə uşaqların qonşunun həyətinə toplandıqlarını gördüm. Onlardan məsələ barədə soruşdum. Həmin uşaqlar Bəhlulun şəxs yenə söyüş söydüyünü dedilər. Daha sonra polis əməkdaşları gələrək Bəhlulun evindən çölə çıxması üçün çağırdılar. Lakin onun həyat yoldaşı çölə çıxdı və onun evdə olmadığını dedi. Buna görə də polis əməkdaşları getdilər. Biz qonşunun həyətində əyləşərək çay içdiyimiz vaxt başqa bir qonşu Mahmud gəldi. Mənim Mahmudla birlikdə işim olduğu üçün ona məxsus yük avtomobilinə əyləşdim və oradan getmək istədim”. Xəyyamın ifadəsinə görə, bu zaman Bəhlul həyətindən çıxaraq yenidən söyüş söyüb və ona “sən kişi deyilsən” sözlərini işlədib: “Daha sonra məni vurdu. Bəhlulla mənim aramda əlbəyaxa dava olmadı. Yalnız Bəhlul mənim dayandığım yerdə üz nahiyəmə yumruqla vurduqdan sonra mən də bir dəfə onun burun nahiyəsindən vurdum. Bəhlulun məni vurması nəticəsində qaşımdan xəsarət almışam”. Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilib və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, bundan əlavə Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. Həmçinin ona kütləvi və digər tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək qadağan olunub. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники