RU

Maldiv cənnətinin görünməyən tərəfi Şef Dilarə cəhənnəm indən danışdı MÜSAHİBƏ

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

37 yaşlı Dilarə Feyzullayeva illərdir xarici ölkələrdə restoranlarda şef kimi çalışır. 

Ölkə.Az 8 mart beynəlxalq Qadınlar Günü ərəfəsində Maldiv respublikasında restoranda şef aşpaz işləyən azərbaycanlı ilə söhbətləşib.

Sözügedən müsahibəni təqdim edirik:

-  Salam, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Zəhmət olmasa, əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

-  Azərbaycanda, Gəncə şəhərində anadan olmuşam. Gəncədə orta təhsil almışam. 

- Necə oldu ki, Maldivə gedib çıxdınız?

- Karantin bitdikdən sonra xaricdə işləmək üçün ölkədən çıxmışam. Maldivdən əvvəl 2 ilə yaxın Çində işləmişəm. Bir müddət Çində işlədikdən sonra müəyyən səbəblərdən Azərbaycana geri qayıtmalı oldum. Xarici ölkələrə CV göndərməyə davam etdim. “Linkedin”də harada açıq vakansiya görsəm ora - Dubaya, Qətərə və s. CV atırdım. Maldivdə işləyən rəfiqəm dedi ki, burada da açıq vakansiyalar var. Elə oldu ki, CV göndərdiyim yerlər arasından Maldivdən daha tez cavab gəldi. 

Maldivdə əsasən hindistanlılar, pakistanlılar və s. işləyir. Xaricdən işçi götürmək üçün xüsusi bir səbəb olmalıdır. Mənim də hindlilərdən, pakistanlılardan fərqim o idi ki, Avropa mətbəxi ilə yanaşı, rus mətbəxini və rus dilini də bilirdim. Ona görə digər vakantlar arasından önə çıxdım. Müsahibəm da yaxşı keçdi. Bir ay sonra mənə geridönüş etdilər və seçildiyimi bildirdilər. Adanın baş direktoru, HR və s. olmaqla ümumilikdə daha 4 müsahibədən keçdim. Sonuncu intervyu adada yaşamaqla bağlı idi. Dedilər ki, burada mağazalar çox olmur, ürəyin istəyəndə çölə çıxa bilmirsən. Əslində, əvvəlcədən mənə Maldivdə yaşamağın çətin olması ilə bağlı hər şeyi demişdilər. Mən də ovaxtkı həyəcanla hamısına “hə” deyib qəbul etdim.

- Dediniz, Çindən sonra Maldivə getmisiniz. Adətən valideynlər övladlarını özlərindən çox uzağa göndərmək istəmirlər. Bu barədə qərarınızı deyəndə evdə etiraz etməmişdilər?

- Yox, etmədilər. Çünki mənim 2 övladım var. Azərbaycanda 2 yerdə işləyirdim, amma yenə də pul çatdıra bilmirdim. Çinə getmək qərarına gələndə oğlumun qulağında problem yaranmışdı. Mənə daha çox pul lazım oldu. Anamgilə dedim ki, getsəm yaxşıdır. Onsuz da bir evdə qalırdıq, övladlarıma anam baxırdı. Ata-anam da dedi ki, sağ-salamat get, diqqətli ol. Bir az diribaş adamam, idmanla məşğul olmuşam və indi də oluram. Özümü xaricdə vəziyyətdən baş çıxarası bir gücdə hiss edirəm, qorxaq deyiləm. Ona görə də çıxdım buralara gəldim. Ailəm də mənə güvənirdi. Dedilər, Allah köməyin olsun.

- Sosial şəbəkələrdəki videolarınızda Maldivdə yaşamağın o qədər də düşündüldüyü kimi bir şey olmadığını demişdiniz. Amma şərhlərdə yazırlar ki, biz orada bir ömür yaşamağa razıyıq və s. Orada yaşamağın çətinlikləri nələrdir?

-    İnternetdə gördükləriniz ayın görünən tərəfidir. Axı bir də görünməyən tərəf var. Təbii ki, Maldivdə yaşamaq hqqında müsbət şərh yazanların 90-95%-i bura sadəcə istirahət üçün gəliblər və dadları damaqlarında qalıb. Amma burada işlədikdən sonra Maldivin bütün möcüzəsi, sehri gedir. Dəniz, qum günəş sizə 3-5 gün, bir həftə, uzaqbaşı bir ay maraqlı gələ bilər. Bundan sonra artıq bir tələbatın olanda və gedə bilməyəndə, ürəyin sıxılıb çölə çıxa bilməyəndə, xəstələnib həkimə gedə bilməyəndə - bir sözlə, hər bir halda adanı tərk edə bilmədikcə, görürsən ki, gözəlliklər artıq yerini çətinliklərlə dəyişir. Darıxanda o gözəllik gözə görünmür. Onsuz da mən çox qum, dəniz sevən biri deyiləm. Çətinliklər və darıxmaq da üstündə gələndə hər şey gözümdən düşməyə başladı.

-    Maldivə öyrəşənə qədər hansı çətinliklərlə üzləşmisiniz?

-    Maldivə demək olar ki, hələ də öyrəşməmişəm. Mənim üçün burada yaşamaq çətindir. Ailəm uzaqdadır. Onlar üçün darıxmağım bir yana, ada da bir yandan insanı sıxır. Elə olur ki, günlərlə, həftələrlə adadan çıxa bilmirsən. Əsasən, yağış mövsümü başlayanda günlərlə gəmilərin gedişi ləğv olunur deyə paytaxta və yaxud digər adalara gedə bilmirsən. Qrupa gəmilərin ləğvi xəbəri gələndə adam özünü mühasirəyə alınmış, həbsə düşmüş kimi hiss edir. Ona görə də insanın ürəyinə sıxıntı gəlir. Düşünürsən ki, bir də buradan çıxa bilməyəcəksən, ömürlük burada qalacaqsan. Depressiyaya düşürsən. Bu baxımdan adada yaşamaq çətindir. 

Adamız 5 ulduzlu “luxury” adadır, standartlar çox dəqiqdir. Burada hər şey çox sərt qanunlarla idarə olunur. Hindistanlılarla işləmək, Hindistan aksenti ilə ingilis dilini başa düşmək çox çətindir. Burada 5-6-7 il işləyən insanlar var ki, sən onların üstünə şef yaxud da menecer gəlsən, onların bunu həzm etməsi çətindir. İstər-istəməz sənin idarəçiliyini qəbul etməyən, razılaşmayanlar olur. 

Həmçinin bir qadın olaraq adada, başqa millətin içərisində bir tərəfdən iş üçün, bir tərəfdən qadın kimi mübarizə aparmaq, eyni zamanda darıxmağınla mübarizə aparmaq çox çətindir. Günün başdan-sona mübarizə ilə keçir. Hər bir halda sən nəyisə qorumağa çalışırsan – özünü, işini və s. Çalışırsan ki, səni əzə bilməsinlər. Səni əzməyə çalışanlarla mübarizə isə özü başqa bir problemdir. 

-    Ümumilikdə neçə dil bilirsiniz?

-    Azərbaycan və türk dilini də saysaq, rus və ingilis dili ilə birlikdə 4 dil bilirəm. Azərbaycanda “Türkiyə türkcəsini bilirəm” demək bir az gülməli gəlir, amma xaricilər üçün türk dili də bir dil sayılır. 

Burada adanın imzası sayılan restoranda Avropa-Fransız mətbəxində “chef in charge”am, yəni mətbəxdən məsul aşbaz.

Maldiv müsəlman ölkəsi olduğuna görə, lokal yaşayış olan adalarda içki verilmir. Amma resortlarda yəni burada sırf işçilər və turistlər olur, yerli yaşayış yoxdur. Bura bir kilometrlik balaca bir adadır və 80 villadan ibarətdir. İçərisində 5 restoran var: hind, Asiya mətbəxi olan, beynəlxalq, ərəb restoranı və mənim çalışdığım Avropa-Fransa restoranı. Mənim işlədiyim restoran adanın imzası sayılır.

-    Adətən vətəndən uzaqda yaşayanlar ən çox milli yeməklərimiz üçün darıxdıqlarını deyirlər. Sizdə vəziyyət necədir? 

-    Aşpaz olsam da, heç yeməklə də, yemək üçün darıxmaqla da aram yoxdur. Sadəcə bir az yeyirəm ki, ac qalmayım. Əvəllər buranın yeməklərinə öyrəşə bilmirdim. Çünki yeməkləri dəhşətli dərəcədə acı olur. Təsəvvür edin ki, hindistanlılar acılı yemək yeyəndir, amma maldivlilərin acısını hindistanlılar belə yeyə bilmir. Hətta bir-iki dəfə şikayət etmişdim ki, Avropadan, xaricdən gələnlər üçün başqa yemək bişirsinlər. Çünki acı yemək yeməkdən allergiya olmuşdum.

“Azərbaycan yeməkləri” deyəndə maksimum anamın yeməkləri üçün darıxıram. Ötən dəfə Bakıya məzuniyyətə gələndə anam dedi ki, nə bişirim? Dedim, pomidor-yumurta bişir, bir də “akroşka” düzəlt. Əslində, özüm onu gündə 5 dəfə bişirirəm, amma qonaqlar üçün etsəm də, özüm heç vaxt yemirəm. Ürəyim getsə də, yeyə bilmirəm. Deyirəm, onsuz da bir aya gedəcəyəm, anam bişirəndə yeyərəm. 37 yaşım olsa da, yenə də ən çox anamın yeməyi üçün darıxıram.

-    Çinlə müqayisə edəndə harada işləmək daha rahatdır?

-    Çində Azərbaycan mətbəxində işləyirdim. Bizə rəhbərlik edən də azərbaycanlı idi. Restoran biznesindən başı çıxmırdı. Orada heç bir standart, iş qanunu, iş saatı yox idi. Gündə 17-18 saat işləyirdik. Həftələrlə, aylarla istirahət günümüz olmurdu. Çinli müdirimiz bizi çox ağır şərtlər altında işlədirdi. Burada isə hər şey daha yaxşıdır. Standartlar, maaşın verilməsi və s. Çində maaş alana kimi çənəmiz ağrıyırdı. Burada ayın son iki günü həftəsonuna düşürsə, maaş 2 gün tez verilir, amma heç vaxt gecikmir. Yəni çox disiplinlidir. Qeyri-iş günləri, ölkənin bayramları varsa, həmin günləri sənin üçün “off” olaraq yazılır. Yəni sən həmin günləri haçansa toplayıb gedib istirahət edə bilərsən. Amma yenə də məndən soruşsalar, deyərəm ki, Çində işləmək istəyərəm. Çünki adalardan ibarət ölkə olduğuna görə hər şey çox maraqsızdır. Hər şey xaricdən gəldiyinə görə də çox bahalıdır. Heç nə tapa bilmirsən. Müsəlman ölkəsi olduğuna görə axşam tədbirləri üçün geyim tapa bilmirsən. Əlini atırsan, hər şey quruyur. Ya da biz o qədər böyük şəhərlərdə yaşamışıq ki, bizə elə gəlir. Hindistanlıları başa düşə bilirəm. Yaşadıqları yerdən çıxıb gəlib buranı görmək onlar üçün yaxşıdır. Amma mən Moskvada, Dubayda da az-az işləmişəm. Azərbaycanda Bakı kimi gözəl şəhərdə yaşamışam. Çinin necə gözəl olmasından heç danışmıram. Ona görə də bura mənim üçün çox sıxıcı və əlimin heç nəyə çatmadığı bir yer olaraq qalır.

-    Qadın olaraq müəyyən çətinliklərdən söz açdınız. Orada cinsə görə ayrı-seçkilik çoxdurmu?

-    Burada ilk 8 ayım çox ağır keçdi. Bunun səbəbi də Hinsitandan olan şefimiz idi. Onun məndən xoşu gəlirdi, lakin qarşılıq ala bilmirdi. Buna görə də məni işdə çox sıxır, hər şeyi problem edirdi, çətinliklər yaradırdı. Şükür Allaha, çıxıb getdi. Onun əlindən canımız yüngülləşib. 

Bundan əlavə, təbii ki, hindistanlıların, banqladeşlilərin içərisinə düşmüş bir ağdərili olaraq müəyyən sıxıntılarla üzləşmişəm. Sadəcə olaraq onlar vəzifə olaraq məndən yüksək olmadıqlarına görə onlara etiraz etmək, başa çıxmaq çox asandır. Amma məndən yüksək vəzifədə olan biri ilə mübarizə aparmaq məni dəhşət çox sıxdı. Sadəcə uşaqlarıma, maaşa görə, ailəmə pul verməli idim deyə, dözüb işləyirdim. Əslində dözüləcək kimi bir şey deyildi.

-    Ada dövlətinə istirahətə gedən turistlər həşəratların olmasından və s. gileylənirlər. Maldivdə də bu baxımdan problem varmı?

-    Ümumiyyətlə, Maldivdə 2 heyvan yoxdur: ilan və it. İt haram olduğuna görə yoxdur, ilanı da bilmirəm, adada görməmişəm. Kərtənkələlər və s. olur. Mənim qorxulu yerimdir. Hətta qorxudan daha çoxdur. Çalışdığım ada  “luxury” olduğuna görə, gündə 2 dəfə dərmanlayırlar. Çox olmasa da, yenə də kərtənkələ və s. görmək mümkündür. 

Səhv etmirəmsə, Maldivə gələndə hər bir yaxşı resortların hamısında qonaqlarla müqavilə imzalanır. Orada qeyd edilir ki, təbiət qoynuna gəlirsiniz və hər şey ola bilər. “Kərtənkələ və ya tarakan gördüm, gedim şikayət edim” belə bir məsələ yoxdur. Hər cür həşərat, kiçik ev heyvanları görülə bilər. Əvvəlcədən turistə bildirirlər. Çünki heyvanları yığıb-yığışdıra bilməzlər. Amma hörümçək filan yoxdur.

-    Ümumilikdə dünyanın neçə ölkəsində olmusunuz?

- Birləmiş Ərəb Əmirliklərində - Dubayda, Rusiyanın paytaxtı - Moskvada, Çində, Maldivdə və Bakıda işləmişəm. Qətər, Gürcüstan, Türkiyə, Hindistan, İran, İraq və Şri-lankaya da getmişəm. Hamısı müqayisə olunası ölkələrdir. Demək olar ki, mən Asiya ölkələrində çox olmuşam. Asiya ölkələrindəki yemək, süfrə, danışıq mədəniyyəti, böyüyə-kiçiyə hörmət mədəniyyətini görmüşəm. Özümüzü, bizim milləti bəyənməyənlərə demək istəyirəm ki, bizi Avropa, Amerika ilə müqayisə edənə kimi Asiya ilə müqayisə edin və görün, necə gözəl bir ölkədə necə gözəl bir cəmiyyətdə yaşayırıq. Çünki bizim millətin təmizliyi, dürüsütlüyü, mərifəti, qanacağı asiyalılarla müqayisədə qat-qat irəlidədir. Pis mənada demirəm, bizim ən az təhsilli, kənddən gələn insanımız belə buranın ən yaxşı “mənəm, mənəm” deyən insanından qat-qat görgülüdür, mədənidir. Necə yemək, danışmaq lazımdır, qat-qat yaxşı bilir. Bu bizim qanımızdan, genimizdən gələn mədəniyyət, aristokratlıqdır ki, bunu Asiya ölkələrindəki bir çox insanlarda görməmişəm. Oturub-durduğumuz da, danışdığımız da hamısı yüksək məqamlardan olublar. Burada kulinariya direktorumuz, adanın baş direktorunu və s. hamısını görürəm, yenə də o deyillər. 

- Sizin olduğunuz adada heç yerli yoxdur?

- Bizim adada yoxdur. Ancaq işləyən yerlilər var, amma ev, yaşayış yoxdur.

- Maldivliləri necə xarakterizə edirsiniz? Oranın adı çəkiləndə ağlınıza ilk nə gəlir?

- Maldivlilər haqqında ağlıma gələn ilk şey çox yekəxana olmaqlarıdır. Dəhşətli dərəcədə yekəxanadırlar. Nə gözəllikləri, nə təhsilləri, nə də boy-buxunları var. Amma o qədər eqoları var ki, özlərini göyün 7-ci qatında hesab edirlər. Elə hesab edirlər ki, insanların hamısı bunların əlinin altında işləyən “çuşka”lardır. Yəni 90%-i belədir. Halbuki əllərindən də bir iş gəlmir. Yüksək vəzifədə olanlarının da savadı, qabiliyyəti yoxdur.

- Orada qasırğa və s. kəskin iqlim hadisələri olurmu? Nə vaxtsa çətin və qorxulu hava şəraiti ilə rastlaşmısınızmı?

- 13 aydır buradayam, hələ dediyiniz kimi bir vəziyyətlə qarşılaşmamışam.

- Deyirlər ki, qlobal iqlim dəyişikliyinə görə, Maldiv 2100-cü ilədək məhv olacaq. Orada işləyən biri kimi, o cür gözəl bir yerin gələcəkdə mövcud olmayacağı düşüncəsi sizi narahat edirmi?

- Vallah, mən buna inanmıram, çünki burada hazırda insanlar milyardlar qoyub sıfırdan süni adalar salır, 5, 7 ulduzlu hotellər tikirlər. Bunu edən insanlar təbii ki 5-10 ilin planını qurmur. O qoyduğu xərci, bəlkə də, 20-30 ildə götürəcək, ondan sonra qazanc əldə edəcək. Düşünürəm ki, bunu edənlər Maldivin yox olacağını deyənlərdən daha ağılllıdırlar və nə etdiklərini bilirlər. Hər hansı bir təbii fəlakət olmasa, Maldiv adalarının suyun altında qalması barədə deyilənlər inandırıcı deyil. Çünki burada dayanmadan işlər gedir. Hər halda bu işi görənlər qarşıdakı 100 ilin planını quraraq edirlər.

- Gələcək hədəfləriniz, planlarınız nələrdir?

-    Düşünürəm ki, aşpazlar da əsgərlər kimidir. Haradan nə təklif gələcəyini özləri də bilmirlər. Yəni planla deyil. Planla da gedənlər var, amma gələn təkliflər və ya etdiyim müraciətlər arasında hansı işin standartları, səviyyəsi, maaşı, iş saatı yaxşıdırsa, oranı seçirlər. 

Əslində istəyirdim ki, bundan sonra ərəb ölkələrinə - Dubaya və s. gedim. Çünki xaricdə işləsəm belə evimə - Azərbaycana yaxın olmaq istəyirəm. Amma bilmək olmur. Birdən elə bir təklif gəlir ki, məsələn, planlar ABŞ, təkliflər Yaponiya kimi bir şey olur. Tamamilə əks istiqamətlərdən də iş təklifi gələ bilir. Onsuz da bir insan xaricdə işləyirsə, bunun 70-80%-i pula görədir. Deyək ki, burada 5 min alıramsa və Yaponiya mənə 7-8 min təklif edirsə, düşünürsən ki, onsuz evdən çıxmışam, heç olmasa, maaş çox olan yerdə işləyim. Avropa və ya ərəb ölkələrinə tərəf getməyi planlasam da, keçən səfər mənə Cənubi Koreyadan təklif gəlmişdi. Sadəcə iş saatımda razılaşmadıq deyə qaldım. 

-    Son olaraq bir azərbaycanlı kimi, xaricdə çalışan bir qadın kimi nə demək istəyərdiniz?

-    Azərbaycan qadını kimi onu demək istəyirəm ki, həyatda heç nə üçün gec deyil. Hər yaşda sıfırdan başlayıb irəli getmək mümkündür. Mən 28 yaşımda  sıfırdan başladım və 8-9 il ərzində çoxlarının 20 ildə əldə edə bilmədiyi uğuru qazandım. Yəni məqsədi olan hər kəs bacara bilər, ruhdan düşməsinlər.

-     Müsahibə üçün təşəkkürlər.

-    Siz də çox sağ olun.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
olke.az

2Источники