Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Təlim Mərkəzində “Carlsberg Azerbaijan”ın dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin 20-yə yaxın müxtəlif regionundan xanım sahibkarların iştirakı ilə “Qarabağda regional xanımların gücü” adlı sərgi-tədbir keçirilib.
Qarabağ Təlim Mərkəzi (Karabakh Training Center) tərəfindən təşkil olunan sərginin əsas məqsədi regionlarda fəaliyyət göstərən xanım sahibkarlara dəstək olmaq, onların biznesini Qarabağda tanıtmaq və azad edilmiş ərazilərdə yeni biznes imkanlarını stimullaşdırmaqdır.
Sərginin iştirakçıları Xankəndi, Şuşa, Xocalı, Ağdam, Naxçıvan, Gəncə, Lənkəran, Tovuz, Quba, Mingəçevir, Masallı, Qəbələ, Qax, Bərdə, Şəki və Ağsu regionlarını təmsil edən xanım sahibkarlar olublar. İştirakçılar öz regionlarının milli mətbəxini, tarixi atributlarını nümayiş etdirməklə yanaşı, öz biznes məhsullarının satış və təqdimat sərgisini həyata keçiriblər.
Tədbirin rəsmi açılış hissəsində xanım sahibkarlara işğaldan azad olunmuş torpaqlarda tətbiq edilən dövlət güzəştləri, vergi azad olunmaları və digər dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onlara Qarabağda öz bizneslərini qurmaq üçün real imkanlar təklif olunub.
Tədbirin tərəfdaşlarından “Carlsberg Azerbaijan” şirkətinin Korporativ Ünsiyyətlər Departamentinin direktoru Lalə Əfəndi isə qadın sahibkarlar üçün Qarabağda yaradılan imkanlardan məmnunluğunu bildirərək deyib: “Sevindirici haldır ki, Qarabağın dirçəlməsində və dayanıqlı inkişafında qadın sahibkarların da payı olacaq. Burada yaradılan şərait və güzəşt imkanları da bu işə dəstəyi artırır. Azərbaycan qadınının zərif toxunuşu ilə bölgənin çiçəklənməsinin sürətlənəcəyinə əminəm. “Carlsberg Azerbaijan” olaraq bu layihəyə dəstək olmaqdan qürur duyuruq”.
Qarabağ Təlim Mərkəzinin təsisçisi və direktoru Aytən Məmmədova isə tədbirdə çıxış edərək vurğulayıb ki, Mərkəzin əsas hədəfi işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə töhfə verməkdir:
“Biz bu regionda dayanıqlı inkişafa dəstək oluruq. Bu məqsədlə gənclər və tələbələr üçün “Startup School Karabakh” və “Gələcəyə Körpü Qarabağ” kimi bir sıra mühüm layihələr həyata keçiririk. Bugünkü sərgi isə xanım sahibkarlarımızın potensialını Qarabağa köçürmək, onların regionlararası işgüzar əlaqələrini gücləndirmək üçün mühüm platformadır”, - deyə o əlavə edib.
Qeyd edək ki, tədbirin tərəfdaşları qismində “Carlsberg Azerbaijan” ilə yanaşı “Karabakh Eco Tour”, sponsorları qismində isə “Qranit” şirkəti, “Kübar” restoranı və “CAHAN” Hotel çıxış edirlər.
Xatırladaq ki, "Carlsberg Azerbaijan"ın pivə zavodu Bakı şəhərindən 10 kilometr məsafədə, Xırdalanda yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel biznesi) 3000-dən çox iş yeri təmin edilir. Zavodun inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Blanc 1664", "Grimbergen" və "Əfsanə" kimi brendlər daxildir.