RU

İran savaşından ƏN ÇOX qazanan Rusiyadır? – İKİ mövqe

ABŞ-ın İrana qarşı hərbi-siyasi təzyiqlərinin artması fonunda ən çox müzakirə olunan mövzulardan biri də Rusiya ilə bağlıdır. Bu da təsadüfi sayılmır. Belə ki, bölgədə İrana ən yaxın müttəfiq ölkələr sırasında Rusiya ön sırada qərarlaşır. Bununla belə, ötən yaydakı 12 günlük savaşda, nə də indiki müharibədə Moskva açıq şəkildə Tehranın yanında dayanmadı.

Hazırda neft bazarında qiymətlər artıb. Doğrudur, son bir gündə qiymətlərdə eniş müşahidə olunur. Amma istənilən halda fevralın 28-i ilə, yəni müharibənin başlandığı ilk günlə müqayisədə kifayət qədər yüksəkdir...

İran ətrafında baş verənlərdən ən böyük strateji qazancı götürən tərəflərdən biri Rusiya ola bilərmi?

Bəzi analitiklərə görə, bu susqunluq təsadüfi deyil və Kremlin geosiyasi hesablamalarının nəticəsidir. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da İranla bağlı verdiyi son açıqlamalarda qlobal enerji təhlükəsizliyinə xüsusi diqqət çəkərək bildirib ki, Vaşinqton heç bir halda Hörmüz boğazı üzərində blokadanın yaranmasına imkan verməyəcək.

Məlumdur ki, dünya neft ticarətinin böyük hissəsi məhz bu strateji boğazdan keçir və burada yaranacaq hər hansı gərginlik qlobal enerji bazarını silkələyə bilər. Bu isə avtomatik olaraq enerji ixracatçısı olan ölkələr üçün yeni iqtisadi imkanlar deməkdir. Belə olan halda sual yaranır: Hörmüz boğazı ətrafında gərginlik və İran üzərində təzyiqlər Rusiyanın enerji bazarında mövqelərini gücləndirirmi?

Dünya mediasında yayılan son məlumatlardan biri də budur ki, Tramp administrasiyası Rusiyaya qarşı neft sanksiyalarının daha da yumşaldılmasını nəzərdən keçirir. “Reuters” agentliyinin məlumatında bildirilir ki, sanksiyaların mümkün yumşaldılması qlobal enerji qiymətlərinin kəskin artımının qarşısını almaq məqsədi daşıyır.

Mövzunun digər mühüm tərəfi isə Ukrayna müharibəsi ilə bağlıdır. Hamıya bəllidir ki, 2022-ci ildən başlayan Rusiya-Ukrayna müharibəsi Qərblə Moskva arasında ciddi qarşıdurma yaradıb. Rusiyaya qarşı ağır sanksiyalar tətbiq olunub. İndi isə diqqətin İran böhranına yönəlməsi Kremlin maraqlarına uyğun ola bilər. Çünki belə bir vəziyyətdə Qərbin siyasi və hərbi diqqəti müəyyən qədər Ukraynadan uzaqlaşır. Bu baxımdan bəzi ekspertlər hesab edirlər ki, İran ətrafında gərginlik Rusiyaya strateji nəfəs fasiləsi qazandıra bilər.

Enerji bazarında qiymətlərin artması, Qərbin diqqətinin başqa istiqamətə yönəlməsi və regional balansın dəyişməsi Rusiyanın maraqlarına uyğun gəlirmi?

Azər

Milli Məclisin üzvü Azər Badamov Musavat.com-a bildirib ki, İran müharibəsi enerji axınlarını alt-üst edir, Yaxın Şərq münaqişəsi qlobal enerji bazarlarını sarsıdır, bu da dünyanın ən vacib enerji dəhlizlərindən biri olan Hörmüz boğazında təchizatda fasilələr yaranacağı qorxusu fonunda neft qiymətlərini kəskin şəkildə yüksəldib:

“Belə reallıq fonunda Rusiya əsl qalib kimi ortaya çıxır. Rusiya artıq ABŞ-İsrail və İran arasındakı müharibənin əsas faydalanan tərəfi olmağa başlayır, çünki neft qiymətlərinin artması və müvəqqəti sanksiyaların aradan qaldırılması onun xam neft ixracının dəyərini və həcmini artırır. Rusiya xüsusən də ABŞ-nin Rusiya xam neftinin Hindistana satışına qoyulan məhdudiyyətləri yumşaltdığı üçün neft qiymətlərinin yüksəlməsindən gəlir əldə edəcək. Körfəzdəki münaqişənin dünya neft tədarükünün təxminən beşdə birini daşıyan Hörmüz boğazından keçən daşınmalara mane ola biləcəyi riskini nəzərə alaraq, bazar ertəsi neft qiymətləri barel üçün 100 dollardan çox artıb.

Trampın İranla münaqişənin tezliklə başa çata biləcəyinə işarə etməsindən sonra çərşənbə axşamı neft təxminən 7% ucuzlaşsa da, qiymətlər müharibə başlamazdan əvvəlki ilə müqayisədə hələ də təxminən 27% yüksəkdir. Ukrayna müharibəsindən sonra Qərbin sanksiyalarına baxmayaraq, dünyanın ən böyük neft ixracatçılarından biri olaraq qalan Rusiya üçün qiymət artımı birbaşa dövlət gəlirlərinin artmasına səbəb olur. Habelə tankerlərdə saxlanılan Rusiya xam nefti bu həftə fevral ayının sonundakı 132,9 milyon bareldən 118,3 milyon barelə düşdü ki, bu da yüklərin alıcılara sürətlə çatdığını göstərir. Hindistana verilən müvəqqəti güzəştə əlavə olaraq, Trampın Rusiyaya qarşı neft sanksiyalarının yumşaldılmasını da nəzərdən keçirdiyi bildirilir.

Rusiyanın üstünlüyü xam neftdən də kənara çıxa bilər. Avropa Rusiya mayeləşdirilmiş təbii qazının idxalını artıra bilər, çünki hazırda bu daşınmalara qarşı heç bir Avropa sanksiyası yoxdur, ən azı Avropa Birliyinin planlaşdırdığı mərhələli imtina 2027-ci ildə qüvvəyə minənə qədər. Lakin Rusiyanın vəziyyətdən tam istifadə etmək qabiliyyəti məhdud olaraq qalır. İllərdir davam edən sanksiyalar və Ukrayna müharibəsi Rusiyanın enerji infrastrukturunun bəzi hissələrinə zərər vurub və ölkənin istehsal və ya ixracı artırma sürətini məhdudlaşdırıb. Moskvanın qələbə qazandığını iddia etmək üçün hələ tezdir. İran böhranının Rusiya iqtisadiyyatı üçün bir çarə olub-olmaması birbaşa onun nə qədər davam etməsindən asılıdır”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
11
musavat.com

1Источники