RU

“Əsas sual budur: ABŞ ın İran planı nədən ibarətdir, dəqiq bilən var?” Fərhad Məmmədovla MÜSAHİBƏ

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

  

Bəlkə SEPAH elə Müctəba Xameneinin özüdür?!

Globalinfo.az Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov ilə müsahibəni təqdim edir:

– Fərhad bəy, İran İslam Respublikasının yeni ali rəhbəri Seyid Müctəba Xamenei seçildi. O, kimdir və rəhbərliyi İran və region üçün nə vəd edir?

– 1979-cu ildən bu günə qədər İranda dövlətin başında iki ali dini rəhbər olub. Hər ikisi də hakimiyyətin başında duran və kifayət qədər mürəkkəb sistemi idarə edən şəxslər olublar.

Seyid Müctəba Xameneinin ali rəhbər seçildiyi dövrün özəlliyi ondan ibarətdir ki, bu proses müharibə dövründə baş verdi. Digər tərəfdən, seçim geniş ictimaiyyətə açıq olmayan prosedur çərçivəsində həyata keçirilib. Halbuki hakimiyyətin bir ali dini rəhbərdən digərinə keçidi dövründə müvəqqəti də olsa, idarəetmədə fərqli şəxslərin iştirak etdiyi mərhələlər baş verir.

Bütün hakimiyyət sistemlərində olduğu kimi, burada da ən vacib məqam dövlət idarəçiliyinin bütün qollarının yeni seçilmiş ali rəhbərə loyallıq nümayiş etdirməsidir. Hələlik biz bu mürəkkəb sistemə daxil olan institutların sözügedən seçimi şübhə altına aldığını görməmişik.

Digər mühüm məqam isə müharibə amili ilə bağlıdır. Müharibə şəraitində yeni liderin necə davranacağı hələ tam aydın deyil. Çünki o, hələlik geniş ictimaiyyətə təqdim olunmayıb və hər hansı çıxış da etməyib.

Onun proseslərə baxışını, əsasən, ona loyallıqlarını elan edən qurumların fəaliyyətindən müşahidə etmək mümkündür. Əgər tabeçilik qəbul edilibsə, deməli, həmin qurumların atdığı addımların yeni liderin mövqeyi ilə uzlaşdığı ehtimal olunur. Buna baxmayaraq, bir çox məqam yeni ali rəhbərin gələcəkdə edəcəyi açıq fəaliyyətlərdən və səsləndirəcəyi bəyanatlardan asılı olacaq.

– Maraqlı bir paradoks yaranıb. İran İslam İnqilabı 1979-cu ildə məhz bir şüarla çıxış edirdi: hakimiyyətin irsi şəkildə atadan oğula keçməsinə son qoymaq. Şahlıq sistemi də məhz bu arqumentlərlə devrildi və xalqa “ədalətli və ilahi idarəetmə” vədi verildi. Lakin tarix sanki təkrar olunur. Ali dini lider postunun Əli Xameneidən onun oğlu Müctəba Xameneiyə keçməsi faktiki olaraq İranda yeni siyasi reallıq yaradır. Belə çıxır ki, yarım əsr əvvəl tənqid edilən sistem bu gün başqa adla və başqa formada geri qayıdır. Sadəcə “şahzadə” sözü yoxa çıxıb, onun yerini “rəhbərin oğlu” anlayışı tutub?

– İranın kifayət qədər mürəkkəb siyasi sistemi var. Bu ölkədə Ekspertlər Şurası fəaliyyət göstərir və həmin şuraya daxil olan şəxslər müəyyən kriteriyalara cavab verməlidirlər. Əli Xameneinin özü də vaxtilə seçilərkən ali dini rəhbər üçün nəzərdə tutulan bütün kriteriyalara tam şəkildə cavab vermirdi. Hazırda onun oğlu ilə bağlı vəziyyət də müəyyən mənada oxşardır.

Əslində bu proses və prosedur daha şəffaf şəkildə həyata keçirilməli idi. Fərqli mülahizələr var ki, İranda ali rəhbərin seçilməsinə SEPAH müəyyən təsir göstərib. Bundan əlavə, digər namizədlərin də olması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Lakin bütün bu iddialara baxmayaraq, hakimiyyət institutları tərəfindən yeni ali rəhbərin legitimliyi hələlik sual altına alınmayıb.

Əli Xameneidən sonra onun oğlu Müctəba Xameneinin ali rəhbər seçilməsinə gəlincə, düşünürəm ki, bu addım müəyyən mənada taktiki qərar kimi də qiymətləndirilə bilər. Məsələ ondadır ki, ABŞ və İsrail əsasən Əli Xameneini hədəf kimi görürdülər. Lakin o vəfat etsə belə, onun yerinə oğlu ali rəhbər seçildi. Bu isə bir növ “Xameneini yenə Xamenei əvəz etdi” mesajı kimi təqdim olunur.

Yaxın gələcəkdə ABŞ müharibəni bitirmək istəsə, o zaman öz cəmiyyətinə bu müharibənin məqsədlərinə çatması ilə bağlı izahat verməli olacaq. Həmin izahlardan biri də Əli Xameneinin aradan qaldırılması ilə bağlı ola bilər. İranda qərar qəbul edən şəxslər isə belə bir siyasi narrativin qarşısını almaq üçün keçmiş ali rəhbərin oğlunun hakimiyyətə gətirilməsini taktiki addım kimi dəyərləndirmiş ola bilərlər.

–  Oğul Xamenei ilə bağlı diqqət çəkən məqamlardan biri də onun dini rütbəsi ilə bağlıdır. Belə ki, bəzi məlumatlara görə ona 2022-ci ildə ayətullah rütbəsi verilsə də, ictimaiyyətin böyük hissəsi onu hələ də höccətülislam kimi tanıyır. Bu isə onun teoloji baxımdan ali rəhbər olmaq üçün yetərli dini statusa malik olub-olmaması məsələsini gündəmə gətirir. Bu səbəbdən də bəzi ekspertlər hesab edir ki, belə bir vəziyyətdə İranda real hakimiyyət ali dini liderdən çox SEPAH generallarının əlində cəmlənə bilər. Hətta ölkədə teokratik-hərbi idarəetmə modelinin formalaşdığı barədə fikirlər də səslənir. Siz bu ehtimalları necə dəyərləndirirsiniz?

– “Müctəba Xameneini hakimiyyətə Sepah gətirib”, “İranda real hakimiyyət ali dini liderdən çox SEPAH generallarının əlində cəmlənə bilər” kimi məlumatlar obyektiv deyil. Bəlkə də SEPAH elə Müctəba Xameneinin özüdür?! Çünki Müctəba Xameneini SEPAH daxilində ciddi nüfuzu var və bu məhz atası Əli Xamenei dövründə yaranmağa başlayıb. Ona görə kim kimdən aslıdır münaisbtlərin necə olacağını zaman göstərəcək. Daha obyektiv məlumatara fokuslanmaqda fayda var.

– Müctəba Xamenei İranı yenidən toparlaya biləcəkmi? Onunla Məsud Pezeşkian arasında narazılıq və rəqabət olduğu haqda iddialar nə dərəcədə doğrudur?

– Əli Xameneinin yaratdığı müəyyən bir idarəetmə sistemi var idi. Bu sistemdə paralel institutlar fəaliyyət göstərirdi. Həmin paralel institutların fəaliyyəti zamanı tez-tez ziddiyyətlər yaranırdı və Əli Xamenei özünü bu problemləri həll edən əsas fiqur kimi təqdim etməyi bacarırdı. Onun qurduğu bu sistemə baxmayaraq, hakimiyyət daxilində narazılıqlar yaranır, cəmiyyət isə bir neçə dəfə etirazlara qalxırdı. Lakin hər dəfə sistem müəyyən elastiklik nümayiş etdirərək bu narazılıqların qarşısını almağa nail olurdu.

Məsud Pezeşkianın prezident seçilməsi də müəyyən mənada İranda mövcud olan etnik qrupların narazılığını azaltmaq məqsədi daşıyan siyasi addım idi. Bu yolla etnik qruplar arasında yaranmış narazılıqları qismən aradan qaldırmaq planlaşdırılırdı.

Müctəba Xameneinin isə müharibə şəraitində bu birliyi hansı formada təmin edə biləcəyi daha fərqli və mürəkkəb məsələdir. Çünki o, keyfiyyətcə fərqli bir siyasi və təhlükəsizlik mühitində fəaliyyət göstərəcək. Hazırda görünən odur ki, onu dəstəkləyən SEPAH daha radikal addımların tərəfdarıdır. Keçmişdə SEPAH-ın radikal addımlar atması üçün müəyyən dövrlər mövcud olub və Əli Xamenei bu vəziyyətdən öz siyasi strategiyasında istifadə edirdi. Eyni zamanda, lazım gəldikdə SEPAH-ın təsirini məhdudlaşdırır, parlament institutunu ön plana çəkərək siyasi diskursu daha çox institusional müstəviyə yönəldirdi.

Düşünürəm ki, Müctəba Xameneinin qarşısında duran əsas çağırışlardan biri də SEPAH-ın imkanlarından istifadə etməklə yanaşı, zəruri məqamda onun təsirini balanslaşdırmaq bacarığı olacaq. Çünki yalnız kəskin və sərt addımlar vasitəsilə siyasi prosesləri uzunmüddətli şəkildə idarə etmək mümkün deyil.

İranda hər şeydən əvvəl siyasi, sosial və iqtisadi problemlər hələ də qalmaqdadır. Qarşıdan yay ayları gəlir və bu dövr İran üçün kifayət qədər kritik hesab olunur. Müharibə davam etsə də, etməsə də, enerji çatışmazlığı, quraqlıq və iqtisadi çətinliklər özünü daha qabarıq şəkildə göstərə bilər. Bu problemlərlə necə mübarizə aparılacağı əsas suallardan biridir. Əgər yeni ali rəhbər əsasən sərt gücdən istifadə etməyə üstünlük verərsə, bunun nəticələri də həmin yanaşmaya uyğun olacaq.

– Fərhad bəy, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların nə vaxt başa çatacağı barədə qərarı Benyamin Netanyahu ilə birlikdə verəcəklərini açıqlayıb. O bildirib ki, qərarı uyğun zamanda verəcək və bütün amillər nəzərə alınacaq. Tramp həqiqətən müharibəni bitirmək niyyətindədir, yoxsa bu daha çox siyasi mesaj xarakteri daşıyır?

– Hesab edirəm ki, bu məsələ bir çox faktorlardan asılı olacaq. Məsələn, ABŞ-ın daxili siyasi dinamikası burada mühüm rol oynayır. Müharibənin nəticələrinin Amerika cəmiyyətinə necə təqdim ediləcəyi də ciddi əhəmiyyət kəsb edən məsələlərdəndir.

Hazırda ABŞ-da həm müharibənin davam etdirilməsinin tərəfdarları, həm də onun dayandırılmasını istəyən qüvvələr mövcuddur. Bu qüvvələr prezident Donald Trampa müəyyən dərəcədə təsir göstərə bilirlər. Hətta onun ətrafında olan siyasi qruplar arasında da bu iki fərqli yanaşmanın tərəfdarları var.

Trampın maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, ona təsir göstərmək üçün şəxsi münasibət amili mühüm rol oynayır. Görünən odur ki, onunla təmasda olan şəxslər arasında qeyd etdiyim hər iki mövqeni müdafiə edən insanlar var. Bu isə qərarların formalaşmasında müxtəlif təsirlərin mövcud olduğunu göstərir.

– Donald Tramp “CBS News” telekanalına müsahibəsində deyib ki, İrana qarşı aparılan hərbi əməliyyatlar demək olar ki, yekunlaşıb. ABŞ qüvvələri planlaşdırılan qrafikdən daha sürətlə irəliləyir və əməliyyatların əsas mərhələsi artıq başa çatmaq üzrədir. O, həmçinin bildirib ki, Vaşinqton İslam Respublikasına qarşı əməliyyatlarda ilkin planlaşdırılan müddətdən bir neçə həftə irəlidədir…

– Rusiya Prezidenti Vladimir Putin də Ukrayna müharibəsi ilə bağlı bu günə qədər hər şeyin plan üzrə getdiyini deyir. Lakin həqiqətən belə olub-olmadığını demək çətindir. Bu cür açıqlamalar siyasətdə tez-tez səslənir və bundan sonra da səslənəcək. Hesab edirəm ki, belə bəyanatlara həddindən artıq diqqət yetirmək lazım deyil.

Əsas sual budur: plan nədən ibarətdir? Bunu dəqiq bilən varmı? Əslində, “plan üzrə gedir” ifadəsi kifayət qədər mücərrəd səslənir. Amma ortada müəyyən nəticələr var. Məsələn, İranın ali dini rəhbəri məhv edilib və onun ölümündən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq sistemin dayanıqlılığı ilə bağlı müəyyən suallar yaranıb.

Müharibənin dayandırılmasının tərəfdarları belə arqument irəli sürürlər ki, İranın siyasi sistemi artıq kifayət qədər zəiflədilib. Onların fikrincə, yaxın aylarda ölkə daxilində sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda İran cəmiyyəti öz mövqeyini ortaya qoyaraq sistemi daha da sarsıda bilər.

Digər tərəfdən, ABŞ-ı narahat edən əsas məsələlər İranın raket proqramı, nüvə proqramı və proksi qüvvələrə verdiyi dəstəkdir. İstər 12 günlük müharibə zamanı, istərsə də sonrakı dövrdə ABŞ bu üç istiqamətdə müəyyən nəticələr əldə edib. Lakin demək olmaz ki, hər üç istiqamət üzrə məqsədlərə tam şəkildə nail olunub.

Nüvə proqramına gəldikdə, İranın artıq zənginləşdirdiyi uran ehtiyatı mövcuddur. Raket sistemi baxımından isə ölkəyə ciddi zərbələr endirilib. Xüsusilə raketlərin buraxılışını təmin edən sistemlərə böyük ziyan dəyib. Qeyd etmək lazımdır ki, İranın çoxlu sayda raketi ola bilər, lakin onları buraxan qurğular zərər görərsə, bu silahların effektivliyi də xeyli azalır.

Proksi qüvvələrə gəlincə, diqqət yetirsək görərik ki, hazırda əsasən yalnız “Hizbullah” daha aktiv görünür. Husilər isə daha çox səssiz mövqe nümayiş etdirirlər. Onlar da anlayırlar ki, hazırkı mərhələdə aktiv fəaliyyət göstərsələr, daha böyük itkilərlə üzləşə bilərlər. Buna görə də daha çox daxili məsələlərə fokuslanmağa çalışırlar.

İranda rejim köklü şəkildə dəyişərsə, ABŞ öz strateji məqsədlərinə daha asan çata bilər. Digər tərəfdən, müharibə şəraitində yeni seçilmiş liderin aradan götürülməsi ehtimalı da ABŞ-da müəyyən dairələrə belə bir ümid verir ki, bu yolla istədikləri nəticəni əldə edə bilərlər. Məhz buna görə də hazırda müharibənin dayandırılması ilə bağlı səsləndirilən bəyanatları tam əsaslı hesab etmək çətindir.

– ABŞ və İsrailin İranla bağlı bir sıra gözləntiləri özünü doğrultmadı. Bu gözləntilərdən biri də etnik azlıqların rejimə qarşı ayaqlanması ilə bağlı idi. Xüsusilə kürdlərin ciddi silahlı gücə malik olmasına baxmayaraq, onların ABŞ-ın birbaşa müdaxiləsi olmadan İranla açıq qarşıdurmaya girməyəcəklərini bildirdilər…

 – Düşünmürəm ki, ABŞ-ın İrana qarşı ehtimal olunan quru əməliyyatları zamanı kürdlər əsas qüvvə kimi nəzərdə tutulurdu. Çünki İrandakı kürd qruplaşmaları say baxımından, silahlanma səviyyəsinə və təşkilatlanma imkanlarına görə Yaxın Şərqin digər bölgələrində fəaliyyət göstərən kürd qrupları ilə müqayisədə daha zəifdir. Region ölkələrinin, xüsusilə də Türkiyənin İraq Kürdüstanı istiqamətində həyata keçirdiyi regional siyasət də belə bir dəstəyin formalaşmasını xeyli çətinləşdirir.

Digər tərəfdən, Suriyada ən döyüş qabiliyyətli kürd qruplarının taleyi də göstərdi ki, zəruri məqamlarda ABŞ onları daha böyük geosiyasi maraqlar naminə güzəşt mövzusuna çevirə bilir. Buna görə də kürd qrupları özləri də ABŞ üçün açıq şəkildə döyüşməkdə o qədər də maraqlı görünmürlər.

Ümumilikdə, İranda fəaliyyət göstərən kürd silahlı qruplaşmalarının sayı təxminən 20 min nəfərdən də az hesab olunur. Bu isə hərbi və siyasi baxımdan ciddi təsir göstərmək üçün kifayət qədər aşağı göstəricidir.

– Körfəz ölkələri İran tərəfindən ən çox hücuma məruz qalan ölkələrdən oldu. Lakin buna baxmayaraq, bu ölkələr uzun müddət İrana cavab zərbəsi endirmədilər. Son günlər isə müəyyən cavab zərbələrinin endirildiyinin şahidi oluruq. Ərəb ölkələrinin İrana qarşı hücuma başlamamasının səbəbləri nə ola bilər?

– Ərəb ölkələri bu məsələdə çox təmkinli davranırlar. Düşünürəm ki, onlar yaxşı başa düşürlər ki, müharibə uzunmüddətli xarakter alarsa, ABŞ onların hərbi potensialından və silah arsenalından daha geniş şəkildə istifadə edə bilər. Bu isə o deməkdir ki, həmin ölkələr öz silah ehtiyatlarını və hərbi infrastrukturlarını faktiki olaraq ABŞ-ın istifadəsinə açmalı olacaqlar.

Bundan başqa, Körfəz ölkələri müharibənin mümkün qədər tez başa çatmasını istəyirlər. Çünki uzun illərdir bu ölkələrə böyük həcmdə investisiyalar yatırılıb və müharibənin uzanması təhlükəsizlik risklərini artırır. Bu isə həmin dövlətlərin beynəlxalq imicinə və investisiya mühitinə ciddi zərbə vura bilər.

Ümumilikdə, bu ölkələr üçün təhlükəsizlik və sabitlik məsələsi daha prioritetdir. Əgər İranla müharibə başa çatsa və mövcud rejim yenə də hakimiyyətdə qalsa, bu, gələcəkdə müharibənin yenidən başlama ehtimalını artıracaq. Belə bir şəraitdə isə regiona investisiya cəlb etmək daha da çətinləşə bilər.

Məhz buna görə də böyük ehtimalla ərəb ölkələri çalışırlar ki, münaqişənin birbaşa tərəfinə çevrilməsinlər və mümkün qədər bu müharibədən kənarda qalsınlar.

– Ən çox diqqət çəkən məqamlardan biri də İranın Türkiyə istiqamətində yenidən ballistik raket atmasıdır. Raket Aralıq dənizindəki NATO gəmiləri tərəfindən vurulub və qalıqları Qaziantep vilayəti ərazisinə düşüb. Həm əvvəlki, həm də sonuncu hücumun hədəfinin NATO-nun Adanadakı İncirlik hərbi bazası və ya Malatyada yerləşən Kürəcik radar stansiyası ola biləcəyi ehtimal olunur. İran Türkiyəni və NATO-nu müharibəyə qoşmaq istəyir? Belə bir riski niyə gözə alır?

 (Ardı var)

Söhbətləşdi: Turan Rzayev

Fotolar: İntiqam Əhmədov

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники