RU

Hörmüz böhranı və sanksiyalar: Trampın qərarı neft bazarına necə təsir edəcək? – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp qlobal enerji bazarında qiymətləri aşağı salmaq strategiyası çərçivəsində bəzi ölkələrə tətbiq olunan neft sanksiyalarının ləğv ediləcəyini bəyan edib.
Prezident bildirib ki, İrana qarşı hərbi müdaxilə ehtimalının neft qiymətlərinə təsiri gözləniləndən daha zəif olub. Lakin buna baxmayaraq, İranın Hörmüz boğazında tankerlərə hücumundan sonra dünya bazarında neftin qiyməti 40 dollardan çox artaraq ciddi gərginlik yaradıb.
ABŞ Hindistana bir ay müddətinə Rusiyadan tankerlərdə qalan nefti almağa icazə verib. Rusiya tərəfi hazırda Vaşinqtonla sanksiyaların yumşaldılması imkanlarını aktiv şəkildə müzakirə edir.

"ABŞ-nin neft ixracına sanksiya tətbiq etdiyi ölkələr arasında ilk növbədə İran dayanır. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Venesuela gəlir. Təbii ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yaxın perspektivdə aradan qaldırılması gözlənilmir. Bu halda alternativ kimi əsasən Venesuela qalır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, digər tərəfdən Suriya da müəyyən mənada nəzərə alınır, lakin Suriyada hasil edilən neft həcmi o qədər də böyük deyil. Üstəlik, ölkədə mövcud vəziyyət və infrastruktur problemləri bu sahədə imkanları xeyli məhdudlaşdırır. Venesuelada da vəziyyət oxşardır. Yəni İran faktoru olsa da, olmasa da, Venesuela neftinin qlobal bazarlara geniş şəkildə çıxarılması üçün ciddi istehsal artımına ehtiyac var. Bunun üçün isə ilk növbədə neft hasilatının artırılması tələb olunur. Hasilatın artırılması üçün quyuların yenidən işlənməsi, infrastrukturların bərpası və logistika imkanlarının genişləndirilməsi vacibdir. Halbuki Venesuelada həm quyu infrastrukturu, həm də logistika sistemi hazırda kifayət qədər bərbad vəziyyətdədir. Başqa sözlə, əgər münaqişə davam edərsə, Hörmüz boğazı bağlı qalarsa və bölgədə gərginlik, partlayış səsləri səngiməzsə, bu halda neft qiymətlərində stabilləşmədən danışmaq mümkün olmayacaq. Belə bir vəziyyətdə tankerlərdə qalan neft, o cümlədən Rusiya nefti belə bəzi ölkələr üçün, məsələn Hindistan üçün uzunmüddətli həll yolu olmayacaq. Proses bir qədər uzanarsa, bu ehtiyatlar vəziyyəti sabitləşdirmək üçün kifayət etməyəcək. Bu baxımdan Donald Tramp tərəfindən səsləndirilən bəyanat müəyyən mənada "qazanın qapağını açaraq təzyiqi artırmaq" məqsədi daşıyır. Çünki ABŞ-nin müttəfiqləri tərəfindən Vaşinqtona müəyyən təzyiqlər də mövcuddur. Hazırda həm ixrac, həm də idxal istiqamətində ciddi qırılmalar müşahidə olunur. Təchizat zəncirində baş verən bu qırılmalar isə təkcə ayrı-ayrı ölkələrin iqtisadiyyatına deyil, ümumilikdə qlobal iqtisadi sistemə ciddi problemlər yaradır. Buna görə də mövcud gərginliyin davam etməsi dünya iqtisadiyyatı üçün əlavə risklər formalaşdırır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники