RU

Adınıza saxta hesab yaradıb pul yığılmaması üçün: Bunu oxuyun

Sosial mediada sabiq deputat Sabir Rüstəmxanlının oğlu Gündüz Rüstəmxanlının adına saxta profil yaradılıb. 

Gündüz Rüstəmxanlı bununla bağlı özü paylaşım edərək bildirib ki, sözügedən profil ona məxsus deyil. Bildirilir ki, həmin profil vasitəsilə insanlardan pul tələb olunur və fırıldaqçılıq halları baş verir. 

Bu, ilk belə hadisə deyil. Əvvəllər də məşhur şəxslərin özü və ya övladlarının adından belə dələduzluq edilib.

İnformasiya kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Əmrah Mövsümzadə “Cebheinfo.az”-a bildirib ki, son dövrlər sosial mediada istifadəçi hesablarının ələ keçirilməsi və həmin şəxslərin adından pul istənilməsi halları nəzərəçarpacaq dərəcədə artıb: 

“Bu dələduzluq üsulu əsasən insanların bir-birinə olan güvənindən istifadə etməyə yönəlib və kibercinayətkarların sosial mühəndislik metodlarından istifadə ilə istifadəçiləri aldatması əsasında baş verir. 

Bu halların baş verməsinin əsas səbəblərindən biri istifadəçilərin hesab təhlükəsizliyi qaydalarına kifayət qədər riayət etməməsidir. Sadə və ya təkrarlanan şifrələrdən istifadə edilməsi, ikimərhələli doğrulamanın aktiv edilməməsi, şübhəli linklərə daxil olunması və saxta giriş səhifələrinə məlumatların ötürülməsi hesabların ələ keçirilməsinə şərait yaradır”. 

Mütəxəssisin sözlərinə görə, bir çox hallarda istifadəçilər sosial şəbəkələrdə gələn mesajlarda göndərilən linklərə düşünmədən daxil olur və nəticədə hesab məlumatlarını bilmədən kibercinayətkarlara ötürürlər: 

“Digər tərəfdən, bəzi platformalarda təhlükəsizlik mexanizmləri olsa da, istifadəçilərin diqqətsizliyi və sosial mühəndislik hücumlarının psixoloji tərəfi səbəbindən bu hücumların tam qarşısını almaq çətin olur. 

Kibercinayətkarlar texniki boşluqlardan daha çox insan faktorundan istifadə edirlər. Buna görə də problem təkcə texnologiya ilə deyil, həm də maarifləndirmə ilə həll olunmalıdır. Bu cür halların qarşısını almaq üçün bir neçə əsas təhlükəsizlik tədbirinə əməl etmək vacibdir. 

İlk növbədə istifadəçilər bütün sosial media hesablarında güclü və unikal şifrələrdən istifadə etməlidirlər. İkincisi, ikimərhələli doğrulama mütləq aktiv edilməlidir. 

Bundan başqa, şübhəli linklərə daxil olmamaq, sosial mediadan gələn doğrulama kodlarını heç kimlə paylaşmamaq və hesabın təhlükəsizlik ayarlarını mütəmadi yoxlamaq lazımdır. 

İstifadəçilərdən pul istənilən zaman mütləq əlavə yoxlama aparmaq lazımdır. Məsələn, həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamaq və ya başqa platforma üzərindən məlumatı dəqiqləşdirmək tövsiyə olunur. Çünki dələduzlar adətən tələsdirici görünən mesajlar yazaraq insanların düşünmədən qərar verməsinə çalışırlar”. 

Mütəxəssis qeyd edib ki, bu problemin həllində həm platformaların təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, həm də cəmiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi mühüm rol oynayır: 

“İnsanlar bilməlidir ki, rəqəmsal mühitdə təhlükəsizlik ilk növbədə insanın öz davranışından başlayır. 

Kibertəhlükəsizlik baxımından ən effektiv müdafiə üsulu texnologiya ilə yanaşı, məlumatlı və diqqətli istifadəçi davranışıdır”. 

Избранный
28
cebheinfo.az

1Источники