Donald Tramp 2028-ci il prezident seçkiləri kontekstində vitse-prezident Ceyms Devid Vens və senator Marko Rubionun şanslarını məsləhətçiləri ilə müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika liderinə yaxın mənbələrə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp bir neçə aydır ki, Vensin və Rubionun güclü və zəif siyasi cəhətləri barədə yaxın ətrafını sorğu-sual edir. Prezident bunu “oyun” adlandırır və müqayisəni formal varis seçimi kimi görmür. Lakin qəzet yazır ki, MAGA (Amerikanı yenidən böyük edək) imperiyasının gələcək varisi onun üçün əsas məsələ olaraq qalır.
WSJ mənbələri iddia edir ki, Tramp getdikcə Rubioya rəğbətini göstərir, onun çıxışlarını tərifləyir və birbaşa səlahiyyətlərindən kənar məsələlərdə ondan məsləhət alır. Eyni zamanda, o, Vensi tənqid etmir və ya onun seçki perspektivlərinə şübhə ilə yanaşmır.
Donald Tramp 2028-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində liderlərin mövcudluğunu, lakin onlardan konkret birini müəyyən etməyin hələ tez olduğunu əvvəllər də bildirmişdi. O, həmçinin Rubio və Vensi əla insanlar adlandırıb, lakin 2028-ci il seçkilərində öz xələfinin adını çəkməkdən imtina edib.