RU

Neft kəskin bahalaşdı: maaş və pensiyalar artacaq? AÇIQLAMA

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neftin dünya bazarında qiymətinin rekord həddə yüksəlməsi iqtisadiyyata və valyuta bazarına mümkün təsirlərlə bağlı müzakirələri artırıb. Digər tərəfdən, Azərbaycanda 2026-cı ildən başlayaraq 2029-cu ilə qədər dövlət büdcəsində neftin qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. Hazırda onun iki dəfə baha olması əlavə vəsaitin maaş və pensiyaların artırılmasına yönəldilib-yönəldilməyəcəyi sualını yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, ABŞ-la İsrailin İrana hücum əməliyyatı başlayan gündən bəri neftin qiyməti 50 faiz artıb:

“Səbəb Hörmüz boğazında yaranan vəziyyətlə bağlıdır. Əsas neft hasilatçısı ölkələrində bu sahədə mövcud infrastruktura dəyən zərbələr, daşımaların divara dirənməsi bəlkə də hələ az səviyyədə bahalaşma yaradıb. Neftin qiymətinin həddindən artıq artması Azərbaycanın iqtisadiyyatı üçün hər zaman müsbət nəticələr doğurmur. Əksinə, bu vəziyyət bir sıra mənfi təsirlərə də səbəb ola bilər. İlk növbədə, neft qiymətlərinin kəskin artması ölkədə idxalın genişlənməsinə gətirib çıxarır. Azərbaycanın daxili istehlak bazarı müəyyən dərəcədə idxaldan asılı olduğu üçün dünya bazarlarında qiymətlərin yüksəlməsi idxal məhsullarının həcmini artırır. İkincisi, bu proses daxildə inflyasiyanın güclənməsinə səbəb olur. Dünya bazarında neftin bahalaşması enerji daşıyıcılarının qiymətini artırır, bu isə öz növbəsində ərzaq, qida məhsulları və digər zəruri malların bahalaşmasına gətirib çıxarır. Nəticədə ölkəyə inflyasiya idxalı baş verir”.

İqtisadçının sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, neft qiymətlərindəki kəskin dəyişikliklər iqtisadiyyat üçün risk yarada bilər:

“Məsələn, 2014-2015-ci illərdə neft qiymətlərinin kəskin ucuzlaşması dövründə qiymətlərin enməsi Azərbaycanın bank sektoruna ciddi təsir göstərmişdi. Bu vəziyyətin yaranmasında əvvəlki illərdə neft qiymətlərinin həddindən artıq yüksək olması və iqtisadiyyatda müəyyən balanssızlıqların formalaşması da rol oynayıb. Ona görə də dövlət büdcəsində neftin qiyməti 65 dollar götürülsə də, hazırda bundan daha yüksək olması ölkəyə əlavə gəlir gətirir. Bu vəsait maaşların və pensiyaların artırılmasına yönəldilə bilər. Lakin belə durum uzunmüddətli və sabit iqtisadi üstünlük kimi qiymətləndirilmir”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
84
globalinfo.az

1Источники