RU

Bakıda binaların həyətində “avtomobil savaşı” – Rent a car şirkətləri həyətləri işğal edib ? – FOTOLAR

Bakı şəhəri, Əlövsət Əbdülrəhimov küçəsi 120 ünvanında yaşayan sakinlər bildirirlər ki, binaların altında fəaliyyət göstərən icarə avtomobili (Rent a car) şirkətləri həyəti faktiki olaraq dayanacağa çeviriblər.

Bununla bağlı Musavat.com-a müraciət edən sakinlər deyir ki, şəxsi avtomobillərini saxlamağa yer tapmırlar. Onların sözlərinə görə, ərazidə rəsmi parklanma salınacağı gözlənilsə də, hələ ki, bu baş verməyib. Nəticədə binanın həyəti və ətrafı icarəyə verilən avtomobil şirkətləri tərəfindən zəbt edilib. İnsanlar həm yolu rahat keçə bilmədiklərini, həm də bina sakinlərinin şəxsi avtomobillərini saxlamağa yer tapmadıqlarını dilə gətirirlər.

Musavat.com-un əməkdaşı sözügedən ərazidə olub və həyətətrafı sahələrin doğrudan da avtomobillərlə zəbt edildiyini müşahidə edib.

Belə olan halda bir sual yaranır: Rent a car fəaliyyəti yaşayış binalarında qanunidirmi? Bu biznes üçün ayrılmış xüsusi zonalar varmı?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a açıqlamasında bildirib ki, avtomobillərin icarəyə verilməsi fəaliyyətinin şəhər kənarında təşkil olunması daha məqsədəuyğun olardı.

Nəqliyyat

Onun sözlərinə görə, daha geniş ərazilərdə həm bu xidmətlərin göstərilməsi daha rahat olar, həm də ora gələn insanlar avtomobillərə daha rahat baxa bilərlər:

“Eyni zamanda bu, şəhər infrastrukturuna mənfi təsirlərin də qarşısını alar. Bu gün şəhərdə fəaliyyət göstərən bir çox Renta a car şirkətləri təəssüf ki, səkinin bir hissəsini də zəbt edirlər. Bu isə qeyd etdiyimiz problemlərin yaranmasına səbəb olur və vətəndaşların haqlı narazılığına gətirib çıxarır.

Ümumiyyətlə, hesab edirəm ki, bu məsələyə yenidən baxılmasına ehtiyac var. Şəhər böyükdür, lakin şəhərdə ən məhdud resurs torpaqdır və bu resursdan səmərəli istifadə edilməlidir.

Əlbəttə, avtomobil salonları da vacibdir və onlara ehtiyac var. Lakin onların təşkili ilə bağlı düşünürəm ki, şəhər və dövlət səviyyəsində yenidən baxılmalı və onlar ayrıca bir məkanda cəmləşdirilməlidir.

Belə bir yanaşma yeni bir ekosistemin yaranmasına da səbəb ola bilər. Yəni bu xidmətlərdən istifadə etmək istəyən insanlar həmin əraziyə gəldikdə, bu da əlavə xidmətlərin formalaşmasına şərait yaradar. Məsələn, əgər orada satış mərkəzi fəaliyyət göstərirsə, ora gələn insanların vaxtlarını daha səmərəli keçirməsi üçün kafelərə və digər məkanlara ehtiyac yaranacaq. Bu isə ümumilikdə yeni bir iqtisadi və sosial hərəkətlilik yaradacaq.

Digər tərəfdən isə mövcud problemlər də köklü şəkildə həll olunmuş olar. Vətəndaşlar öz yaşadıqları ərazilərdə daha rahat hərəkət edə bilər, səkilər və ictimai məkanlar daha səmərəli istifadə olunar. Rent a car şirkətlərinin və avtomobil satış məkanlarının ayrıca ərazilərdə təşkil edilməsi isə düşünürəm ki, ümumilikdə hər kəsin məmnun qalmasına səbəb olar”.

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər həmin torpaq sahəsi binaya aiddirsə, yəni binanın mülkiyyətinə daxildirsə, bu halda orada avtomobillərin saxlanılması məsələsi bina sakinləri tərəfindən müəyyən olunmalıdır:

“Yəni qərar verilməlidir ki, həmin ərazidə ümumiyyətlə, avtomobil saxlamaq olar, ya yox. Əgər icazə verilirsə, kimlər avtomobil saxlaya bilər və hansı şərtlərlə saxlanıla bilər – bütün bunlar həmin binada yaşayan mənzil mülkiyyətçilərinin razılığı ilə həll edilməlidir.

Məsələn, sakinlər qərar verə bilərlər ki, bu ərazidə yalnız binanın sakinləri avtomobil saxlaya bilər. Digər şəxslərin avtomobil saxlamasına icazə verilərsə, bu artıq ödənişli əsasda təşkil oluna bilər və əldə olunan vəsait binanın saxlanması və ümumi xərcləri üçün istifadə oluna bilər. Amma elə hallar da var ki, binanın yanında yerləşən torpaq sahəsi əslində binaya aid olmur. Bu halda həmin torpaq sahəsinin mülkiyyətçisi kimdirsə, qərarı da o verir. Yəni hər bir torpaq sahəsinin istifadəsi ilə bağlı qərarı onun mülkiyyətçisi müəyyən edir.

Bununla belə, əksər hallarda binaların yanındakı torpaq sahələri elə həmin binaların mülkiyyətinə aid olur. Əgər belə bir ərazidə bina sakinlərinin razılığı olmadan hər hansı tikinti və ya başqa fəaliyyət aparılırsa, bu halda sakinlər ilk növbədə müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.

Məsələn, Şəhərsalma və Arxitektura Komitəsinə və ya digər aidiyyəti qurumlara müraciət edərək əvvəlcə həmin torpaq sahəsinin kimə məxsus olduğunu dəqiqləşdirmək lazımdır. Əgər torpaq sahəsinin binaya aid olduğu müəyyən olunarsa, sakinlər öz hüquqlarını müdafiə etmək üçün şikayət edə bilərlər.

Əgər bu müraciətlər nəticə verməzsə, o zaman sakinlərin məhkəməyə müraciət edərək öz hüquqlarını müdafiə etmək imkanı da var. Çünki belə hallarda binanın həyəti faktiki olaraq daralır və sakinlərin istifadəsində olan ümumi ərazi məhdudlaşır”.

Ofisi binada yerləşən “FM Rent A Car” şirkətinin məsul şəxsi Faiq Mirişli isə saytımıza bildirib ki, şirkətin cəmi 10-a yaxın avtomobili var. Onun sözlərinə görə, həmin maşınlar yalnız müştəri olmadığı vaxtlarda həyətlərdə dayanır, əksər hallarda isə insanlar tərəfindən kirayələnir. O deyir ki, ərazidə dayanan maşınların çoxu digər obyektlərə məxsusdur:

“Məsələn, burada stadion var. Futbol oyunu olanda insanlar gəlib maşınlarını burada saxlayırlar. Bundan əlavə, küçədə çoxlu obyektlər fəaliyyət göstərir. Təxminən 50-yə yaxın obyekt var. Bizim isə cəmi 8–10 maşınımız var. Lazım olsa, maşınların siyahısını da təqdim edə bilərəm.

Bu küçədə ümumilikdə təxminən 7 Rent a car fəaliyyəti göstərir. Hərəsinin də 4–5, bəzən 6 maşını olur. Belə olanda küçədə 40–50 maşın yığılır və elə bilirlər ki, hamısı bir yerə- guya avtosalon kimi düzülüb.

Hazırda burada müxtəlif obyektlər fəaliyyət göstərir. Məsələn, dərzi var, saç salonları var. İnsanlar bəzən dərziyə gəlib paltarlarını düzəltdirirlər və maşınlarını burada saxlayırlar. Yəni küçə əsasən müxtəlif obyektlərdən ibarətdir və hər obyektə də 1–2 maşın gəlir.

Yəni məsələ təkcə mənə aid deyil. Sadəcə görünür ki, kiminsə diqqətində daha çox mən qalmışam. Halbuki bu küçədə məndən daha çox maşını olan obyektlər də var”.

Şahanə Rəhimli,
Musavat.com

Избранный
29
musavat.com

1Источники