RU

“Atam 45 yaşına keçəndən 12 gün sonra vəfat etdi, ruhu okeanlarda üzür, adına gəmi var” - FOTO+ÖZƏL

“Bu gün atam Bəşir Səfəroğlunun 101 yaşı tamam olur. Bəşir Səfəroğlu məktəbi hələ ki, öyrənilməyib. Onun oyun tərzi, rola hakim kəsilməsi, səhnədə hakim olması... Bunların hamısı aktyor sirridir. Bunu tamaşaçı hiss edir ki, filankəs səhnəyə gələndə elə bil səhnə dirildi, filankəs səhnəyə çıxanda elə bil səhnə cavanlaşdı. Bütün bunların hamısı Bəşir Səfəroğlu və bir neçə aktyorlarımızın məktəbidir. Bəşir Səfəroğlu artıq 101 yaşına çatdı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı bildirib.
 
O daha sonra əlavə edib:
“Mən çox arxayınam ki, qədirbilən, sənəti və sənətkarı sevən xalqım Bəşir Səfəroğlunu yaşadacaq. O yaşayacaq. O həmişəyaşardır. Çünki 45 yaşına cəmi 12 gün idi keçmişdi ki, vəfat etdi. O cavan yaşında, ən çox sevdiyi bahar ayında, mart ayında anadan oldu və mart ayında da əbədiyyətə qovuşdu. Bu bəlkə də onun ölümündən sonra xoşbəxtliyinin sədaları idi. Belə ki, sən olmasan da sənin sevdiyin ayda yaşayacaqsan. Həmişə yaddaşlarda olacaqsan, anılacaqsan. Necə ki, yaddaşlardasan və anılırsan. Mən bu gün məzarı üstünə gedəcəm və onunla ata-bala söhbətimiz olacaq. Mən həyatın reallığını qəbul etmişəm. Bir övlad kimi nisgilim olsa da, bir sənətkar kimi böyük təsəllim var. Bu qədər hörmət sahibidir.. Bir atanın ki, ruhu okeanlarda üzə, adına gəmilər var, adına mədəniyyət evləri, küçələr var. Elə bil atanı nisgillə xatırlamaq böyük bir günahdır. O nisgil bir övlad kimi mənim ürəyimdədir. Lakin mənim atam çox xoşbəxt sənətkardır. Bilirəm ki, ömür vəfa etsə mən hələ ki, onun məktəbini yaşadacam”, - deyə sənətkar bildirib.
Избранный
14
moderator.az

1Источники