İranın yeni təyin edilmiş ali dini lideri Müctəba Xameneinin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi iddia olunur.
Məlumata görə, o, Sina Xəstəxanasında müalicə altındadır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkədə İran dövlət televiziyasının keçmiş aparıcısı Ehsan Kərəmi məlumat yayıb.
Onun sözlərinə görə, Müctəba Xamenei aldığı ağır xəsarətlər səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib. Bildirilir ki, o, mədə və ayaq nahiyəsindən ciddi zədələr alıb və hazırda süni tənəffüs aparatına qoşulub. İddialara əsasən, Xameneinin səhhəti ilə bağlı vəziyyət ağır olaraq qalır.
Mənbə həmçinin qeyd edir ki, əməliyyat bir qrup tanınmış həkim tərəfindən həyata keçirilib. Cərrahi müdaxilədə həkim Məhəmməd Zəfərqəndi və Mərəşi iştirak edib. Bildirilir ki, İran prezidenti Məsud Pezeşkianın iki gün əvvəl Zəfərqəndi ilə görüşməsinin səbəblərindən biri də məhz xəstəxanada Müctəba Xameneinin vəziyyəti ilə maraqlanmaq olub.
Məlumatda qeyd olunur ki, Sina Xəstəxanasında təhlükəsizlik tədbirləri gücləndirilib və reanimasiya şöbəsinə yalnız məhdud sayda şəxsin daxil olmasına icazə verilir. Bununla yanaşı, yayılan məlumatların rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənmədiyi vurğulanır.
Sara