RU

Hakimiyyətin Naxçıvan HAZIRLIĞI – Tanınmış hüquqşünas elə FAKTLAR açıqladı ki...

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir. Xəbər verildiyi kimi, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb.

İndiyədək qüvvədə olan konstitusiyasının preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Yeni redaksiyada isə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Muxtar Respublikanın bu konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Naxçıvanla bağlı bu dəyişikliyin əsas məram-məqsədi nədir?

Partiya

Tanınmış hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bu istiqamətdə tarixi faktlar açıqladı:

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişiklikləri bir neçə istiqamət üzrə qruplaşdırmaq olar. Birinci istiqamət Konstitusiyanın Preambula hissəsində və 1-ci maddəsinə edilən dəyişikliklərlə bağlıdır. Həmin dəyişikliklərə görə, Muxtar Respublika Konstitusiyasından 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələrinə istinadlar və muxtar respublikanın müxtəlif dövrlərdə necə adlandırılması haqqında müddəalar çıxarılır. Məhz dəyişikliklərin bu hissəsi cəmiyyətdə daha çox müzakirə olunur və bunu Naxçıvanın muxtariyyətinin ləğvi kimi qiymətləndirilir.

Məsələ bundan ibarətdir ki, adı çəkilən müqavilələrin imzalanmasından əvvəlki illər bölgədə son dərəcə mürəkkəb və qarışıq, gərgin hərbi-siyasi və beynəlxalq şərait mövcud olub. 1918-1920-ci illərdə Naxçıvan vilayəti əvvəlcə İrəvan quberniyasının tərkibində qəza statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində mübahisəsiz ərazi olub, sonra ayrı-ayrı vaxtlarda qısa müddətə Türkiyənin, Böyük Britaniyanın, ABŞ-nin, daşnak Ermənistanının nəzarəti altında olub. Lakin Naxçıvan əhalisi Azərbaycanla bir yerdə olduğunu bildirərək Xalq Cümhuriyyəti hökumətinə müraciət edib. Cümhuriyyət hökumətinin qərarı ilə Naxçıvanda general qubernatorluq yaradılıb.

Ermənistanın daşnak hökuməti Zəngəzur və Naxçıvan vilayətlərinə iddia edirdi və sovet Rusiyası da ermənilərin bu iddialarını dəstəkləyirdi. RSFSR ilə daşnak, sonra isə sovet Ermənistanı arasında bağlanmış müqavilələrə görə, Zəngəzur və Naxçıvan vilayətləri Ermənistanın ərazisi kimi tanınırdı. Lakin Naxçıvan əhalisinin qəhrəmancasına mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyənin israrı nəticəsində Naxçıvan Azərbaycanın tərkibində qaldı. 1921-ci ilin əvvəllərində keçirilən rəy sorğusunda Naxçıvan bölgəsi əhalisinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi. Yəni Moskva və Qars müqavilələri imzalanan ərəfədə Naxçıvan Azərbaycanın tərkibində ayrıca ərazi statusunda idi.

Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın muxtar ərazi statusunda başqa dövlətə güzəştə getməmək şərtilə Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirildi. Sovet hakimiyyəti dövründə Naxçıvanın Ermənistana verilməsi haqqında məsələ bir neçə dəfə qaldırılsa da, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində məsələ ermənilərin istədiyi kimi həll olunmadı, lakin Naxçıvan ərazisinin bir hissəsi müxtəlif vaxtlarda Ermənistana verildi”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycanın 1995-ci il Konstitusiyasına görə, Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlət statusuna malikdir:

“Yəni, Azərbaycan dövləti Naxçıvanın siyasi muxtariyyətin ən yüksək forması statusunu tanıyır və təminat verir. Bu baxımdan Moskva və Qars müqavilələrinə istinadın Naxçıvan Konstitusiyasından çıxarılması məsələnin mahiyyətini dəyişdirmir və Naxçıvan muxtariyyətinin ləğvi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, beynəlxalq müqavilələr milli qanunvericiliyin tərkib hissəsi olmaqla dövlətin Konstitusiyasından üstün hüquqi qüvvəyə malik ola bilməz. Həmçinin Konstitusiyada beynəlxalq müqavilələrə istinadlar müasir qanunvericilik texnikasına uyğun deyil”.

Hüquqşünasa görə, Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərin ikinci istiqaməti hakimiyyətin təşkili ilə bağlıdır: “Bu dəyişikliklərə görə, Muxtar Respublikanın ali vəzifəli şəxsi statusu ləğv edilir. Bu vaxta qədər Naxçıvan Ali Məclisinin sədri Naxçıvanının ali vəzifəli şəxsi hesab edilirdi, həm qanunvericilik, həm də icra hakimiyyəti sahələrində geniş səlahiyyətlərə malik idi. Əslində bu hakimiyyətlər bölgüsü prinsipinə uyğun gəlmirdi.

Muxtar Respublikada icra orqanı statusunda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması məsələsi Konstitusiya səviyyəsində təsbit olunur. Yəni hazırda mövcud olan səlahiyyətli nümayəndəliyin statusu dəqiqləşdirilir. Bundan başqa Azərbaycan Konstitusiyasında təsbit olunmuş, lakin Naxçıvan Konstitusiyasında öz əksini tapmamış bəzi müddəalar da (müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Ali Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması, Ali Məclisinin buraxılması və s.) Konstitusiyaya daxil edilir, ayrı-ayrı məsələlərin ifadə forması dəqiqləşdirilir və s.

Bütövlükdə bu dəyişikliklər Naxçıvanın idarəetmə sisteminin, o cümlədən icra hakimiyyətinin təşkilində Azərbaycanın mərkəzi hakimiyyətinin rolunu, xüsusən də Prezident institutunun rolunu güçləndirir. Başqa sözlə, Naxçıvanın muxtariyyət statusu və onun təminatları saxlanılmaqla, səlahiyyət dairəsi nisbətən məhdudlaşdırılır, muxtar respublikada hazırda mövcud olan hakimiyyət və idarəetmə mexanizmləri daha çox Azərbaycanın mərkəzi hakimiyyət sisteminə inteqrasiya edilir. Mahiyyət etibarilə bu, unitar dövlət və siyasi muxtariyyətin müasir konsepsiyasına və modelinə uyğun hesab edilə bilər”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
66
musavat.com

1Источники