RU

Marketlərdə meyvə-tərəvəz niyə baha satılır? - AÇIQLAMA

"Son dövrlərdə marketlərdə meyvə və tərəvəzlərin bahalaşmasının bir neçə əsas səbəbi var və bu artımı tək bir faktorla izah etmək çətindir. Əsas səbəblərdən biri mövsümi amillərdir. Qış və erkən yaz aylarında yerli məhsulun həcmi azalır, istixana və ya saxlanma şəraitində yetişdirilən məhsulların isə maya dəyəri daha yüksək olur. Bu da bazara çıxan məhsulun qiymətinə təsir edir".Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Missiya.Az-a açıqlamasında bildirib ki, mühüm səbəblərdən digəri logistika və daşınma xərcləridir".Yanacaq qiymətləri, nəqliyyat xərcləri, anbar və soyuducu sistemlərinin saxlanma xərcləri artdıqca bu xərclər son qiymətə əlavə olunur. Məhsul tarladan bazara, sonra topdansatışdan marketlərə çatana qədər bir neçə mərhələdən keçir və hər mərhələdə əlavə xərc yaranır. Bəzi hallarda istehsalın azalması da qiymətlərə təsir edir. Hava şəraiti, quraqlıq, sel və ya digər iqlim faktorları məhsuldarlığı azaldanda bazarda təklif azalır və qiymətlər yüksəlir. Bu xüsusilə tərəvəz və bəzi meyvə növlərində tez hiss olunur",-iqtisadçı bildirib.Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda bir çox kənd təsərrüfatı məhsulları yerli istehsal hesabına təmin olunsa da, bazarda qiymətlərin yüksək qalmasının səbəblərindən biri də satış zəncirinin uzun olmasıdır. Fermerlə son alıcı arasında topdansatış bazaları, vasitəçilər və pərakəndə satış şəbəkələri olur. Hər mərhələdə əlavə marja qoyulduğu üçün məhsulun qiyməti xeyli artır. Rəqabət məsələsi də müəyyən rol oynayır. Böyük market şəbəkələrinin bazarda payı yüksək olduqda qiymət siyasəti daha mərkəzləşmiş olur və bu da bəzi məhsullarda qiymətlərin yüksək qalmasına səbəb ola bilər. Eyni zamanda ixracın artması da daxili bazarda təklifin azalmasına və qiymətlərin qalxmasına təsir edə bilir."Ümumilikdə meyvə və tərəvəzlərin bahalaşması mövsümilik, logistika xərcləri, istehsalın dəyişməsi, satış zəncirindəki vasitəçilər və bazar strukturu kimi bir neçə iqtisadi faktorun birlikdə təsiri ilə formalaşır. Yaz və yay mövsümü yaxınlaşdıqca yerli məhsul artdığı üçün adətən qiymətlərdə müəyyən sabitləşmə və ya qismən ucuzlaşma müşahidə olunur",-A.Nəsirli əlavə edib.

İlahə QənbərliMissiya.Az

Избранный
55
missiya.az

1Источники