RU

 “Hörmüz boğazındakı gərginlik Hindistanı ciddi narahat edir” - Elxan Şahinoğlu

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik dünya enerji bazarı və beynəlxalq ticarət yolları üçün riskləri artırır. Xüsusilə qlobal enerji daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazı ətrafında baş verənlər böyük dövlətlərin diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bölgədəki proseslər yalnız regional deyil, qlobal nəticələr doğura bilər. Onun sözlərinə görə, İranın bu istiqamətdə siyasəti bir sıra ölkələrdə ciddi narahatlıq yaradır.

Politoloq bildirir ki, İrandakı rejimin Hörmüz boğazıyla bağlı siyasəti dəyişməyib: "İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hörmüz boğazının ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacağını bildirməsi bu siyasətin göstəricisidir. Politoloqun fikrincə, bu o deməkdir ki, İrandakı rejim müharibə alovunu ətrafa yaymağa çalışır. Hörmüz boğazının atəş altında saxlanılması böyük dövlətlərdən Çinlə yanaşı Hindistanı da ciddi narahat edir. Müharibənin ilk günlərində Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker Hörmüz boğazı ərazisində ilişib qalmışdı. Hindistanın gəmiçilik naziri Sarbananda Sonowal “The Times of India” qəzetinə verdiyi açıqlamada bildirib ki, “Hörmüz boğazında ilişib qalan gəmilərdə min nəfərdən çox Hindistan dənizçisi var”. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar isə martın 9-da parlamentdəki çıxışı zamanı bölgədəki münaqişə zonasında iki Hindistan vətəndaşının həlak olduğunu söyləmişdi".

Politoloqun sözlərinə görə, Dehlini İranın Körfəz ölkələrinə raket və dron zərbələri də narahat edir: "Çünki Körfəz ölkələrində 10 milyona yaxın Hindistan vətəndaşı yaşayır və çalışır. Körfəz ölkələrinin Hindistanla illik ticarət dövriyyəsi 200 milyard dollara yaxındır. Digər önəmli məqam Hindistanın neft idxalının böyük hissəsinin Körfəz ölkələrinin payına düşməsidir. Buna görə də Dehli müharibənin qısa zamanda bitməsində maraqlıdır. Müharibə davam etdikcə Körfəz ölkələrində yaşayan və çalışan hindlilər özlərini təhlükəsiz hiss etməyəcəklər. Təsadüfi deyil ki, müharibə başlayandan bu yana 70 minə yaxın Hindistan vətəndaşı münaqişə bölgəsini tərk edib".

Ekspert əlavə edir ki, bu arada Vaşinqtonun Hindistanın Rusiyadan neft alışına yaşıl işıq yandırması Dehli üçün əhəmiyyətli qərar olub: "Hindistanın enerji nəhəngi "Reliance Industries" şirkəti mart ayı üçün Rusiyadan ən azı 6 milyon barel xam nefti alıb. Reuters agentliyinin məlumatına görə, şirkət Rusiyanın ixrac markalı Urals neftini bazar qiymətlərindən nisbətən ucuz qiymətə alıb. Yaxın Şərqdə müharibə davam etdikcə ABŞ Hindistanın Rusiyadan neft alışının əleyhinə çıxmayacaq. ABŞ maliyyə naziri Scott Bessent Hindistanın Rusiya neftinin alışına məhdudiyyətin müvəqqəti götürüldüyünü desə də, nə qədər ki, Yaxın Şərqdə müharibə davam edir, qadağanın yenidən tətbiqinin ehtimalı azdır. Gərgin vəziyyət Hindistanın neft ehtiyatını artırmasını diktə edir. “The Times of India” qəzeti Hindistanın kifayət qədər benzin, dizel və reaktiv yanacaq ehtiyatı olduğunu yazıb. Buna baxmayaraq, müharibənin aylarla uzanması dünya enerji bazarında böhranın dərinləşməsinə səbəb olacaq".

Nigar,

Sitat.info 

Избранный
42
3
sitat.info

5Источники