RU

ABŞ bu şərtlərlə savaşı dayandıracaq- “Tam təslimiyyət” nə deməkdir?

Ağ Evin sözçüsü Kerolayn Levitt bildirib ki, Vaşinqton Tehrana qarşı hərbi kampaniya üçün təxminən dörd-altı həftəlik müddət müəyyənləşdirib və əməliyyatların molla rejimi tam təslim olana qədər davam edə biləcəyi istisna edilmir. Onun bu açıqlaması beynəlxalq siyasətdə yeni suallar doğurub: “İranın tam təslim olması” konkret olaraq nə deməkdir?

Əslində “tam təslim olma” anlayışı təkcə hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmır. Söhbət həm də İranın regional siyasətini, nüvə proqramını və hərbi strategiyasını kökündən dəyişməsindən gedə bilər. Vaşinqton uzun illərdir ki, Tehrandan nüvə fəaliyyətinin məhdudlaşdırılmasını, regionda silahlı qruplara dəstəyin dayandırılmasını və beynəlxalq nəzarət mexanizmlərini qəbul etməsini tələb edir. Bu səbəbdən Ağ Evdən səslənən “tam təslimiyyət” mesajı sadəcə diplomatik ifadə deyil, İranın daxili və xarici siyasətində ciddi dönüş tələb edən geniş siyasi paket kimi də düşünülməlidir.

Tehran bu tələbləri qəbul edib geri addım atacaqmı, yoxsa regionu daha böyük qarşıdurmaya aparan yeni mərhələ başlayacaq?
Bakının

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a mövzu ətrafında bunları dedi: “Məlum olduğu kimi, ABŞ İrandan tam təslimiyyət - kapitulyasiya tələb edir. Bu, əvvəlcə İranın nüvə təsislərini ləğv etməsi, zənginləşdirilmiş uranı təhvil verməsi, regional proksi qüvvələrə dəstəyini sonlandırması, uzaqmənzilli raket istehsalını dayandırması kimi şərtlərdə əks olunurdu. Lakin İran bu şərtləri qəbul etmədiyi üçün danışıqlar müharibənin ikinci fazasının başlanması ilə nəticələndi. Tramp administrasiyası müharibənin 4 həftə davam edəcəyini bəyan etmişdi. Rejim dəyişikliyi əsas hədəfə çevrilmişdi. Lakin 28 fevraldan artıq 2 həftəyə yaxın vaxt ötsə də, İran ali dini liderini, generallarını itirsə də görürük ki, dövlət aparatı öz mövcudluğunu qoruya bilir. Dini idarəetmə məhz bu cür hallarda dövləti qorumağa hesablanıb və xalq dəstəyini itirmədikcə yıxılması mümkün görünmür. Düzdür ki, İranın ballistik raket hücumları 90%, dron hücumları 35% azalıb. Bununla belə müharibənin uzanması ehtimalına dair ssenarilər səsləndirilir. ABŞ İrana quru qoşunları yeritməyi belə nəzərdən keçirir. Qısa müddətdə əsas hədəflərə nail olunduğu, lakin rejimin zəifləyərək özünü növbəti müdaxiləyədək qoruduğu ssenarinin reallaşması da həmin ssenarilərdən biridir. Lakin uzunmüddətli müharibə dünya enerji bazarında qiymət şokları, regional logistika imkanlarında kəsintilər, regional xaosun davam etməsi, resursların qarşılıqlı tükəndirilməsi deməkdir. Bununla belə, ABŞ və Qərb devirməyi qarşısına məqsəd qoyduğu rejimləri 12 il sonra da (Səddam Hüseynə qarşı 1991-2003 əməliyyatları), 13 il sonra da (Əsədə qarşı 2011-2024 əməliyyatları) devirir. Başqa sözlə, Qərbin uzunmüddətli müharibə strategiyaları və təcrübələri var. İran xalqının, o cümlədən regionun isə sülhə, sabitliyə ehtiyacı var. Bunun üçün isə danışıqların aparılması, irəli sürülən əsas şərtlərin qəbul edilməsi lazımdır”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
104
musavat.com

1Источники