RU

Xaçmazdakı qətlin üzə çıxardığı gerçək - “ChatGPT” deyib ki...

 

Azad İsazadə: “Yeniyetmələr üçün süni intellektdən istifadəyə tam qadağa qoymaq mümkün deyil, amma... ”

Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı yeniyetmənin məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının TikTok-da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən yeniyetmə Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

Maraqlıdır ki, yeniyetmə qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

Bu faktın özü yeniyetmələrin süni intellektdən istifadəsi ilə bağlı məhdudlaşdırıcı addımların atılmasını zəruri edir. Ötən həftə Milli Məclis sosial şəbəkələrdən istifadə ilə bağlı yaş qadağası barədə qərar qəbul edib.

Bəs yeniyetmələrin süni intellektdən istifadəsi ilə bağlı hansısa preventiv addımlar atıla bilərmi?

Azad

Azad İsazadə

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, faktiki olaraq yeniyetmələr üçün süni intellektdən istifadəyə tam qadağa qoymaq mümkün deyil: “Müasir dövrdə texnologiya həyatın bütün sahələrinə daxil olub və gənclər də gündəlik həyatlarında bu vasitələrdən istifadə edirlər. Ona görə də hesab edirəm ki, məsələni qadağalarla həll etmək real yanaşma deyil. Daha doğru yanaşma süni intellekt sistemlərinin özündə müəyyən məhdudiyyətlərin yaradılmasıdır. Yəni hansı suallara cavab verilməsinin mümkün olduğu, hansılara isə cavab verilməməli olduğu texnologiyanın özündə əvvəlcədən tənzimlənməlidir. Bu məsələni sadə bir misalla izah etmək olar. Məsələn, insan istəsə balta ilə də kiməsə zərər verə bilər. Amma bu o demək deyil ki, biz baltanı tam qadağan etməliyik. Baltanın öz istifadə qaydaları var və o, əsasən məişət və əmək fəaliyyəti üçün nəzərdə tutulub. Yəni alətin özü deyil, onun necə və hansı məqsədlə istifadə olunması əsas məsələdir. Eyni yanaşma süni intellektə də aid edilməlidir. Süni intellekt texnologiyası özü təhlükəli deyil, təhlükə onun yanlış məqsədlərlə istifadə edilməsindən yarana bilər.

Bu baxımdan süni intellektdən istifadə qaydaları və etik çərçivələr müəyyən edilməlidir. Yeniyetmələr bu texnologiyadan təhsil məqsədləri üçün, məsələn, imtahanlara hazırlaşarkən, müxtəlif mövzular üzrə araşdırma apararkən, məlumat əldə edərkən və ya layihələr üzərində işləyərkən istifadə edə bilərlər. Belə hallarda süni intellekt onların biliklərini artıran və inkişafına kömək edən faydalı vasitəyə çevrilir. Yəni düzgün istiqamətdə istifadə edildikdə bu texnologiyanın müsbət tərəfləri kifayət qədər çoxdur".

Psixoloq vurğulayıb ki, əsas məsələ süni intellekti qadağan etmək deyil, onun daxilində müəyyən təhlükəsizlik mexanizmlərinin qurulmasıdır: “Elə suallar və mövzular var ki, süni intellekt onlara cavab verməməlidir. Xüsusilə zorakılıq, cinayət və ya digər təhlükəli davranışları təşviq edə biləcək suallar avtomatik şəkildə məhdudlaşdırılmalıdır. Belə yanaşma həm texnologiyanın faydalarından istifadə etməyə imkan verər, həm də onun potensial risklərini azaldar”.

Azad İsazadənin fikrincə, yeniyetmələr arasında valideynlərə qarşı aqressiv davranışların və hətta bəzi hallarda ağır cinayətlərin baş verməsi təkcə texnologiya ilə bağlı məsələ deyil. Bu problemin arxasında bir neçə müxtəlif amil dayanır: “Bu amillərdən biri də müasir dövrdə informasiya axınının həddindən artıq çox olmasıdır. İnsanlar, xüsusilə də yeniyetmələr gün ərzində saysız-hesabsız məlumatlarla qarşılaşırlar. Sosial şəbəkələr, televiziya və digər media vasitələri vasitəsilə müxtəlif hadisələr, müharibələr, zorakılıq və digər neqativ xəbərlər davamlı şəkildə yayılır.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, yeniyetmələr arasında aqressiya fenomeni yeni deyil. Bu, tarixən də mövcud olub və müəyyən yaş xüsusiyyətləri ilə bağlıdır. Yeniyetməlik dövründə empatiya hissi hələ tam formalaşmır. Bu yaş mərhələsində gənclər dünyanı daha çox “ağ” və “qara” kimi qavrayırlar. Yəni onlar üçün hadisələr çox vaxt ya tam yaxşı, ya da tam pis kimi görünür. Əgər onlar kimisə mənfi obraz kimi qəbul edirlərsə, həmin şəxs onların gözündə düşmənə çevrilə bilər və nəticədə həddindən artıq aqressiv və qəddar davranışlar ortaya çıxa bilər. Bu xüsusiyyətlər yeniyetmə psixologiyası üçün xarakterik sayılır və bir çox hallarda müşahidə olunur. Məhz buna görə də hüquq-mühafizə orqanları və digər dövlət strukturları yeniyetmələrlə işləyərkən daha həssas və ehtiyatlı yanaşma nümayiş etdirirlər. Məsələn, uşaq koloniyalarında və yeniyetmələrlə bağlı istintaq proseslərində çalışan əməkdaşlar bu yaş qrupunun psixoloji xüsusiyyətlərini nəzərə alırlar. Çünki yeniyetmənin davranışı və reaksiyası çox vaxt gözlənilməz ola bilər. Onların emosional reaksiyaları daha kəskin və impulsiv olur və bu da bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər".

Mahmud Hacıyev

Keçmiş polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev isə qeyd edib ki, son dövrlərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı ilə yanaşı, bu texnologiyalardan sui-istifadə halları da artmağa başlayıb: “Artıq süni intellekt vasitəsilə törədilən müxtəlif cinayət faktlarına şahidlik edirik. Bu hadisələr göstərir ki, texnologiyanın imkanları genişləndikcə ondan qeyri-qanuni məqsədlərlə istifadə edən şəxslərin sayı da artmağa başlayır və bu məsələ cəmiyyət üçün yeni risklər yaradır. Məsələn, cəmi bir neçə gün əvvəl baş vermiş hadisələrdən biri cəmiyyətdə böyük rezonans doğurdu. Bir şəxs hüquq fakültəsində təhsil alan tələbə qızların sosial şəbəkələrdə yerləşdirilmiş şəkillərindən istifadə edərək süni intellekt vasitəsilə təhqiramiz və alçaldıcı foto və videolar hazırlamışdı. Daha sonra həmin materialları müxtəlif platformalarda yaymışdı. Bu kimi faktlar bir daha sübut edir ki, süni intellekt vasitəsilə törədilən cinayətlərə qarşı hüquqi mexanizmlər daha da gücləndirilməlidir. Əlbəttə, texnologiyanın özü qadağan edilə bilməz və edilməməlidir də. Çünki süni intellekt elm, təhsil, tibb, iqtisadiyyat və digər sahələrdə böyük imkanlar yaradır. Lakin bununla yanaşı, ondan sui-istifadə hallarının qarşısını almaq üçün müəyyən hüquqi məhdudiyyətlər və məsuliyyət mexanizmləri formalaşdırılmalıdır.

Əslində texnologiyanın inkişafının ilk mərhələlərində, hələ illər əvvəl qeyd etmişdim ki, süni intellekt texnologiyalarının sürətlə yayılması həm də yeni tip cinayətlərin ortaya çıxmasına da səbəb olacaq. Çünki texnologiya inkişaf etdikcə cinayətkarlar da yeni üsullardan istifadə etməyə başlayırlar. Bu baxımdan onun imkanları genişləndikcə, hüquq sistemi də buna uyğun şəkildə yenilənməlidir. Əgər bu proses vaxtında aparılmasa, texnologiyanın verdiyi imkanlar bəzi hallarda cinayət alətinə çevrilə bilər. Məhz buna görə də hüquq-mühafizə orqanlarının bu sahəyə xüsusi diqqət yetirməsi vacibdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Избранный
82
musavat.com

1Источники