Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Mövsümə serbiyalı mütəxəssis Saşa İliçin rəhbərliyi altında inamla başlayan "Sumqayıt" hazırda 32 xalla Misli Premyer Liqasının (MPL) turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub. Əlbəttə, hələ yayda futbol ictimaiyyətinin istənilən obyektiv nümayəndəsi məhdud büdcə ilə fəaliyyət göstərən "kimyaçılar"ın mart ayında ən yaxşı halda, turnir cədvəlinin ortalarında mövqe tutacağını və ya çempionata rəng qatacağını ehtimal edərdi. Yəni "Qarabağ"ın, "Sabah"ın, "Turan Tovuz"un, "Neftçi"nin, "Zirə"nin, "Araz-Naxçıvan"ın mübarizə apardığı ölkə birinciliyində "gənclik şəhəri" təmsilçisinin fırtına qoparacağını, mütləq avrokuboklara vəsiqə qazanacağını yalnız ən romantik fanatlar proqnozlaşdırardı. Başqa sözlə, büdcə faktoru fonunda mövcud mənzərə tam məntiqəuyğundur.
İliç zəif məşqçiyə oxşamır
Hələ futbol oynadığı dönəmdə azərbaycanlı azarkeşlərin "Qalatasaray"dan tanıdığı İliç "Sumqayıt"da yetərincə uğurlu fəaliyyətlə diqqət çəkir. İlk 3 tura 7 xal toplayan, hətta 2-ci turda ölkənin ən güclüsü "Qarabağ"ın UEFA Çempionlar Liqasında enerji xərcləməsindən faydalanaraq bu rəqib üzərində qələbə qazanan "kimyaçılar"ı son nəticələrə görə qınamaq absurddur. Əlbəttə, futbolda bəxt amili də şərtdir. Zədələrdən, cəzlardan heç bir komanda formalaşmayıb. Son turlardakı nəticələri saf-çürük etsək, ciddi itkilər üzərində dayanmalı, ehtiyat qüvvənin kasad olduğunu qabartmalıyıq. 19-23-cü turlarda keçirilən 5 matçda əldə edilən 2 xala başqa izah vermək çətindir. 22-ci tur çərçivəsində Yevlaxda baş tutan qarşılaşmanı - "Kəpəz"dən alınan 0:3 hesablı yenilgini belə, əldə bayraq etmək mübahisəli məsələdir. Həmin görüşdə Nikola Ninkoviçin qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması yekun nəticəni müəyyənləşdirən əsas məqam qismində dəyərləndirilməlidir. İliçin rəhbərlik etdiyi kollektivin son turda autsayder "Karvan Yevlax"la 1:1 hesablı bərabərliyə razılaşmasına gəlincə, 4 ciddi itki ilə autsayderə səfərdə xal vermək başadüşüləndir. Aleksandr Ramalinqomun 3 oyunluq cəzalandırılmasının "Sumqayıt"ın çıxışına bu dərəcədə təsir etməsi anlaşılan reallıqdırsa, Roi Kehartın ağır zədədən sonra əməliyyat olunması da unudulmamalıdır. Gerçəklik budur ki, heyətin kasadlığı İliçin daha artığını etməsinə, nəyə qadir olduğunu tam şəkildə ortaya qoymasına problem yaradır. Şübhəsiz, klub prezidenti Riad Rəfiyev də nəyin necə olduğunun fərqindədir və özü də başa düşür ki, yüksək hədəflər uğrunda mübarizə aparmaq üçün daha çox pula və oyunçuya ehtiyac var.
Klub strategiyasını dəyişib?
"Karvan-Yevlax"la səfər oyununun (1:1) ardından sözügedən mütəxəssisin strategiya barədə dedikləri də diqqətdən yayına bilməz. Media mənsubları önündə yerlilərə şans verməsini rəhbərliyin istəyi və klubun mövqeyi olduğunu dilə gətirən İliçin sözlərinə rəsmi münasibət öyrənməyi uyğun saydıq. Klubun açıqlaması ilə tanış olun:
"Sumqayıt" Futbol Klubunun strategiyası həmişə Azərbaycan futbolunun inkişafı üçün yerli oyunçulara, akademiyamızın yetirmələrinə şans vermək, həmçinin bu futbolçularla birlikdə legionerlərin də harmoniyasını yaradaraq mümkün qədər yaxşı nəticələr qazanmaq, ölkəmizi beynəlxalq arenada təmsil etməkdir.
Bu səbəbdən gənc yerli və ya əcnəbi oyunçuların oynadılması hansısa xüsusi strategiya dəyişikliyi yox, konyekturanın və komandanın hazırkı durumunun (zədəli, cəzalı oyunçular, həmçinin bəzi futbolçuların idman formasında olmamaları) gətirdiyi zərurətdir".
İliçdən yaxşışı çoxdur, amma...
Əlbəttə, İliçdən daha təcrübəli, ciddi nəticələrə imza atmış mütəxəssislər çoxdur. Lakin maliyyə şərtləri belə əcnəbilərdən birinə dəvət göndərməyə imkan vermir. Serbin "Sumqayıt"ın "sükanı arxası"na gətirlməsi yetərincə maraqlı və uğurlu təyinatdır. Gerisinin necə olacağına isə mayda rəhbərlik qərar verəcək. Yerlilərə gəlincə, hazırda işsiz olan mütəxəssislərdən İliçin etdiyindən daha artığını bacaracaq biri yoxdur. "Sumqayıt"ı iki dəfə yarıyolda qoyub "Neftçi"nin çağırışına səs verən Samir Abasovu rəhbərliyin geri qaytarmaq ehtimalı belə desək, sıfırın altındadır. Şübhəsiz, bu baş versə, klubdakı əsas söz sahibi qınaq obyektinə çevrilər. Futbol azarkeşlər üçün oynanılırsa, Abasovun yenidən "bənövşəyi-ağlar"ın baş məşqçi postunu tutmasını bu idman növünün yazılmamış qanunlarını qəbul edən heç bir tərəfdar da istəməz. Görünən budur ki, qarşısına avrokuboklara vəsiqə tələbi qoyulmayan əcnəbi çalışdırıcı öz işini davam etdirməli, rəhbərlik isə artıq 3 oyunluq cəza müddətini başa vuran, növbəti turda iş başında olacaq Ramalinqom kimi faydalı legionerlərin sayının artırılmasına çalışmalıdır. Əlbəttə ki, gələcək üçün. Serbiya millisinin sabiq yarımmüdafiəçisi cari "futbol ili"ndə yaxından tanış olduğu Premyer Liqada gələn mövsüm özünün qurduğu komanda ilə daha parlaq performans sərgiləyə, eyni zamanda yerlilərin üzə çıxmasına yardımçı ola bilər.
Fanat.Az
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.