RU

Qabil Hüseynli: “İran müharibəsi 10 günə bitə bilər”

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq 12-ci gündür davam edir. 

Qarşılıqlı hücumlar davam etdiyi bir vaxtda İranın yeni ali dini lideri Müctəba Xameneyinin də hücuma məruz qaldığı bildirilir.

Belə olan halda sual yaranır: İrana qarşı müharibə nə vaxt bitəcək?

“Cebheinfo.az”-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Donald Tramp ziddiyyətli açıqlamalar verir:

“Tramp İranla bağlı hər çıxışında fərqli fikirlər söyləyir. O, müharibənin gələn həftənin sonunadək başa çata biləcəyini bildirir, bir müddətdən sonra isə hərbi əməliyyatların davam etdiriləcəyini deyir. Məsələn, bu gecə ABŞ qoşunları İsrail ordusu ilə birlikdə hücuma keçərək İranın mühüm iqtisadi rayonlarına hava zərbələri edirdi. Hazırda ABŞ və İsrailin İrana qarşı başladığı müharibə davam edir və hər gün də İranın hərbi potensialının zəiflədiyi müşahidə olunur”.

Politoloq qeyd edib ki, hazırkı vəziyyət müharibənin 10 gün ərzində başa çatacağı ehtimalını artırır:

“Hesab edirəm ki, gələn həftənin sonu və ya növbəti həftənin əvvəlinə qədər müharibənin başa çatması ehtimalı kifayət qədər yüksəkdir. Çünki İranın hərbi imkanları artıq tükənib və döyüşü davam etdirmək üçün ciddi potensialı qalmayıb.

Digər tərəfdən isə İsrail və ABŞ ardıcıl şəkildə regionda hərbi varlığını artırır. İran nefti və qaz Trampın gözünü elə qamaşdırıb ki, Amerikanı da satıb müharibə xərclərinə yönəldə bilər. Bir sözlə, İran məğlub ölkədir. Trampın açıqlamalarından da görünür ki, o, İranın kapitulyasiya etməsini və təslim olmasını tələb edir.

Hələlik belə bir şey yoxdur. Eyni zamanda, İranın raket potensialı da tamamilə sıradan çıxarılıbdır, yəni döyüşə biləcək elə bir arsenalı yoxdur. Mövcud vəziyyəti nəzərə alaraq mən müharibənin 10 günə bitəcəyini proqnozlaşdırıram”.

Избранный
30
cebheinfo.az

1Источники