"Vərəm tam sağalan xəstəlikdir. Əgər düzgün müayinə olunsanız, vaxtında həkimə getsəniz və həkim seçiminə diqqət yetirsəniz, nəticə müsbət olur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova dedi.
Həkim qeyd etdi ki, vərəmlə məşğul olan xüsusi həkimlər var:
"Onlar bütün yeni protokolları bilirlər, müayinə və müalicə üsullarını yaxşı mənimsəyirlər. Onlar infeksiyanı xəstəlikdən ayıra bilirlər. Düzgün diaqnoz qoyulan, düzgün müalicə təyin edilən və xəstə müalicə kursunu sona qədər davam etdirən halda həmin xəstə tam sağalır. Bir müddətdən sonra insan demək olar ki, unudur ki, nə vaxtsa vərəm xəstəsi olub. Hamıdan xahişim budur ki, vərəm xəstəliyinə belə yanaşsın və bu düşüncə ilə yaşasın. Vərəm xəstəliyi ilə bağlı problemləri çox vaxt insanlar öz davranışları ilə cəmiyyətə gətirir".
Nuriyyə NATİQQIZI