RU

2-ci Xamneyinin İsraillə necə davranacağı hələ bir müəmma - hamı suallar içindədir...



Məcid Cavad Araz: "Bəziləri iddia edir ki, Müctəba Xamneyi ağır yaralıdır və ya ölüb..."

İranda ali lider postu ölkənin siyasi sistemində ən mühüm və təsirli institut hesab olunur. Buna görə də bu vəzifədə baş verən dəyişiklik yalnız daxili siyasi balans üçün deyil, həm də ölkənin xarici siyasət kursu baxımından böyük əhəmiyyət daşıyır. Son hadisələr nəticəsində İranın Ekspertlər Şurasını tərəfindən yeni ali lider kimi Müctaba Xamenei seçilib və bununla da ölkədə yeni siyasi mərhələ başlayıb.

Yeni ali liderin hakimiyyətə gəlməsi İranın xarici siyasətinin gələcək istiqamətləri barədə geniş müzakirələrə səbəb olub. Uzun illər ali lider olan Əli Xamenei dövründə İranın xarici siyasəti müəyyən sabit prinsiplər üzərində qurulmuşdu. Bu siyasətin əsas xüsusiyyətləri Qərb dövlətləri ilə ehtiyatlı və bəzən gərgin münasibətlər, regionda siyasi və hərbi təsirin qorunması və alternativ beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi idi. Xüsusilə Rusiya və Çin ilə strateji əməkdaşlıq Tehranın son illərdə əsas xarici siyasət istiqamətlərindən birinə çevrilmişdi.

Müctəba Xameneyinin ali lider seçilməsi bir çox analitiklər tərəfindən daha çox siyasi xəttin davamı kimi qiymətləndirilir. O, uzun illər hakimiyyətin daxili strukturlarında təsirli fiqur hesab olunub və təhlükəsizlik qurumları, xüsusilə də SEPAH ilə yaxın əlaqələrə malikdir. Bu səbəbdən onun rəhbərliyi dövründə İranın regional müttəfiqlərlə əlaqələri davam etdirməsi, nüvə proqramı məsələsində mövcud strateji mövqeyini qoruması və Qərblə münasibətlərdə ehtiyatlı siyasəti saxlaması ehtimalı yüksək qiymətləndirilir.

Belə bir kurs davam edərsə, beynəlxalq sanksiyalar və diplomatik gərginliklər müəyyən dövrlərdə yenidən gündəmə gələ bilər. Bununla yanaşı, İran rəhbərliyi ölkədə mövcud iqtisadi çətinlikləri nəzərə alaraq bəzi taktiki addımlar da ata bilər. Məsələn, sanksiyaların təsirini azaltmaq üçün diplomatik danışıqlarda daha çevik mövqe tutmaq, regionda gərginliyi qismən azaltmaq və yeni iqtisadi tərəfdaşlıqları genişləndirmək kimi addımlar mümkün görünür.

Digər tərəfdən, bəzi ekspertlər hesab edir ki, yeni liderin hakimiyyəti dövründə təhlükəsizlik qurumlarının təsiri daha da arta bilər. Bu isə İranın xarici siyasətində daha sərt mövqelərin və regional rəqabətin davam etməsi ehtimalını gücləndirə bilər. Lakin İranın siyasi sistemi yalnız bir şəxsin qərarları ilə müəyyənləşmir. Dövlət institutları, dini elita və təhlükəsizlik strukturları strateji qərarların qəbulunda mühüm rol oynadığı üçün ölkənin xarici siyasətində köklü və ani dəyişikliklərin baş verməsi ehtimalı nisbətən aşağı qiymətləndirilir.

Bu baxımdan daha real görünən ssenari İranın mövcud strateji xəttini qoruması, lakin dəyişən regional və beynəlxalq şəraitə uyğun olaraq taktiki səviyyədə müəyyən düzəlişlər etməsidir.

İranşünas Məcid Cavad Araz məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə deyib ki, İrana hücumdan bugünə qədər Müctəba Xameneyinin ictimaiyyətə heç bir canlı açıqlaması və ya görüntüsü olmayıb:

"Ona aid xəbərlər köhnə şəkillərlə verilir. Onun hansı durumda olduğu haqda etibarlı məlumat yoxdur. Bəziləri iddia edir ki, Müctəba Xameneyi ağır yaralanıb və ya ölüb. Bu barədə ciddi mənbələrdən iddialar səsləndirilir, amma heç kimin əlində təsdiqlənmiş məlumat yoxdur. Əgər yaşayırsa və ölkəni o idarə edəcəksə, gözləntilər ondan ibarətdir ki, o, atasından da sərt siyasi xətt yürüdəcək - İranın mövqeyində heç bir dəyişiklik olmayacaq. Bu isə müharibənin sərt şəkildə davam edəcəyi qənaətini doğruldur. Rejimin devrilib-devrilməyəcəyini təxmin etmək indi çətindir, lakin İranın dövlət institutlarına hər ötən gün ciddi zərər dəyir. Ordu bir yana, artıq dinc dövlət strukturlarına da ciddi ziyan dəyib.

Eyni zamanda belə bir ehtimal da var ki, Müctəba Xameneyini uzun müddət bir sığınacaqda gizlədəcəklər, ölkənin idarəetməsini isə SEPAH həyata keçirəcək, hərdən bir də onun adından bir açıqlama veriləcək. Hər halda gözləmək gərəkir ki, görək yaxın zamanlarda Müctəba Xameneyi cəmiyyət qarşısına çıxıb nəsə deyəcəkmi."

Akif NƏSİRLİ

Избранный
25
baki-xeber.com

1Источники