RU

Ərdoğan dünyanı yeni “İstanbul masası”na çəkir: Türkiyə iki savaş bölgəsinin “açar”ını ələ keçirir

Rəsmi Ankaranın son strateji manevrləri Türkiyənin regional gücdən qlobal siyasi-diplomatik aktora çevrilmə istiqamətində inamla irəliləməkdə davam etdiyini göstərir... Çünki rəsmi Ankara bütün qətiyyətli geopolitik addımları ilə Türkiyənin Qərb və Şərq arasında əvəzolunmaz siyasi-diplomatik “körpü”yə çevrilməsinə çalışır...

Türkiyə Ukrayna müharibəsinin dayandırılması üzrə sülh danışıqları prosesi üçün həm vasitəçilik, həm də müzakirə platforması təklif edir. Yəni, əgər, rəsmi Ankaranın təklifləri qəbul olunarsa, İstanbul yenidən siyasi-diplomatik mərkəzə çevrilə bilər. Və bu baxımdan, Ukrayna müharibəsi ətrafında qəliz situasiyanın mövcud olduğu bir vaxtda siyasi-diplomatik məkanda yeni təşəbbüsün gündəmə gətirilməsi böyük önəm daşıyır.

Onu da qeyd etmək lazımdır ki, prezident Volodimir Zelenski rəsmi Ankaranın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi üçün Türkiyə ərazisini təqdim etməyə hazır olduğunu bildirib. Ukrayna lideri vurğulayıb ki, bu təşəbbüs rəsmi Kiyev tərəfindən müsbət qarşılanıb. Və belə bir görüşün Ukrayna müharibəsinin daha genişmiqyaslı xarakter almasının əngəllənməsi baxımından, böyük önəm daşıya biləcəyinə inanır.

Eyni zamanda, prezident Volodimir Zelenski açıqlamasında rəsmi Kiyevin Ukrayna müharibəsinin dayandırılması istiqamətində qətiyyətli addımlar atmağa və siyasi iradə nümayiş etdirməyə hazır olduğunu da vurğulayıb. Onun fikrincə, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə olduqca ciddi ehtiyac duyulur. Və Ukrayna ilə tərəfdaş olan ölkələrin təhlükəsizlik sahəsində rəsmi Kiyevə dəstəyin artırılmasına cəhd göstərməsi indi daha çox vacibdir.

Digər tərəfdən, Türkiyənin Ukrayna savaşının dayandırılması üçün öz siyasi-diplomatik vasitəçilik rolunu gücləndirməyə çalışdığı da müşahidə edilir. Son məlumatlara görə, bu məsələ ilə bağlı mövzular, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasındakı telefon danışığı zamanı müzakirə olunub. Türkiyə lideri rəsmi Ankaranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etməklə yanaşı, müharibənin siyasi-diplomatik yollarla həllinə töhfə verməyə hazır olduğunu da bildirib.

Təbii ki, bu iki ölkənin prezidentləri yalnız Ukrayna müharibəsini deyil, həm də regionda artan hərbi-siyasi gərginliyi, xüsusilə də, İran ətrafında formalaşan qəliz vəziyyəti də müzakirə ediblər. Prezident Volodimir Zelenski xüsusi olaraq, vurğulayıb ki, rəsmi Kiyev Yaxın Şərqdəki müharibənin daha geniş areala yayılmasının qarşısının alınmasına maraqlıdır. Bu isə onu göstərir ki, Ukrayna rəhbərliyi regiondakı potensial hərbi eskalasiya risklərini ciddi narahatlıqla müşahidə edir.

Maraqlıdır ki, Rusiya da Türkiyənin təklif etdiyi yeni müzakirə platformasına tamamilə qarşı çıxmayıb. Kremldən bildirilib ki, Ukrayna ilə bağlı mümkün danışıqlar üçün İstanbul variantı nəzərdən keçirilən platformalardan biridir və münaqişə tərəfləri ümumilikdə bu ideyaya müsbət yanaşırlar. Bu onu göstərir ki, Türkiyə diplomatiyası həm Qərb, həm də Rusiya ilə dialoq kanallarını hələ də işlək olaraq, saxlamağa nail olub. Belə ki, Türkiyə NATO-nun üzvü olsa da, Rusiya ilə siyasi, iqtisadi və enerji sahələrində əlaqələrini davam etdirməyi bacarır. Və məhz bu balanslı siyasət Türkiyə üçün vasitəçilik imkanlarını daha da genişləndirir.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin belə bir üçtərəfli görüş üçün uyğun platforma hesab olunmasının bir neçə önəmli səbəbi var. Birincisi, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə birbaşa dialoq kanallarına malik olan çox azsaylı dövlətlərdən biridir. Digər tərəfdən, Türkiyə artıq Ukrayna müharibəsi ilə bağlı siyasi-diplomatik proseslərdə mühüm rol oynamağa imkan tapıb. Belə ki, 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları və Qara dəniz taxıl sazişinin əldə olunması Türkiyə diplomatiyasının effektivliyini göstərmişdi. Nəhayət, Rəsmi Ankara Qara dəniz hövzəsinin əsas geopolitik aktorlarından biridir. Və ona görə də, savaşın genişlənməsi birbaşa Türkiyənin milli təhlükəsizlik maraqlarına neqativ təsir göstərir.

Maraqlıdır ki, Türkiyənin vasitəçilik missiyasını öz üzərinə götürmək cəhdləri Qara dəniz hövzəsinin təhlükəsizlik sisteminin gücləndirilməsi və Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarında yeni siyasi-diplomatik mərhələnin başladılması baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki İstanbulun Ukrayna, Rusiya və ABŞ arasında danışıqların yeni platformasına çevrilmə ehtimalı Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə birbaşa təsir göstərə bilər. Və bu, həm də Qara dəniz regionunda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturası baxımından, həlledici faktorlardan biri hesab edilir.

Məsələ ondadır ki, rəsmi Ankara son illərdə Qara dəniz hövzəsində balanslı siyasi kursa üstünlük verməklə, həm NATO, həm də region ölkələri ilə siyasi-diplomatik koordinasiyanı mümkün qədər gücləndirməyə çalışır. Ona görə də, rəsmi Kiyev də Türkiyənin Qara dəniz təhlükəsizlik sisteminin yenidən qurulması prosesində avanqard dövlət rolunu oynamasını vacib hesab edir. Bu isə Qara dənizdə yeni beynəlxalq təhlükəsizlik mexanizmlərinin formalaşmasının qaçılmaz ola biləcəyini də sezdirmiş olur.

Belə anlaşılır ki, əgər, İstanbilda üçtərəfli görüş baş tutarsa, bu, yalnız Ukrayna müharibəsi ilə bağlı siyasi-diplomatik prosesin davamlılığını təmin etməklə qalmayacaq. Çünki bu halda, həm də Türkiyənin qlobal siyasət məkanında rolunun artmasının daha ciddi göstəricisi ortaya çıxmış olacaq. Bu baxımdan, rəsmi Ankaranın son illərdə Ukrayna müharibəsi, Yaxın Şərqdəki hərbi böhranlar və regional təhlükəsizlik məsələlərində aktiv vasitəçi kimi çıxış etməsi qətiyyən təsadüfi deyil. Və rəsmi Ankara bütün bu manevrlərlə Türkiyənin Qərb və Şərq arasında mühüm siyasi-diplomatik körpüyə çevrilməsinə çalışır.

Göründüyü kimi, İstanbulun Ukrayna böhranının nizamlanması prosesində yenidən əsas müzakirə platforması statusu qazanma ehtimalı kifayət qədər yüksəkdir. Üstəlik, rəsmi Ankaranın bu yöndə son manevrləri Türkiyənin regional gücdən qlobal siyasi-diplomatik aktora çevrilmə istiqamətində inamla irəliləməkdə davam etdiyini göstərir. Və bu isə yaxın gələcəkdə Ukrayna müharibəsinin siyasi-diplomatik həlli istiqamətində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı qənaətləri gücləndirir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Избранный
59
musavat.com

1Источники